Kontentə keç

MÜSAHİBƏ | ANTONİO DELA QATA

Keşiş kilsəni nəyə görə tərk etdi?

Keşiş kilsəni nəyə görə tərk etdi?

ANTONİO Dela Qata 1969-cu ildə Romada aldığı doqquz illik təhsildən sonra keşiş oldu. Sonra o, İtaliyanın Neapol şəhərində ruhani seminariyanın rektoru, yəni başçısı vəzifəsində çalışdı. Uzun tədqiqatlardan və hərtərəfli düşündükdən sonra o, qənaətə gəldi ki, katolik dini Müqəddəs Kitabdan olduqca uzaqdır. O, «Oyanın!» jurnalının müxbirinə Allahı axtarmağından danışdı.

Zəhmət olmasa, uşaqlığınız barədə bir az danışın.

Mən 1943-cü ildə İtaliyada dünyaya göz açmışam. Uşaqlığım bacı-qardaşlarımla birlikdə kiçik bir kənddə keçib. Atam əkinçi idi, o həm də dülgər işləyirdi. Valideynlərim bizi dindar katolik kimi tərbiyə edirdilər.

Nə üçün keşiş olmaq istədiniz?

Uşaq ikən kilsəyə getməyi, keşişi dinləməyi çox sevirdim. Onların səsinə, danışıq qabiliyyətinə valeh idim, həm də kilsədəki təmtəraqlı ayinlər məni heyran edirdi. Ona görə mən də keşiş olmaq istədim. 13 yaşım olanda anam məni internat məktəbinə qoydu. Orada oğlanlara gələcəkdə keşiş olmaları üçün xüsusi təlim keçirdilər.

Orada oxuduğunuz müddətdə Müqəddəs Kitabı araşdırırdınız?

Əslində, yox. 15 yaşım olanda bir müəllim mənə İncili, İsanın həyatından və xidmətindən bəhs edən kitabı verdi. Mən bu kitabı bir neçə dəfə oxudum. 18 yaşına çatanda Romada papanın rəhbərliyi altında fəaliyyət göstərən ali təhsil ocaqlarında təlim almağa yollandım. Orada latın və yunan dillərini, həmçinin tarix, fəlsəfə, psixologiya və ilahiyyatşünaslıq fənlərini öyrənirdim. Müqəddəs Kitabdan ayələri əzbərləyirdik, bazar günü vəzlərində Müqəddəs Kitab parçaları ucadan oxunurdu, amma bu kitabı araşdırmırdıq.

Siz sonradan rektor oldunuz. Bəs dərs deyirdiniz?

Əsasən inzibati işlərlə məşğul olsam da, dərs də deyirdim, məsələn, bəzi siniflərdə İkinci Vatikan Şurasının fərmanları haqda dərs keçirdim.

Nə üçün kilsəyə şübhə etməyə başladınız?

Məni üç şey narahat edirdi. Kilsə aktiv şəkildə siyasətə qarışırdı. Ruhanilərin də, kilsə üzvlərinin də nalayiq hərəkətlərinə göz yumulurdu. Bundan başqa, katolik kilsəsinin müəyyən təlimləri mənə məntiqsiz gəlirdi. Misal üçün, necə olur ki, insanları sevən Allah onlara öləndən sonra əbədiyyən cəza verir? Yaxud da, doğrudan da, əlimizə təsbeh alıb eyni duanı gündə yüz dəfələrlə təkrar etməyimiz Allaha xoşdur? *

Nə etdiniz?

Gözümdən yaş axa-axa Allahdan diləyirdim ki, mənə yol göstərsin. Katolik kilsəsinin nəşr etdiyi və italyanca təzəcə işıq üzü görmüş «Yerusəlim Müqəddəs Kitabı»nı oxumağa başladım. Bir dəfə bazar günü səhər ibadətdən sonra paltarlarımı dolaba asırdım ki, seminariyaya iki nəfər gəldi. Onlar Yehovanın Şahidləri idi. Biz bir saatdan çox Müqəddəs Kitab haqqında və orada həqiqi dinin səciyyəvi əlamətləri haqda söhbət elədik.

Bu adamlar sizə hansı təəssüratı bağışladılar?

Onların əminliklə danışması və katoliklərin dərc etdiyi Müqəddəs Kitabda ayələri rahatca tapması məni heyran etdi. Sonra Mario adlı başqa bir Yehovanın Şahidi mənə baş çəkdi. O, çox səbirli, punktual idi: istər isti olsun, istər yağış, hər şənbə günü səhər saat doqquzda Mario qapının zəngini çalırdı.

Digər keşişlər onun gəlişi haqda hansı fikirdə idilər?

Mən onları bizim müzakirələrə qatılmağa həmişə dəvət edirdim, ancaq onlardan heç biri Müqəddəs Kitabın tədqiqinə ciddi yanaşmadı. Mən isə əksinə, ləzzət alırdım. Uzun illər boyu mənə rahatlıq verməyən suallara, məsələn, niyə Allah zülmə-zillətə dözür kimi suallara gözəl cavablar alırdım.

Yüksək vəzifəli keşişlər sizə mane olmağa çalışırdı?

1975-ci ildə mövqeyimi izah etmək üçün bir neçə dəfə Romaya səfər etdim. Oradakı yüksək rütbəli din xadimləri məni fikrimdən daşındırmağa çalışırdılar, amma heç birinin əlində Müqəddəs Kitab yox idi. Nəhayət, 1976-ci il yanvarın 9-da Romaya məktub yazıb bildirdim ki, artıq özümü katolik hesab etmirəm. Bundan iki gün sonra seminariyanı tərk etdim, qatara minib ilk dəfə Yehovanın Şahidlərinin yığıncaq görüşünə yollandım. Sən demə bu, adi həftəlik görüş yox, bir neçə yığıncağın iştirakı ilə keçirilən toplantı idi. Bu, öyrəşdiyimdən fərqli, tamam başqa bir dünya idi! Hər kəsin əlində Müqəddəs Kitab var idi, məruzəçilər müxtəlif mövzularla çıxış etdikcə onları dinləyənlər Müqəddəs Kitab ayələrini açırdılar.

Ailəniz bu qərarınız barədə hansı fikirdə idi?

Qohumlarımın əksəriyyəti mənə qarşı çıxdı. Sonra xəbər tutdum ki, bir qardaşım da Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənir. O, İtaliyanın şimalında, Lombardiya əyalətində yaşayırdı. Onu görməyə getdim və orada qaldım. Oradakı qardaşların köməkliyi ilə işə düzəldim, ev tapdım. Heç bir il keçməmiş Yehovanın Şahidi kimi vəftiz olundum.

Nəhayət, özümü Allaha yaxın hiss edirəm

Peşman deyilsiniz ki?

Qətiyyən! Nəhayət, özümü Allaha yaxın hiss edirəm. Çünki Onu Müqəddəs Kitabdan tanıyıram, fəlsəfədən və ya kilsə ayinlərindən yox. Başqalarına da bu bilikləri təmiz ürəklə və əminliklə öyrədirəm.

^ Müqəddəs Kitab bu və digər suallara aydın cavab verir. MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > MÜQƏDDƏS KİTABA AİD SUALLARA CAVAB bölməsinə baxın.