Kontentə keç

Mündəricatı göstər

Sükan qayığı yönləndirdiyi və bir səmtdə saxladığı kimi tərbiyə də uşağa yol göstərir.

VALİDEYNLƏR ÜÇÜN

6. Tərbiyə

6. Tərbiyə

MƏNASI

Tərbiyə sözünün mənası öyüd-nəsihət vermək və ya yol göstərməkdir. Bəzən buna uşağın səhvlərinə düzəliş etmək də daxildir. Çox vaxt isə tərbiyə dedikdə uşağa bəri başdan düzgün seçimlər etməyə kömək edən mənəvi tərbiyə nəzərdə tutulur.

ZƏRURƏTİ

Son onilliklər ərzində bəzi ailələrdə tərbiyə anlayışı, demək olar ki, yox dərəcəsindədir. Çünki valideynlər uşağa düzəliş etməklə onun özünəinam hissini azalda biləcəklərindən qorxurlar. Amma müdrik valideynlər uşaqlarına münasib qaydalar qoyur və bu qaydalara riayət etməyi öyrədir.

«Uşaqlara müəyyən məhdudiyyətlər qoyulmalıdır ki, böyüyəndə yetkin insan olsunlar. Tərbiyə almayan uşaq sükansız gəmi kimi sonda səmtini itirəcək, hətta suya batacaq» (Pamela).

TƏTBİQİ

Qətiyyətli olun. Uşağınız qoyduğunuz qayda-qanuna əməl etmirsə, onda cəzalandırın, yox əgər əməl edirsə, dərhal tərifləyin.

«İtaətsizliyin baş alıb getdiyi bu dünyada itaətkar olduqlarına görə uşaqlarımı tez-tez tərifləyirəm. Tərif sayəsində uşaqlar lazımi vaxtda verilən düzəlişi daha asanlıqla qəbul edir» (Kristin).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).

Obyektiv olun. Uşağa cəza verərkən onun yaşını, bacarığını və etdiyi səhvin nə dərəcədə ciddi olduğunu nəzərə alın. Cəza uşağın yanlış hərəkətinə uyğun olanda, adətən, daha səmərəli olur. Məsələn, o, telefondan düzgün istifadə etmirsə, bir müddətlik əlindən ala, yaxud istifadəsini məhdudlaşdıra bilərsiniz. Bununla belə, çalışın, xırda məsələləri şişirtməyəsiniz.

«Çalışıram ayırd edim, görəsən, uşağım qəsdən itaətsizlik edib, yoxsa bu səhvə bilmədən yol verib. Biri var kök salmış mənfi xüsusiyyət, bir də var səhv hərəkət. Əgər bu onun xüsusiyyətidirsə, bunu düzəltmək lazımdır. Yox əgər sadəcə səhvdirsə, onda onu başa salmaq lazımdır» (Uendel).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Uşaqlarınızı qəzəbləndirməyin, yoxsa onlar ruhdan düşərlər» (Koloslulara 3:21).

Məhəbbətli olun. Uşaqlar biləndə ki, valideynlər tərbiyəni sevgidən irəli gələrək edirlər, onda qoyulan nizam-intizama itaət etmək onlara daha asan olur.

«Oğlumuz səhv edəndə, onu əmin edirdik ki, əvvəllər verdiyi bütün doğru qərarlara görə onunla fəxr etmişik. Ona başa salırdıq ki, səhvini düzəltsə, adına zərər gəlməyəcək. Həmçinin bu sahədə ona kömək etməyə hazır olduğumuzu hiss etdirirdik» (Daniel).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Məhəbbət səbirli və xeyirxahdır» (1 Korinflilərə 13:4).