Kontentə keç

Mündəricatı göstər

XOŞBƏXTLİK YOLU

Sağlamlıq və dözüm

Sağlamlıq və dözüm

XRONİKİ XƏSTƏLİK VƏ ƏLİLLİK İNSANIN HƏYATINA BÖYÜK ZƏRBƏ VURA BİLƏR. Vaxtı ilə gümrah və sağlam olan Ulf adlı bir kişi iflic olandan sonra keçirdiyi hissləri bölüşür: «Çox sarsılmışdım. Nə gücüm, nə taqətim, nə də özümə inamım qalmışdı... Bütün həyatım məhv olmuşdu».

Ulfun hadisəsi bir daha sübut edir ki, sağlamlığımıza tam nəzarət etmək bizim əlimizdə deyil. Bununla belə, xəstəlik riskini azaltmaq üçün müəyyən tədbirlər görə bilərik. Bəs səhhətimiz artıq pisləşibsə, onda necə? Bu, o deməkdirmi ki, biz daha xoşbəxt ola bilmərik? İndi görəcəyik ki, bu, qətiyyən belə deyil. Lakin ilk öncə gəlin sağlamlığımızı qorumağa kömək edən bəzi məsləhətləri nəzərdən keçirək.

HƏR ŞEYDƏ HƏDD BİLİN (1 Timutiyə 3:2, 11). Həddindən artıq yeyib-içməyə vərdiş etmək həm sağlamlığımıza, həm də cibimizə ziyandır. «Şərab düşkünlərinə, ət hərislərinə qoşulma. Çünki əyyaş və qarınqulu yoxsulluğa düşər» (Məsəllər 23:20, 21).

CİSMİNİZİ MURDARLAMAYIN. «Gəlin cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək» (2 Korinflilərə 7:1). Siqaret çəkən, narkotik və spirtli içkidən sui-istifadə edən insanlar öz bədənlərini zəhərləyir. Məsələn, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi məlumata görə, siqaret çəkmək «xəstəliyə, əlilliyə və demək olar ki, bütün orqanlarımızın zədələnməsinə səbəb olur».

HƏYATINIZA VƏ BƏDƏNİNİZƏ DƏYƏRLİ HƏDİYYƏ KİMİ YANAŞIN. «Biz [Allahın] sayəsində yaşayırıq, hərəkət edirik və mövcuduq» (Həvarilərin işləri 17:28). Bunu dərk etmək bizi işlədiyimiz yerdə, sükan arxasında və seçdiyimiz əyləncələrdə həyatımızı təhlükəyə atmaqdan çəkindirəcək. Ani bir həzzdən ötrü ömür boyu şikəst qalmağa dəyməz!

MƏNFİ EMOSİYALARI CİLOVLAYIN. Beyin bütün orqanizmlə əlaqəlidir. Ona görə də hədsiz narahatçılıq, güclü qəzəb, paxıllıq və digər zərərli emosiyalardan uzaq durmağa çalışın. Müqəddəs Kitabda deyilir: «Qəzəbi burax, hiddətdən çəkin» (Zəbur 37:8). Orada həmçinin yazılıb: «Heç vaxt sabahkı gün üçün narahat olmayın, çünki sabahkı gün özü ilə yeni qayğılar gətirəcək» (Mətta 6:34).

NİKBİN DÜŞÜNÜN. Müqəddəs Kitabda növbəti sözlər yazılıb: «Sakit ürək canı sağlam edər» (Məsəllər 14:30). «Şad ürək cana məlhəmdir» (Məsəllər 17:22). Elm də bu sözləri təsdiq edir. Derek Koks adlı bir həkim deyir: «Xoşbəxt insanların xəstəliyə tutulma ehtimalı bədbəxt insanlarınkından qat-qat aşağıdır».

DÖZÜMLÜ OLUN. Daha öncə haqqında danışdığımız Ulf kimi bəzən çətinliyə dözməkdən başqa çarəmiz olmur. Amma dözməkdən dözməyə də fərq var. Məsələn, bəziləri hədsiz məyusluğa qapılaraq vəziyyətlərini daha da ağırlaşdırır. Məsəllər 24:10 ayəsində yazılıb: «Dar gündə ruhdan düşsən, gücün tükənər».

Digərləri isə əvvəl-əvvəl məyus olsalar da, bir müddət sonra özlərini ələ ala bilib. Onlar vəziyyətlərinə uyğunlaşıb, dözmək üçün müxtəlif üsullar tapıblar. Ulf da belə etdi. O, çoxlu dua etməyin və Müqəddəs Kitabdakı ruhlandırıcı ayələrin üzərində düşünməyin sayəsində «əngəlləri yox, imkanları görməyi» öyrəndi. Bundan əlavə, başı bəlalar çəkən bir çoxları kimi o da başqalarına qarşı daha şəfqətli və mərhəmətli olmağı öyrəndi və bu hisslər onu Müqəddəs Kitabdakı təsəlli xəbərini başqaları ilə bölüşməyə təşviq etdi.

Səhhətində ciddi problemlər olan digər bir şəxsin, Stivin nümunəsində baxaq. 15 yaşı olanda o, bədbəxt hadisə nəticəsində boyundan aşağı iflic olur. 18 yaşına çatanda qollarının hərəkətini bərpa etdirə bilir. Universitetə qəbul olandan sonra tüfeyli həyat sürüb, narkotik və spirtli içkiyə qurşanır. Stiv gələcəyə bütün ümidi itirmişdi, ta ki Müqəddəs Kitabı öyrənməyə başlayana qədər. Kəlamın sayəsində o, həyatda məna tapır və pis vərdişlərini tərgidə bilir. O deyir: «Uzun illər daxilimdə olan boşluq hissindən əsər-əlamət qalmayıb... Artıq həyatım əmin-amanlıq, xoşbəxtlik və qəlb rahatlığı ilə doludur».

Stiv və Ulfun sözləri Zəbur 19:7, 8 ayələrində yazılanları xatırladır: «Yehovanın * qanunu kamildir, cana qüvvət verir... Yehovanın buyruqları doğrudur, ürəyi sevindirir, Yehovanın əmri safdır, gözlərə nur verir».

^ abz. 13 Müqəddəs Kitaba əsasən, Allahın adı.