Kontentə keç

Müqəddəs Kitaba aid suallara cavab

Müqəddəs Kitaba aid suallara cavab

Allah günahlarımızı bağışlaya bilər?

Allahın razılığını qazanmaq çətin deyil

Müqəddəs Kitabda deyilir ki, bütün insanlar günahlıdır. Günah bizə ulu valideynimiz Adəmdən miras qalıb. Məhz buna görədir ki, biz hərdən səhvlər edirik və sonradan bunun peşmançılığını çəkirik. Allahın Oğlu İsa Məsih günahlarımızın əvəzini ödəmək üçün bizim uğrumuzda öldü. Onun fidyə qurbanlığı sayəsində günahlarımızın bağışlanması mümkün olur. Bəli, fidyə Allahdan bir nemətdir. (Romalılara 3:23, 24 ayələrini oxuyun.)

Bəzi insanlar ağır günahlar işləyiblər və fikirləşirlər ki, görəsən Allah onları bağışlayar. Amma Müqəddəs Kitabda deyilir: «Onun Oğlu İsanın qanı bizi bütün günahlardan təmizləyir» (1 Yəhya 1:7). Əgər insan peşmandırsa və tövbə edirsə, Yehova ən ağır günahları da bağışlayır. (Əşiya 1:18 ayəsini oxuyun.)

Günahlarımızın bağışlanması üçün nə etməliyik?

Yehovanın günahlarımızı bağışlamasını istəyiriksə, Onun haqda, yəni Onun yolları, göstərişləri və bizdən nə tələb etdiyi barədə öyrənməliyik (Yəhya 17:3). Tutduğu əməldən peşman olanları və dəyişmək istəyənləri Yehova ürəkdən bağışlayır. (Həvarilərin işləri 3:19 ayəsini oxuyun.)

Allahın razılığını qazanmaq mümkündür. Yehova bizim zəif cəhətlərimizi bilir. O, mərhəmətli və xeyirxah Allahdır. Bu cür mərhəmətli Allah haqda daha çox öyrənmək, Onu razı salmaq istəməzdiniz? (Zəbur 103:13, 14 ayələrini oxuyun.)