Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDAKI MÖVZU | XƏSTƏLİKDƏN QORUNMAĞIN YOLLARI

Özünüzü xəstəlikdən qoruyun

Özünüzü xəstəlikdən qoruyun

QƏDİMDƏ bəzi şəhərlər hündür divarlarla müdafiə olunurdu. Düşmən həmin divarın hətta kiçik bir hissəsini dağıtsaydı, bütün şəhər təhlükə altında qalardı. Bizim bədənimiz də müəyyən mənada istehkamlı şəhərə bənzəyir. Özümüzü nə qədər çox qorusaq, bir o qədər sağlam olacağıq. Gəlin görək səhhətimizə nələr təhlükə yarada bilər və özümüzü qorumaq üçün nə edə bilərik.

1 SU

TƏHLÜKƏ. Zərərli orqanizmlər bədənimizə çirkli su vasitəsilə daxil ola bilər.

MƏSLƏHƏT. Ən gözəl müdafiə içdiyiniz suyu çirklənmədən qorumaqdır. Əgər içdiyiniz suyun çirkli olduğunu bilirsinizsə və ya bundan şübhələnirsinizsə, onu ev şəraitində müəyyən üsullarla təmizləyə bilərsiniz *. İçməli suyu bağlı qablarda saxlamaq lazımdır. Oradan suyu təmiz çömçə ilə götürün və ya bunun üçün su kranından istifadə edin. Əlinizi heç vaxt içməli suyun içərisinə salmayın. Əgər mümkündürsə, insan ifrazatının içməli su hövzələrinə tökülmədiyi ərazilərdə yaşayın.

2 QİDA

TƏHLÜKƏ. Zərərli orqanizmlər yediyiniz qidalarda ola bilər.

MƏSLƏHƏT. Qidanın üzdən təzə, yeməli görünməsi onun təmiz olmasından xəbər vermir. Buna görə də meyvə və tərəvəzləri yaxşı-yaxşı yumağı vərdiş edin. Yemək hazırlayarkən diqqət yetirin ki, mətbəx, istifadə etdiyiniz qablar və əlləriniz təmiz olsun. Mikrobların məhv olması üçün bəzi məhsulları müəyyən temperaturda bişirmək lazımdır. Rəngini, tamını, iyini dəyişən məhsulları qəbul etməyin. Əks halda, xeyli sayda mikroba «qapı açmış» olacaqsınız. İstifadə etmədiyiniz qidanı soyuducuya qoyun. Xəstə olduğunuz vaxt başqaları üçün yemək hazırlamayın *.

3 HƏŞƏRATLAR

TƏHLÜKƏ. Bəzi həşəratlarda zərərli mikroorqanizmlər olduğu üçün onlardan sizə infeksiya keçə bilər.

MƏSLƏHƏT. Xəstəlik daşıyan həşəratlardan mümkün qədər uzaq durun. Onların aktiv olduqları vaxtlarda evdən çölə çıxmayın. Əgər çıxmaq lazımdırsa, onlardan qorunmaq üçün uzunqol köynək və şalvar geyinin. Miçətkənin altında yatın, ya da ağcaqanad əleyhinə dərmanlardan istifadə edin. Qabda uzun müddət su saxlamayın, əks halda, həşəratların artması üçün şərait yaratmış olacaqsınız *.

4 HEYVANLAR

TƏHLÜKƏ. Heyvanların bədənlərində yaşayan mikroblar bizim üçün çox təhlükəli ola bilər. Əgər sizi hansısa heyvan (bura ev heyvanları da daxildir) dişləyib və ya cırmaqlayıbsa, yaxud onun nəcisinə toxunmusunuzsa, onda sağlamlığınız təhlükədədir.

MƏSLƏHƏT. Bəzi insanlar heyvanlarla az təmasda olsunlar deyə, onları çöldə saxlayırlar. Ev heyvanlarına toxunandan sonra əllərinizi yaxşıca yuyun. Çöl heyvanlarından isə ümumiyyətlə uzaq olun. Əgər sizi hansısa heyvan dişləyib və ya cırmaqlayıbsa, yaranı yaxşı-yaxşı yuyun və həkimə müraciət edin *.

5 İNSANLAR

TƏHLÜKƏ. Bəzi mikroblar sizə yanınızdakı insanların asqırması və ya öskürməsi nəticəsində keçə bilər. Bu mikroblar həmçinin siz başqaları ilə təmasda olarkən, məsələn, qucaqlaşanda, əllə görüşəndə ötürülə bilər. Başqalarının mikrobları digər yerlərdə də — qapıların dəstəyində, sürahilərdə, telefonlarda, pultlarda, kompüter ekranı və klaviaturasında da var.

MƏSLƏHƏT. Şəxsi əşyalarınızı, məsələn, ülgücünüzü, diş fırçanızı və ya dəsmalınızı başqalarına verməyin. Heyvanlara və insanlara məxsus mayelərə, o cümlədən qana və tərkibində qan olan şeylərə toxunmayın. Əlləri tez-tez yumaq məsləhətinə barmaqarası yanaşmayın. Bu, infeksiyanın yayılmasının qarşısını almaq üçün ən mükəmməl üsuldur.

Xəstələnəndə çalışın evdə qalasınız, çünki bununla onun yayılmasının qarşısını almış olursunuz. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məsləhət görür ki, asqıranda və ya öskürəndə ağzınızı əlinizlə yox, qolunuzla və ya dəsmalla tutasınız.

Belə bir hikmətli söz var: «Uzaqgörən bəlanı duyub gizlənər» (Məsəllər 22:3). Xəstəliklərin baş alıb getdiyi bu dünyada bu sözlər lap yerinə düşür. Səhiyyə xidmətlərinə müraciət edərək maariflənin, gigiyena qaydalarına əməl etməklə özünüzü xəstəlikdən mühafizə edin. Özünüzü qoruyun və sağlam olun!

^ abz. 6 Ümumdünya Səhiyyə Təşkilatı ev şəraitində suyun təmizlənməsi ilə bağlı bir neçə məsləhət təqdim edir. Məsələn, suyu xlorla, günəş dezinfeksiyası ilə, filterlə və qaynadaraq təmizləmək mümkündür.

^ abz. 9 Əlavə məlumat almaq üçün «Oyanın!» jurnalının 2012-ci il iyun sayının 3—9 səhifələrinə (rus.) baxın.

^ abz. 12 Malyariyadan qorunmaq üçün ətraflı məlumatı «Oyanın!» jurnalının 2015-ci il iyul sayının 14 və 15-ci səhifələrindən əldə edə bilərsiniz.

^ abz. 15 Zəhərli heyvanlar sizə xəsarət yetiribsə, həkimə vaxt itirmədən müraciət edin.