Kontentə keç

Mündəricatı göstər

Yehovaya həmişə güvən!

Yehovaya həmişə güvən!

«Ey insanlar, daim Ona güvənin» (ZƏB. 62:8).

1—3. Həvari Bulusun Yehovaya etibarı necə möhkəmlənmişdi? (Məqalənin əvvəlindəki şəklə baxın.)

ROMADA məsihilər üçün təhlükəli dövr idi. Məsihin davamçılarını eramızın 64-cü ilində şəhərdə yanğın törətməkdə və insanlığa düşmən kəsilməkdə ittiham edib zülm edirdilər. Əgər sən o vaxt məsihi olsaydın, hər gün həbs edilmək və işgəncə çəkmək təhlükəsi ilə yaşayardın. Tez-tez eşidərdin ki, iman bacı-qardaşlarından kimlərisə heyvanlara yem ediblər, kimlərisə dirəyə mıxlayıblar, bir başqalarını isə, gecə məşəli kimi diri-diri yandırıblar.

2 Çox ehtimal ki, belə bir zamanda həvari Bulus Romada ikinci dəfə həbsdə idi. Bəs, görəsən, başqa məsihilər onun dadına çatacaqdı? Timutiyə dediyi sözlərdən görünür ki, Bulus əvvəl-əvvəl buna görə narahat idi. O yazırdı: «İlk dəfə özümü müdafiə edəndə heç kəs tərəfimi saxlamadı, hamı məni tərk etdi. Qoy Allah onların bu əməlini günaha yazmasın». Bununla belə, Bulus həmin vaxt tamamilə köməksiz qalmadığını qeyd edərək deyirdi: «Ancaq Ağa yanımda durub mənə güc verdi». Bəli, İsa Məsih Bulusa ehtiyac duyduğu gücü vermişdi. Bəs İsa vasitəsilə Allahdan aldığı bu gücün Bulusa nə xeyri oldu? O deyir: «Mən şirlərin ağzından qurtuldum» (2 Tim. 4:16, 17) *.

3 Həmin hadisəni xatırlaması, yəqin, Bulusu möhkəmləndirir və arxayın edirdi ki, Yehova hal-hazırda üzləşdiyi və gələcəkdə başına gələcək sınaqlara tab gətirməyə ona güc verəcək. Belə ki, o, yuxarıdakı sözlərin ardınca demişdi: «Ağa məni bütün pisliklərdən qurtaracaq» (2 Tim. 4:18). Bəli, Bulus öz təcrübəsindən görmüşdü ki, hansısa vəziyyətdə başqaları adamın dadına çatmaya bilər, amma Yehova və Məsih adamı heç vaxt darda qoymur.

VƏZİYYƏTİNƏ DÜZGÜN YANAŞ

4, 5. a) Kim həmişə dadına çata bilər? b) Yehova ilə münasibətini necə gücləndirə bilərsən?

4 Heç olubmu ki, çətin vəziyyətdə özünü tənha hiss edəsən? Ola bilər ki, işsizsən, məktəbdə səni sıxma-boğmaya salıblar, səhhətin yaxşı deyil, yaxud başqa çətinliyin var. Bəlkə də başqalarından kömək istəmisən, amma onlar köməyinə çatmayıb səni məyus ediblər. Əslində, bəzi problemləri insanların köməyilə həll etmək qeyri-mümkündür. Bu halda Müqəddəs Kitabdakı «Yehovaya etibar et» məsləhəti insana boş, faydasız görünə bilər (Məs. 3:5, 6). Amma bu, qətiyyən belə deyil! Müqəddəs Kitabdakı bir çox əhvalatlardan göründüyü kimi, Yehova Allah, doğrudan da, Öz bəndələrinə kömək edir.

5 Buna görə də umduğun adamlar köməyinə çata bilməyəndə incimə. Həvari Bulus kimi, sən də vəziyyətinə Yehovaya tam etibar etmək və Onun qayğısını öz üzərində hiss etmək imkanı kimi bax. Bu, sənin Yehovaya etibarını möhkəmləndirəcək və Onunla münasibətini gücləndirəcək.

ETİBAR MÜTLƏQDİR

6. Sıxıntılı vaxtımızda Yehovaya etibar etmək nəyə görə xüsusilə çətin ola bilər?

6 Tutaq ki, ürəyini üzən problemi həll etmək üçün əlindən gələni etmisən, habelə duada Yehovadan kömək istəmisən. Bundan sonra sakitləşib arxayın ola bilərsən ki, Yehova Özü məsələni yoluna qoyacaq. (Zəbur 62:8; 1 Butrus 5:7 ayələrini oxuyun.) Yehova ilə yaxşı münasibət qurmaq üçün bunu öyrənmək çox vacibdir. Amma Yehovanın sənə lazım olan şeyi verəcəyinə inanmaq çox çətin ola bilər. Bəs niyə? Səbəblərdən biri odur ki, Yehova dualara həmişə dərhal cavab vermir (Zəb. 13:1, 2; 74:10; 89:46; 90:13; Həb. 1:2).

7. Nəyə görə Yehova dualarımıza həmişə dərhal cavab vermir?

7 Nəyə görə Yehova hər diləyimizi dərhal yerinə yetirmir? Yadındadırsa, Yehova bizimlə olan münasibətini ata-bala münasibətinə bənzədir (Zəb. 103:13). Valideyn uşağın ağzından çıxan hər şeyi o dəqiqə yerinə yetirmir. Uşağın bəzi istəkləri ötəri olur. Elə istəkləri də var ki, hələ onların vaxtı deyil. Digərləri də nə uşağın, nə də başqalarının xeyrinə deyil. Üstəlik, uşağın hər dediyini dərhal yerinə yetirəndə rollar dəyişir: uşaq olur ağa, valideyn olur nökər. Buna bənzər tərzdə, Yehova da bizim yaxşılığımızı düşünür. Buna görə də elə ola bilər ki, O, diləyimizi dərhal yox, lazım olan vaxtda yerinə yetirsin. Yaxşı olar ki, biz də səbirlə Yehovanın duamıza necə cavab verəcəyini gözləyək. Hikmətli Yaradan, sevən Ağa və səmavi Ata kimi Yehovanın buna tam ixtiyarı çatır. O, bütün istəklərimizi dərhal yerinə yetirsəydi, onda bizimlə Yehovanın rolu dəyişərdi. (Əşiya 29:16; 45:9 ayələri ilə müqayisə edin.)

8. Yehova bizi nəyə əmin edir?

8 Digər bir məqam ondan ibarətdir ki, Yehova nəyə gücümüz çatdığını çox yaxşı bilir (Zəb. 103:14). Buna görə də O, bizim çətinliklərə öz gücümüzə tab gətirməyimizi gözləmir, bir ata kimi bizə kömək edir. Əlbəttə, hərdən bizə elə gələ bilər ki, artıq taqətimiz qalmayıb. Ancaq Yehova bizi əmin edir ki, O, heç vaxt xidmətçisinin gücündən artıq əziyyət çəkməsinə yol verməyəcək. Bəli, O, mütləq çıxış yolu göstərəcək. (1 Korinflilərə 10:13 ayəsini oxuyun.) Ona görə də əgər Yehova düşünürsə ki, biz müəyyən çətinliyə dözə bilərik, deməli, bu elədir ki var. Gəlin Ona etibar edək.

9. Dua edəndən dərhal sonra kömək almayanda nə etməliyik?

9 Əgər dua edəndən dərhal sonra kömək almırıqsa, gəlin səbirlə Allahı gözləyək. Çünki O, bizə cavab verməyin ən yaxşı vaxtını bilir. Unutma ki, Yehova bizə kömək etməyi çox istəyir, amma O, səbirlə münasib vaxtı gözləyir. «Yehova səbirlə gözləyir ki, sizə lütf göstərsin, O qalxacaq ki, sizə mərhəmət göstərsin. Çünki Yehova haqq Allahdır. Nə xoşbəxtdir ümidini Ona bağlayanlar!» (Əşy. 30:18).

«ŞİRLƏRİN AĞZINDAN» QURTARAR

10—12. a) Xroniki xəstə olan ailə üzvünə qulluq edən məsihinin vəziyyətini xüsusilə nə çətinləşdirə bilər? b) Çətin vaxtlarda Yehovaya etibar etmək insanın Onunla münasibətinə necə təsir edir? Nümunə çəkin.

10 Sərt sınaqlar zamanı sən özünü Bulus kimi, sanki, şirlərin ağzında hiss edə bilərsən. Bu vaxt Yehovaya etibar etmək son dərəcə çətin, amma son dərəcə də vacibdir. Məsələn, tutaq ki, sən xroniki xəstəliyi olan ailə üzvünə baxırsan. Dua edib Yehovadan hikmət, güc istəyirsən *. Əlindən gələni də edirsən. Məgər Yehovanın gözünün sənin üstündə olduğunu, sədaqətlə tab gətirməyin üçün kömək edəcəyini bilmək sənə qəlb rahatlığı verməyəcək? (Zəb. 32:8).

11 Amma sənə elə gələ bilər ki, bu, belə deyil, Yehova sənə kömək etmir. Məsələn, həkimlərin hərəsi bir söz deyə bilər, yaxud kömək umduğun qohumların vəziyyəti daha da ağırlaşdıra bilərlər. Buna rəğmən, usanmadan Yehovadan güc istə. Ona yaxınlaşdıqca yaxınlaş. (1 İşmuil 30:3, 6 ayələrini oxuyun.) Sonralar Yehovanın sənə necə kömək etdiyini başa düşəndə Onunla münasibətin daha da möhkəm olacaq.

12 Linda * bu sözlərin həqiqiliyinə öz təcrübəsində əmin olub. O, valideynləri ölənədək bir neçə il onlara qulluq etmişdi. Bacı deyir: «Həmin vaxt elə olurdu ki, ərim, qardaşım və mən bilmirdik nə edək. Özümüzü hərdən çarəsiz hiss edirdik. Lakin o vaxtlara baxanda Yehovanın bizimlə olduğunu aydın görürük. Hətta hər şeydən əlimiz üzüləndə belə O, bizə güc verir, məhz lazım olan köməyi göstərirdi».

13. Yehovaya güvənməsi bir bacıya acılara dözməyə necə kömək etdi?

13 Yehovaya bütün qəlbimizlə etibar etmək bizə həmçinin faciə ilə üzləşəndə kömək edə bilər. Məsələn, götürək Ronda bacını. Bir tərəfdən imanına şərik olmayan əri onu boşamaq üçün ərizə vermişdi, digər tərəfdən də qardaşına ölümcül dəri vərəmi diaqnozu qoyulmuşdu. Bir neçə aydan sonra isə qardaşının arvadı öldü. Ronda bu acılardan sonra bir az özünə gələndə öncül xidmətinə başladı. Üstündən çox keçməmiş anası vəfat etdi. Bəs Rondaya bütün bunlara dözməyə nə kömək etdi? O deyir: «Mən hər gün, hətta ən kiçik qərarlar üçün belə Yehovaya dua edirdim. Bunun sayəsində Yehova mənim üçün real oldu. Və mən özümə, yaxud başqa insanlara yox, Yehovaya güvənməyi öyrəndim. Yehovanın köməyi göz qabağında idi, hər ehtiyacımı ödəyirdi. Mənə elə gəlirdi ki, Yehova ilə çiyin-çiyinə çalışıram».

Hətta ailə daxilində Yehova ilə münasibətlərimiz sınana bilər (14—16 abzaslara baxın)

14. Doğma adamı yığıncaqdan kənar edilən məsihi nəyə əmin ola bilər?

14 Başqa bir vəziyyəti təsəvvür edək. Tutaq ki, doğma adamın yığıncaqdan kənar edilib. Müqəddəs Kitabdan bilirsən ki, belə adamlarla necə rəftar etmək lazımdır (1 Kor. 5:11; 2 Yəh. 10). Bununla belə, bu qərara müvafiq davranmaq bəzən çətin, hətta qeyri-mümkün görünə bilər *. Bəs belə vəziyyətdə Səmavi Atanın yığıncaqdan kənar edilənlərlə bağlı Müqəddəs Kitabda verilən göstərişə bağlı qalmaq üçün sənə güc verəcəyinə inanırsan? Bu vəziyyətə Yehova ilə münasibətlərini möhkəmləndirmək üçün bir imkan kimi baxırsan?

15. Nəyə görə Adəm Yehovanın Ədəndə verdiyi əmrindən çıxdı?

15 Bir anlıq ilk insan Adəm haqda düşün. Doğrudanmı o fikirləşirdi ki, Yehovaya itaətsizlik edib sağ qala bilər? Xeyr. Müqəddəs Yazılarda deyilir ki, «aldanan... Adəm deyildi» (1 Tim. 2:14). Bəs onda nəyə görə Adəm itaətsizlik göstərdi? Yəqin ki, Adəm arvadı Həvvanı Yehovadan çox sevdiyinə görə onun verdiyi meyvəni yedi. Adəm Allahı Yehovanın yox, arvadının sözünə qulaq asdı (Yar. 3:6, 17).

16. Ən çox kimi sevməliyik və nə üçün?

16 Bəs bu o deməkdir ki, biz doğmalarımızı sevməməliyik? Əlbəttə ki, yox! Amma biz ən çox Yehovanı sevməliyik. (Mətta 22:37, 38 ayələrini oxuyun.) Əslində, bu, hazırda Yehovaya xidmət edib-etməmələrindən asılı olmayaraq, doğmalarımızın xeyrinədir. Ona görə də Yehovaya məhəbbətini və etibarını artır. Əgər yığıncaqdan kənar edilmiş qohumunun tutduğu yol səni xüsusilə narahat edirsə, ürəyini Yehovaya boşalt * (Rom. 12:12; Filip. 4:6, 7). Ürəkparçalayan bu vəziyyətə Yehova ilə münasibətlərini möhkəmləndirmək imkanı kimi bax. Bu, sənə Yehovaya etibar etməyə və Ona itaət etməyin xeyir gətirəcəyinə əmin olmağa kömək edəcək.

GÖZLƏYƏRKƏN NƏ ETMƏLİ?

Yehovanın həvalə etdiyi işlə məşğul olmaqla Ona etibar etdiyini göstər (17-ci abzasa baxın)

17. Yehovanı gözləyərkən nə etməliyik və nə üçün?

17 Yehova Allah həvari Bulusu şirlərin ağzından nə üçün qurtarmışdı? Həvari özü cavab verir: «Təbliğ işi mənim vasitəmlə tam yerinə yetirilsin və bütün xalqlar bu müjdəni eşitsin» (2 Tim. 4:17). Gəlin biz də həvari Bulus kimi təbliğ işilə məşğul olaq və əmin olaq ki, Yehova lazımi şeyləri bizə verəcək (Mət. 6:33). Padşahlığın müjdəçiləri olan bizlərə müjdə həvalə edilib və Yehova bizə Öz əməkdaşları kimi baxır (1 Salon. 2:4; 1 Kor. 3:9). Fikrimiz-zikrimiz Allahın bizə həvalə etdiyi işdə olsa, Yehovanın dualarımıza cavab verəcəyi vaxtı gözləmək bizə asan gələcək.

18. Yehovaya etibarımızı və Onunla münasibətlərimizi necə möhkəmləndirə bilərik?

18 Açılan hər gününü Yehova ilə münasibətlərini möhkəmləndirməyə həsr et. Əgər hansısa çətinliyin varsa, buna Yehovaya yaxınlaşmaq üçün bir imkan kimi bax. Allahın Kəlamını mütaliə et, hər vaxt dua et və ruhani işlərlə məşğul ol. Əmin ol ki, Yehova həm indiki, həm də gələcəkdəki çətinliklərdə sənə kömək etməyə qadirdir və O, bunu mütləq edəcək.

^ abz. 2 Bulusun «şirlərin ağzından» qurtulması həm məcazi, həm də hərfi mənada ola bilər.

^ abz. 10 Xəstə, eləcə də xəstəyə baxan məsihilər üçün faydalı məsləhətləri «Oyanın!» jurnalının 1997-ci il 8 fevral, 2000-ci il 22 may və 2001-ci il 22 yanvar saylarından (rus.) tapa bilərsiniz.

^ abz. 12 Adlar şərtidir.

^ abz. 16 Doğmaları Yehovanı tərk edən məsihi ailələrinə növbəti mənbələrdəki məqalələr tab gətirməyə kömək edə bilər: «Gözətçi qülləsi» 2006-cı il 1 sentyabr, səhifə 17—21 və 2007-ci il 15 yanvar, səhifə 17—20 (rus.).