Kontentə keç

Mündəricatı göstər

Qlobal psixoloji sağlamlıq böhranı

Qlobal psixoloji sağlamlıq böhranı

«Həmişə, adicə evdə oturanda belə, az da olsa, narahatlıq keçirirəm».

«Əhvalım çox yaxşı olanda narahat olmağa başlayıram. Dəfələrlə olub ki, özümü həddən artıq xoşbəxt hiss eləmişəm, amma çox keçməmiş kefim pozulub».

«Çalışıram diqqətimi gün ərzində baş verənlərə cəmləyim. Amma hərdən elə olur ki, sabahkı günü də özümə dərd edirəm».

Bu fikirləri psixoloji problemləri olan insanlar bölüşüb. Bəs siz və ya yaxınlarınız bu cür narahatlıqlar keçirirsiniz?

Elə isə siz tək deyilsiniz. Bu gün əksər insanların ya özləri, ya da doğmaları psixoloji problemlərdən əziyyət çəkir.

Biz «son dərəcə çətin bir vaxt»da yaşadığımız üçün narahatlığa səbəb olan bir çox vəziyyətlərlə qarşılaşırıq (2 Timutiyə 3:1). Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasına əsasən, dünyada təxminən hər səkkiz nəfərdən birində psixoloji problemə rast gəlinir. Bundan əlavə, ÜST-ün məlumatına görə COVID-19 pandemiyası ucbatından 2020-ci ildə narahatlıq və ciddi depressiv pozuntu keçirənlərin sayı artaraq təxminən 78 milyona çatıb.

Düzdür, bu statistikanı bilmək vacibdir. Amma ən vacibi odur ki, sizin və doğmalarınızın psixoloji sağlamlığı nə yerdədir.

Psixoloji sağlamlıq nədir?

Psixi (mental) cəhətdən sağlam insanın əhval-ruhiyyəsi və həyat fəaliyyəti yaxşı olur, stresin öhdəsindən gələ bilir, işdə məhsuldar olur, eləcə də həyatdan məmnunluq duyur.

Psixi pozuntu...

  • NƏ DEYİL? İnsanın hansısa yanlış hərəkətinin, yaxud zəifliyinin nəticəsi deyil.

  • NƏDİR? İnsanın düşüncəsində, əhval-ruhiyyəsində və davranışında pozuntulara, eləcə də dərin məyusluğa səbəb olan tibbi vəziyyətdir.

  • Psixi pozuntusu olan insana başqaları ilə münasibət qurmaq və gündəlik problemləri həll etmək çətin olur.

  • Yaşından, mədəniyyətindən, irqindən, mənşəyindən, dinindən, təhsilindən və ya maddi vəziyyətindən asılı olmayaraq, hamıda rast gəlinə bilər.

Psixoloji yardım alın

Özünüzdə, yaxud doğmalarınızdan kimdəsə nəzərəçarpacaq dərəcədə dəyişikliklər, yuxu və ya qida qəbulu pozuntusu, uzun sürən məyusluq, iztirab və narahatlıq kimi halları müşahidə etmisinizsə, bunun səbəbini müəyyən etmək və müalicə olunmaq üçün mütəxəssis köməyi lazım gələ bilər. Bəs bizdən nə gözlənilir?

İsa Məsih — dünyada yaşamış ən hikmətli insan demişdi: «Həkimə sağlam adamlar yox, xəstələr möhtacdır» (Mətta 9:12). Səhhətində bu sahədə problemi olan insanlar müvafiq tibbi müalicənin və dərmanların köməyi ilə simptomları minimuma endirə bilmiş və həyat fəaliyyətlərini bərpa edərək həyatdan məmnunluq duymuşlar. Simptomları ciddi və uzunmüddətli olan kəslər, yaxşı olar ki, yubanmadan müalicə alsınlar a.

Müqəddəs Kitab tibbi kitab deyil, bununla belə, orada yazılanlar psixi sağlamlığımız üçün faydalı ola bilər. Sizə növbəti məqalələri də oxumağı tövsiyə edirik. Həmin məqalələrdən görəcəksiniz ki, Müqəddəs Kitab psixoloji problemlərin öhdəsindən gəlməyə necə kömək edir.

a «Gözətçi qülləsi» jurnalı konkret hansısa müalicəni tövsiyə etmir. Bu məsələ ilə bağlı hər kəs özü düşünüb qərar verməlidir.