Kontentə keç

Mündəricatı göstər

Lefevr d’Etapl. O istəyirdi ki, adi insanlar da Allahın Kəlamını oxusun

Lefevr d’Etapl. O istəyirdi ki, adi insanlar da Allahın Kəlamını oxusun

1520-Cİ İLİN əvvəlləridir. Paris yaxınlığında yerləşən kiçik Mo şəhərinin sakinləri kilsədə eşitdiklərinə inana bilmirlər. Onlar Müqəddəs Kitabın latın dilində yox, öz ana dillərində — fransız dilində oxunduğunu eşidirlər!

Müqəddəs Kitabı fransız dilinə Jak Lefevr d’Etapl (latınca Yakob Faber Stapülenses) tərcümə etmişdi. O, öz yaxın dostuna yazmışdı: «Təsəvvür edə bilməzsən, Allah bəzi ərazilərdəki sadə [xalqın] Onun Kəlamını başa düşməyə necə kömək edir».

Həmin vaxt Parisdə olan katolik kilsəsi və ilahiyyatçılar Müqəddəs Kitabın insanların ana dilinə tərcümə olunmasının əleyhinə idilər. Bəs Müqəddəs Kitabı fransız dilinə tərcümə etməyə Lefevri nə vadar etmişdi? O, sadə xalqın Allahın Kəlamını başa düşməsinə necə kömək edə bildi?

O, MÜQƏDDƏS KİTABIN ƏSL MƏNASINI AXTARIRDI

Müqəddəs Kitab tərcüməçisi olmazdan öncə Lefevr həyatını bütünlüklə fəlsəfə və ilahiyyatla bağlı klassik əsərlərin əslini bərpa etməyə həsr etmişdi. O qeyd etmişdi ki, əsrlər boyu edilən tərcümələr və səhvlər ucbatından qədim əlyazmalar əksər hallarda təhrif olunur. Qədim əlyazmaların düzgün mənasını tapmaq üçün o, katolik kilsəsinin əsas tutduğu Müqəddəs Kitabı — Latın Vulqatasını dərindən araşdırmağa başladı.

Müqəddəs Kitabı dərindən araşdırması nəticəsində Lefevr belə qənaətə gəldi ki, «ilahi həqiqəti araşdırmaq... əsl xoşbəxtlik gətirir». Buna görə də o, fəlsəfəni araşdırmağı dayandırıb bütün gücünü Müqəddəs Kitabın tərcüməsinə həsr elədi.

1509-cu ildə Lefevr, Vulqataya etdiyi şəxsi qeydləri də daxil olmaqla, Zəbur kitabının latın dilində olan beş fərqli tərcüməsinin müqayisəsini göstərən nəşr dərc etdi *. Öz dövründəki ilahiyyatçılardan fərqli olaraq, Lefevr Müqəddəs Kitab ayələrini təbii və sadə dilə tərcümə etməyə çalışırdı. Onun Müqəddəs Kitabı bu cür araşdırması həmin dövrün Müqəddəs Kitab alimlərinə və dini islahatçılara güclü təsir bağışlamışdı. (« Lefevrin Martin Lüterə təsiri» adlı çərçivəyə baxın.)

«Beşhissəli Zəbur» kitabında rast gəlinən Allaha aid sifətlərin siyahısı, 1513-cü il nəşri

Katolik olduğu üçün Lefevr əmin idi ki, Müqəddəs Kitab sadə xalqa düzgün şəkildə öyrədildiyi təqdirdə kilsədə reformasiya ola bilər. Bəs sadə xalq Müqəddəs Kitabı necə başa düşə bilərdi? Axı o dövrdə əlyazmaların demək olar ki, hamısı latın dilində idi.

MÜQƏDDƏS KİTAB BÜTÜN İNSANLAR ÜÇÜN ƏLÇATAN OLUR

İncilin ön sözündə yazılanlar təsdiq edir ki, Lefevr hər bir insanın Müqəddəs Kitabı öz ana dilində oxumasını arzu edirdi

Lefevrin Allahın Kəlamına olan sevgisi onu təşviq etdi ki, bu kitabı əhalinin çoxu üçün əlçatan etsin. Bu məqsədə çatmaq üçün o, 1523-cü ilin iyun ayında fransız dilində İncilin dörd Müjdəsini iki cilddə dərc etdi. Bu kitablar kiçik ölçüdə idilər, buna görə də qiymətləri adi ölçülü kitablardan iki dəfə ucuz idi. Bu isə o demək idi ki, imkanlı olmayanlar da Müqəddəs Kitabı ala bilərdilər.

Xalq bu işi alqışladı. Kişili qadınlı, hamı İsa Məsihin dediklərini öz ana dilində oxumağa o qədər həvəsli idi ki, 1200 nüsxənin hamısı bir neçə ayın içində satıldı.

O, MÜQƏDDƏS KİTABI CƏSARƏTLƏ MÜDAFİƏ EDİR

Lefevrin İncilin ön sözündə yazdığı sözlərə əsasən, onun Müqəddəs Kitabı fransız dilinə tərcümə etməkdə məqsədi o idi ki, «latın dilində Müqəddəs Kitaba sahib olan insanlarla yanaşı, kilsənin sadə üzvləri də ilahi həqiqətlərdən agah olsunlar». Bəs nə üçün Lefevr istəyirdi ki, sadə xalq Müqəddəs Kitabda əslində nə yazıldığını bilsin?

Lefevr bilirdi ki, insan təlimləri və fəlsəfə katolik kilsəsini korlayıb (Mark 7:7; Koloslulara 2:8). Onun fikrincə, İncilin «olduğu kimi bütün dünyada bəyan olunmasının və camaatı azdıran insan təlimlərinə son qoymağın vaxtı çatıb».

Lefevr həmçinin Müqəddəs Kitabın fransız dilinə tərcümə olunmasına qarşı çıxanların əsassız dəlillərini ifşa etmək üçün əlindən gələni edirdi. Onları ikiüzlülükdə ittiham edərək deyirdi: «Sadə xalqın İncili öz ana dilində oxumasını istəməyənlər onlara İsa Məsihin əmrlərinə əməl etməyi necə öyrədə bilərlər?» (Romalılara 10:14).

Aydındır ki, Sorbonanın — Paris Universitetinin ilahiyyatçıları tezliklə Lefevri susdurmağa cəhd göstərəcəkdi. 1523-cü ilin avqust ayında onlar Müqəddəs Kitabın tərcümələrini və şərhlərini «kilsə üçün zərərli» hesab edərək etirazlarını bildirdilər. Fransa kralı I Fransiskin müdaxiləsi olmasaydı, Lefevrə kafir damğası vurulacaqdı.

SUSMAĞI SEÇƏN TƏRCÜMƏÇİ İŞİNİ YEKUNLAŞDIRIR

Lefevr yol vermədi ki, Müqəddəs Kitabın tərcüməsi ilə bağlı yaranan söz-söhbət onu işindən yayındırsın. 1524-cü ildə İncilin (Əhdi-Cədid) tərcüməsini tamamladıqdan sonra fransız dilində Zəbur kitabını nəşr etdi. Bunun sayəsində imanlı insanlar Allaha «daha imanla və daha səmimi hisslərlə» dua edə biləcəkdilər.

Sorbonadakı ilahiyyatçılar vaxt itirmədən Lefevrin nəşrlərini ciddi şəkildə yoxlamağa başladılar. Onlar əmr verdilər ki, onun tərcümə etdiyi İncil camaatın gözü qarşısında yandırılsın. Digər nəşrlərinin isə «Lüterin kafirliyini dəstəklədiyini» iddia etdilər. İlahiyyatçılar Lefevri özünü müdafiə etməyə çağırdılar, ancaq o susmağa üstünlük verdi və Strasburqa qaçdı. Orada o, ehtiyatlı şəkildə Müqəddəs Kitabı tərcümə etməyə davam etdi. Bəziləri Lefevrin bu hərəkətinin qorxaqlıq olduğunu desə də, o əmin idi ki, bu cür davranışı Allahın Kəlamındakı dəyərli mirvariləri qiymətləndirməyən insanlara ən gözəl cavabdır (Mətta 7:6).

Qaçmasından təxminən bir il sonra Kral I Fransisk Lefevri dördyaşlı oğlu Çarliyə tərbiyəçi təyin etdi. Bunun sayəsində Lefevrin Müqəddəs Kitabın tərcüməsini tamamlaması üçün kifayət qədər vaxtı oldu. O, 1530-cu ildə İmperator V Karlın icazəsi ilə Fransadan kənarda, Antverpendə Müqəddəs Kitabın tam tərcüməsini dərc etdi *.

NAKAM ARZU

Lefevr son nəfəsinədək ümid edirdi ki, kilsə insan adət-ənənələrindən əl çəkib Müqəddəs Kitabdakı saf elmə qayıdacaq. O hesab edirdi ki, «hər bir məsihi Müqəddəs Kitabı şəxsən mütaliə etməlidir, hətta bu, onun borcudur». Məhz bu səbəbdən o, əlindən gələni edirdi ki, Müqəddəs Kitab hər bir insan üçün əlçatan olsun. Kilsə reformasiyasını görmək arzusu Lefevrin ürəyində qalsa da, o, bir şeyə nail oldu — sadə xalqa Allahın Kəlamını nəsib etdi.

^ abz. 8 «Beşhissəli Zəbur» nəşrində beş sütunda Zəbur kitabının beş cür tərcüməsi göstərilmişdi. Orada Allahın bütün sifətlərinin siyahısı və dörd ibrani hərfindən ibarət olan adı var idi.

^ abz. 21 Beş ildən sonra, 1535-ci ildə fransız tərcüməçisi Olivetan orijinal dillər əsasında tərcümə etdiyi Müqəddəs Kitabı nəşr etdi. İncili tərcümə edəndə o, əsas etibarilə, Lefevrin əlyazmalarından istifadə etmişdi.