Kontentə keç

Mündəricatı göstər

DƏRS 03

Müqəddəs Kitaba nəyə görə etibar etmək olar?

Müqəddəs Kitaba nəyə görə etibar etmək olar?

Müqəddəs Kitabda çoxlu vədlər və məsləhətlər yer alır. Bəlkə də orada nə yazıldığını bilmək istəyirsiniz, amma ehtiyat edirsiniz. Görəsən, belə qədimi kitabın vədlərinə və məsləhətlərinə etibar etmək olar? Müqəddəs Kitabdakı məsləhətlərin bu gün bizə xeyri dəyə bilər? Orada gələcəklə bağlı deyilənlərə inanmaq olar? Milyonlarla insan bu suallara «bəli» deyə cavab verir. Araşdırın görün siz də Müqəddəs Kitaba etibar edə bilərsiniz, ya yox.

1. Müqəddəs Kitabda yazılanlar əfsanədir, yoxsa həqiqət?

Müqəddəs Kitabda deyilir ki, onu yazanlar «həqiqət sözlərini düzgün» qələmə alıblar (Vaiz 12:10). Bu kitabda gerçək hadisələrdən, gerçək insanlardan danışılır. (Luka 1:3; 3:1, 2 ayələrini oxuyun.) Bir çox tarixçilər və arxeoloqlar Müqəddəs Kitabda adı çəkilən insanların və yerlərin mövcudluğunu, hadisələrin, qeyd olunan tarixlərin dəqiqliyini təsdiq ediblər.

2. Bu qədimi kitabın köhnəlmədiyini nə göstərir?

Müqəddəs Kitab bir çox sahələrdə öz dövrünü qabaqlayıb. Məsələn, orada elmi mövzulara da toxunulur. Bu mövzulara dair orada yazılanları həmin vaxt insanlar qəbul etmirdi. Ancaq müasir elm Müqəddəs Kitabda yazılanların dəqiqliyini təsdiq edir. Bəli, Müqəddəs Kitab «etibarlıdır... indidən ta əbədiyyətədək sabitdir» (Zəbur 111:7, 8).

3. Müqəddəs Kitabda gələcəklə bağlı deyilənlərə nəyə görə etibar etmək olar?

Müqəddəs Kitabda «baş verməmiş hadisələri əzəldən» xəbər verən peyğəmbərliklər * var (Əşiya 46:10). Orada bir çox tarixi hadisələr var ki, baş verməzdən xeyli əvvəl dəqiqliklə təsvir olunub. Həmçinin dünyanın bugünkü vəziyyəti xırdalığına kimi yazılıb. Bu dərsdə Müqəddəs Kitabdakı bəzi peyğəmbərlikləri nəzərdən keçirəcəyik. Onların dəqiqliyinə heyran qalacaqsınız!

D Ə R İ N L İ Y Ə  V A R I N

Müasir elmin Müqəddəs Kitabla necə uzlaşdığını və bir neçə maraqlı peyğəmbərliyi araşdırın.

4. Elm Müqəddəs Kitabla uzlaşır

Qədimdə əksər insanlar inanırdı ki, Yer kürəsi nəyinsə üzərində durub. VİDEOYA baxın.

Görün təxminən 3500 il əvvəl «Əyyub» kitabında nə yazılmışdı. Əyyub 26:7 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Ayədəki «Yeri heçlikdə asıb» sözləri nəyə görə diqqətə layiqdir?

1800-cü illərə qədər təbiətdə su dövranının necə baş verdiyi elmə tam məlum deyildi. Amma görün min illər öncə Müqəddəs Kitabda bu haqda nə yazılmışdı. Əyyub 36:27, 28 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Bu ayələrdə su dövranının belə sadə təsvir olunması nəyə görə heyrətamizdir?

  • Oxuduğunuz bu ayələr Müqəddəs Kitaba etibarınızı artırır?

5. Bəzi mühüm hadisələr barədə Müqəddəs Kitabda qabaqcadan deyilmişdi

Əşiya 44:27—45:2 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Babil işğal edilməzdən 200 il əvvəl Müqəddəs Kitabda onunla bağlı hansı təfərrüatlar qələmə alınmışdı?

Tarix sübut edir ki, b. e. ə. 539-cu ildə Fars şahı Kuruşun ordusu Babil şəhərini işğal etdi *. Onlar şəhəri qoruyan çayın səmtini dəyişdilər. Açıq qalmış darvazadan şəhərə daxil olub, oranı döyüşsüz zəbt etdilər. Həmin hadisənin üstündən 2500 ildən çox vaxt keçib. Bu gün Babil şəhərindən yalnız xarabalıqlar qalıb. Görün Müqəddəs Kitabda bu barədə qabaqcadan nə yazılmışdı.

Əşiya 13:19, 20 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Bu peyğəmbərlik necə yerinə yetdi?

Müasir İraqda yerləşən Babilin xarabalıqları

6. Müqəddəs Kitabda bugünkü hadisələr qabaqcadan yazılmışdı

Müqəddəs Kitabda yaşadığımız dövr «axırzaman» adlanır (2 Timutiyə 3:1). Diqqət yetirin orada axırzamanla bağlı qabaqcadan nə deyilmişdi:

Mətta 24:6, 7 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Müqəddəs Kitaba əsasən, axırzamanın əlaməti olan hadisələr hansıdır?

2 Timutiyə 3:1—5 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Müqəddəs Kitab axırzamanda yaşayan insanları necə təsvir edir?

  • İnsanlarda bu xüsusiyyətlərdən hansılarını müşahidə edirsiniz?

BƏZİ İNSANLAR DEYİR: «Müqəddəs Kitab əfsanələr toplusudur».

  • Müqəddəs Kitabın etibarlı olduğuna sizi ən çox nə əmin etdi?

İCMAL

Tarix, elm və peyğəmbərliklər sübut edir ki, Müqəddəs Kitaba etibar etmək olar.

Təkrar

  • Müqəddəs Kitabda yazılanlar əfsanədir, yoxsa həqiqət?

  • Elm hansı sahələrdə Müqəddəs Kitabla uzlaşır?

  • Sizcə, Müqəddəs Kitab gələcəkdən xəbər verir? Nəyə görə belə düşünürsünüz?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Müqəddəs Kitabda elmə zidd gedən fikirlər var?

«Müqəddəs Kitab elmə ziddir?» (internet məqaləsi)

Axırzamanda yaşadığımıza hansı sübutlar var?

«6 vacib peyğəmbərlik gözünüzün önündə yerinə yetir» («Gözətçi qülləsi», iyul—sentyabr 2011)

Yunan imperiyası ilə bağlı peyğəmbərliklər baxın necə yerinə yetib.

«Peyğəmbərlik sözü etibarlıdır» (5:22)

Müqəddəs Kitab peyğəmbərlikləri bir nəfərin bu kitaba olan münasibətini görün necə dəyişdi.

«Allahın varlığına inanmırdım» («Gözətçi qülləsi» № 5, 2017)

^ Gələcəkdə baş verəcək hadisələr barədə Allahdan nazil olan xəbərlərə peyğəmbərlik deyilir.

^ B. e. ə. — bizim eradan əvvəl; b. e. — bizim era.