Kontentə keç

Mündəricatı göstər

Fəsil 21

Özünü öymək düzgündür?

Özünü öymək düzgündür?

BİLİRSƏN, özünü öymək nə deməkdir? ~ Gəl sənə bir nümunə çəkim. Heç elə olubmu ki, o qədər də yaxşı bacarmadığın bir şeyi etməyə çalışasan? Bəlkə qol vurmaq, yaxud ipatdı oynamaq istəmisən? Kimsə sənə: «Ha-ha-ha! Mən səndən yaxşı oynayıram», — deyib? ~ Bax, həmin adam özünü öyür.

Belə edən adamları görəndə özünü necə hiss edirsən? Bu, sənin xoşuna gəlir? ~ Bəs necə fikirləşirsən, sənin öyünməyin başqalarına necə təsir edir? ~ Kiməsə: «Mən səndən yaxşıyam», — demək düzgündür? ~ Yehovanın belə adamlardan xoşu gəlir? ~

Böyük Müəllim də özünü başqalarından yaxşı hesab edən adamları tanıyırdı. Onlar özlərini öyür və hamıya yuxarıdan aşağı baxırdılar. Buna görə də bir gün İsa özünü öyməyin yanlış hərəkət olduğunu göstərmək üçün onlara bir əhvalat danışdı. Gəl bu əhvalatı dinləyək.

Əhvalat bir fərisey və bir vergiyığan haqqındadır. Fəriseylər din müəllimləri idilər və onlar çox vaxt özlərini elə aparırdılar ki, guya onlar qədər mömin və təmiz adam yoxdur. İsanın danışdığı əhvalatda fərisey dua etmək üçün Allahın Yerusəlimdəki məbədinə gəlir.

Nəyə görə Allahın fəriseydən yox, vergiyığandan xoşu gəldi?

İsa həmçinin bir vergiyığanın da məbədə dua etməyə gəldiyini deyir. Adamların çoxunun vergiyığanlardan xoşu gəlmirdi. Onlar fikirləşirdilər ki, vergiyığanlar onları aldadırlar. Bir tərəfdən baxanda bu düz idi, çünki vergiyığanlar heç də həmişə düzgün davranmırdılar.

Məbəddə olanda fərisey Allaha bu cür dua etməyə başladı: ‘Ay Allah, sənə minnətdaram ki, mən başqa adamlar kimi günahkar deyiləm. Mən nə camaata kələk gəlirəm, nə də başqa pis işlər görürəm. Bu vergiyığana da bənzəmirəm. Mən saleh adamam. Həftədə iki dəfə yemək yemirəm ki, sənin haqqında fikirləşməyə vaxtım olsun. Üstəlik əldə etdiyim hər şeyin onda birini məbədə verirəm’. Fəriseyin fikrincə, o, başqalarından yaxşı adam idi, elə deyil? ~ O hətta bunu Allaha da deyirdi.

Ancaq vergiyığan onun kimi deyildi. Dua edəndə o, heç gözlərini də qaldırmırdı. O, başını aşağı salıb uzaqda dayanmışdı. Vergiyığan günahlarına görə peşman olub kədər içində sinəsini döyürdü. O, özünü Allaha tərifləmirdi. Əksinə, dua edərək belə deyirdi: ‘Ay Allah, mən günahkara rəhm et’.

Səncə, bu iki adamdan hansı Allahın xoşuna gəldi? Mən-mən deyən fərisey, yoxsa günahlarına görə peşman olan vergiyığan? ~

İsa dedi ki, Allahın vergiyığandan xoşu gəldi. Nəyə görə? O belə izah etdi: ‘Çünki özünü başqalarından yaxşı göstərməyə çalışan alçaldılacaq, özünü başqalarından aşağı tutan isə yüksəldiləcək’ (Luka 18:9—14).

İsa bu əhvalatı danışmaqla hansı ibrət dərsini vermək istəyirdi? ~ O başa salmaq istəyirdi ki, özümüzü başqalarından yaxşı hesab etmək düzgün deyil. Ola bilər, biz bunu dilimizlə demirik, ancaq hərəkətlərimizdən belə düşündüyümüz görünə bilər. Sən heç belə etmisən? ~ Gəl görək həvari Peter nə eləmişdi.

İsa həvarilərinə deyəndə ki, tutulan zaman hamı onu tərk edəcək, Peter özünü öyüb demişdi: ‘Hamı səni atsa da, mən atmayacağam!’ Ancaq Peter yanılırdı. O, özünə çox arxayın idi. O, İsanı atdı, ancaq bu kitabın 30-cu fəslində öyrənəcəyimiz kimi, sonra geri qayıtdı (Matta 26:31—33).

Gəl indi müasir həyatdan nümunə çəkək. Yəqin dərsdə müəllim sənə və sinif yoldaşlarına sual verir. Başqa şagirdlər bilmədiyi halda sən suallara dərhal cavab versən, onda necə? Əlbəttə, sualların cavabını biləndə sevinəcəksən. Amma özünü suala gec cavab verənlərlə müqayisə etmək yaxşı hərəkət olardı? ~ Başqalarının zəifliyini üzə vuraraq özünü yaxşı göstərməyə çalışmaq, səncə, düzgün hərəkətdir? ~

Fərisey məhz belə davranmışdı. O, vergiyığandan yaxşı olduğu ilə öyünürdü. Lakin Böyük Müəllim fəriseyin yanıldığını söylədi. Düzdür, kimsə hansısa işi başqasından yaxşı görə bilər. Amma bu o demək deyil ki, o, doğrudan da həmin adamdan yaxşıdır.

Əgər sən başqasından çox bilirsənsə, deməli, ondan yaxşısan?

Beləliklə, əgər biz başqalarından çox biliriksə, buna görə özümüzü öyməliyik? ~ Gəl bir az düşünək. Beynimizi biz özümüz yaratmışıq? ~ Yox, beyini bizə Allah verib. Üstəlik, bildiklərimizin çoxunu başqalarından öyrənmişik. Ola bilsin, çox şeyi kitablardan oxumuşuq, yaxud kimdənsə eşitmişik. Lap tutaq ki, nəyinsə cavabını özümüz tapmışıq, bəs nəyin sayəsində? ~ Bəli, Allahın bizə verdiyi beyini işlətməyin sayəsində.

Kimsə hansısa işi görmək üçün əlindən gələni edəndə yaxşı olardı ki, onu öz sözlərinlə həvəsləndirəsən. Ona söylə ki, etdiyi iş sənin xoşuna gəlir. Hətta ona gördüyü işi daha yaxşı etməyə kömək də edə bilərsən. Yəqin sən özün də istəyərdin ki, başqaları sənin üçün belə etsin, düzdür? ~

Kimdənsə güclü olduğumuza görə öyünmək nəyə görə düzgün deyil?

Bəzi adamlar başqalarından güclüdürlər. Tutaq ki, sən öz bacından və ya qardaşından güclüsən. Buna görə öyünməlisən? ~ Xeyr. Bizi güclü edən yediyimiz yeməklərdir. Həmin yeməklərin olması üçün isə Allah günəş, yağış və lazım olan başqa şeyləri verir, elə deyil? ~ Deməli, güclü olduğumuz üçün Allaha minnətdar olmalıyıq (Həvarilərin işləri 14:16, 17).

Kiminsə özünü öyməsi heç birimizin xoşuna gəlmir, düz demirəm? ~ Gəl İsanın sözlərini yadımızda saxlayaq: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin». Belə etsək, heç vaxt Böyük Müəllimin danışdığı əhvalatda özünü öyən fəriseyə bənzəməyəcəyik (Luka 6:31).

Bir dəfə bir adam İsanı yaxşı adlandırdı. Böyük Müəllim nə cavab verdi? O dedi: «Hə, düz deyirsən, mən yaxşıyam»? Yox, o elə demədi. Əksinə, dedi ki, ‘Allahdan başqa heç kim yaxşı deyil’ (Mark 10:18). Böyük Müəllim kamil olsa da, özünü öymədi. Əksinə, bütün izzəti Atası Yehovaya verdi.

Bəs biz kiminləsə öyünə bilərik? ~ Bəli. Biz Yaradanımız Yehova Allahla öyünə bilərik. Günəş qürub edəndə və ya təbiətdə başqa gözəl şeylər görəndə biz yanımızdakı adama deyə bilərik: «Bunu bizim gözəl Allahımız, Yehova edib!» Gəl həmişə Yehovanın indiyədək etdiyi və bundan sonra edəcəyi möhtəşəm şeylər haqqında danışmağa hazır olaq.

Bu oğlan nə ilə öyünür?

Öyünmək və ya lovğalanmaq haqqında bu ayələrdə nə deyildiyini oxu və gör nə üçün biz özümüzü öyməməliyik: Süleymanın məsəlləri 16:5, 18; Yeremya 9:23, 24; 1 Korinflilərə 4:7 və 13:4.