Kontentə keç

Mündəricatı göstər

Həqiqət axtarışında

Həqiqət axtarışında

Həqiqəti bilmək ölüm-dirim məsələsi ola bilər. Məsələn, götürək bu sualın cavabını: «İnfeksion xəstəliklər necə yayılır?»

Min illər ərzində heç kəs bu sualın cavabını bilməyib. Bu səbəbdən xəstəliklər milyonlarla insanın həyatına son qoyub. Nəhayətdə, alimlər həqiqəti aşkara çıxarmağa müvəffəq olublar. Onlar aşkar ediblər ki, xəstəliklərə, əksərən, mikroblar, yəni bakteriya və virus kimi mikroorqanizmlər səbəb olur. Təkcə bu həqiqəti bilmək bir çox xəstəliklərin qarşısını almağa və onları müalicə etməyə kömək edir. Bunun da sayəsində, milyardlarla insan daha uzun və daha sağlam ömür sürür.

Bəs başqa vacib suallar barədə nə demək olar? Sizcə, növbəti sualların düzgün cavabını bilmək həyatınıza necə təsir edə bilər?

  • Allahı yaxından tanıyırıq?

  • İsa Məsih haqqında nə bilirik?

  • Allahın Padşahlığı nədir?

  • Bizi gələcəkdə nə gözləyir?

Milyonlarla insan bu sualların cavabını tapıb və indi daha xoşbəxt həyat sürürlər. Bu sualların cavabını bilmək sizin də həyatınızı mənalı edə bilər.

HƏQİQƏTİ TAPMAQ MÜMKÜNDÜR?

Bəlkə də, inanmırsınız ki, bu zəmanədə nəyinsə haqqında həqiqəti bilmək mümkündür. Axı çox şey barədə həqiqəti öyrənmək get-gedə çətinləşir. Niyə?

Çoxları hökumətin, biznes aləminin, kütləvi informasiya vasitələrinin həqiqəti söylədiyinə inanmır. İnsanlar ayırd edə bilmirlər, onlara təqdim olunan məlumat həqiqətdir, yoxsa kiminsə subyektiv fikridir, yarı gerçək, yarı həqiqətdir, yoxsa tamamilə ağ yalandır. Etibarsızlıq və yalanın hökm sürdüyü belə bir mühitdə insanlar nəinki faktların şərhində, hətta ümumiyyətlə nəyin fakt olduğunda yekdil fikrə gələ bilmirlər.

Bütün bunlara baxmayaraq, həyatın ən vacib suallarına düzgün cavab tapmaq mümkündür. Necə? Başqa suallarımıza cavab tapmaq üçün tətbiq etdiyimiz üsullardan istifadə etməklə.

SİZİN AXTARIŞLARINIZ

Müəyyən mənada siz hər gün həqiqət axtarışındasınız. Məsələn, Cesika adlı bir qadın deyir: «Mənim qızımın yerfındığına allergiyası o qədər şiddətlidir ki, hətta yerfındığının tərkibindəki zülalın cüzi miqdarı belə, onun üçün ölümcül ola bilər». Cesika qızına görə aldığı ərzaqları həmişə yoxlayır. O deyir: «Mən əvvəlcə məhsulun tərkibini diqqətlə oxuyuram. Sonra bir az da əlavə məlumat toplayıram, hətta fabrikdə məhsula təsadüfən yerfındığı zülalının qatılıb-qatılmadığını öyrənmək üçün istehsalçı şirkətlə əlaqə saxlayıram. Həmçinin istehsalçı şirkətin məhsulun hazırlanmasında təhlükəsizlik qaydalarına nə dərəcədə riayət etdiyini digər mötəbər mənbələrdən də öyrənirəm».

Bəlkə də, sizi hər gün narahat edən məsələlər Cesikanı narahat edən məsələ kimi, ölüm-dirim məsələsi deyil. Amma siz də Cesika kimi, suallarınıza cavab tapmaq üçün növbəti addımları ata bilərsiniz.

  • Faktlarla tanış olun.

  • Əlavə məlumat toplayın.

  • Mənbənin mötəbərliyini yoxlayın.

Bu addımlar sizə həyatın vacib suallarına düzgün cavab tapmağa kömək edəcək. Görək necə.

HƏQİQƏT KƏLAMI

Cesika qızı üçün ərzaq alarkən necə axtarış aparırsa, Müqəddəs Kitabdakı həqiqəti axtararkən də eyni cür davrandı. O deyir: «Oxumaq, dərin araşdırma aparmaq mənə Müqəddəs Kitabdakı həqiqəti tapmağa kömək etdi». Cesika kimi, milyonlarla insan Müqəddəs Kitabın növbəti suallara necə cavab verdiyini öyrənib:

  • Həyatın mənası nədədir?

  • Ölümdən sonra həyat varmı?

  • Əzab-əziyyətin səbəbi nədir?

  • Allah əzablara son qoymaq üçün nə edəcək?

  • Ailəmizin xoşbəxtliyi üçün nə edə bilərik?

Müqəddəs Kitabı oxuyaraq və www.ps8318.com saytında axtarış apararaq bu və digər sualların düzgün cavabını tapa bilərsiniz.