Kontentə keç

Mündəricatı göstər

DƏRS 49

Ailə səadəti (I hissə)

Ailə səadəti (I hissə)

Bəylə gəlin ümid edir ki, toy günü duyduqları xoşbəxtlik əbədi sürəcək. Bəli, bu, əlçatmaz arzu deyil. Uzun müddətdir ailə qurmuş və Müqəddəs Kitabdakı məsləhətlərə can-dildən əməl edən məsihilər öz təcrübələrindən bilirlər ki, bu mümkündür.

1. Müqəddəs Kitabda ərlərə hansı məsləhət verilir?

Yehova əri ailənin başçısı təyin edib. (Efeslilərə 5:23 ayəsini oxuyun.) O, ərdən gözləyir ki, ailəsinin xeyrinə olan qərarlar versin. Müqəddəs Kitabda ərlərə buyrulur: «Arvadlarınızı həmişə sevin» (Efeslilərə 5:25). Bu nə deməkdir? Arvadını sevən ər həm evdə, həm də cəmiyyət içində onunla mehriban davranır, onu qoruyur, maddi cəhətdən təmin edir və ona dayaq olur (1 Timutiyə 5:8). Ən əsası, çalışır ki, onun Yehova ilə münasibəti möhkəm olsun (Mətta 4:4). Bunun üçün o, arvadı ilə birgə dua edə və Müqəddəs Kitabı oxuya bilər. Ər arvadının qayğısına qalanda özünün də Yehova ilə münasibətini qoruyur. (1 Butrus 3:7 ayəsini oxuyun.)

2. Müqəddəs Kitabda qadınlara hansı məsləhət verilir?

Allahın Kəlamında deyilir: «Arvad da ərinə dərin hörmət bəsləsin» (Efeslilərə 5:33). Qadın ərinin müsbət cəhətləri haqda, ailəsini dolandırmaq üçün çəkdiyi zəhmət barədə nə qədər çox düşünərsə, ərinə hörməti bir o qədər artar. Qadın həmçinin ərinə hörmət etdiyini əməldə də göstərməlidir: onun verdiyi qərarları dəstəkləməli, imanına şərik olmasa da, onunla xoş rəftar etməli, onun barəsində yaxşı danışmalıdır.

3. Ərlə arvad münasibətlərini necə möhkəmləndirə bilər?

Müqəddəs Kitabda ərlə arvad barədə deyilir: «İkisi bir bədən olacaq» (Mətta 19:5). Yəni onlar əllərindən gələni etməlidirlər ki, aralarındakı məhəbbət soyumasın. Bunun üçün onlar birlikdə vaxt keçirməli, fikirlərini, hisslərini bir-birinə açıq, nəvazişlə deməlidirlər. Yol verməməlidirlər ki, Yehovadan başqa kimsə, yaxud nəsə onlar üçün həyat yoldaşından vacib olsun. Xüsusilə diqqətli olmalıdırlar ki, kənarda heç kimə romantik münasibət bəsləməsinlər.

D Ə R İ N L İ Y Ə  V A R I N

Görün Müqəddəs Kitabdakı hansı prinsiplər nikahınızı möhkəmləndirə bilər.

4. Ərlər, arvadınızı sevin və qayğısına qalın

Müqəddəs Kitabda deyilir ki, ər «arvadını öz bədənini sevdiyi kimi sevməlidir» (Efeslilərə 5:28, 29). Bu nə deməkdir? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:

  • Kişi arvadını sevdiyini və qayğısına qaldığını hansı sahələrdə göstərə bilər?

Koloslulara 3:12 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:

  • Kişi nikahda bu xüsusiyyətləri necə təzahür etdirə bilər?

5. Qadınlar, ərinizi sevin və hörmət edin

Müqəddəs Kitab qadınlara buyurur ki, ərin Yehovaya xidmət edib-etməməsindən asılı olmayaraq, ona hörmət göstərsinlər. 1 Butrus 3:1, 2 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:

  • Əgər həyat yoldaşınız imanınıza şərik deyilsə, sözsüz ki, onun Yehovaya ibadət etməsini istəyərsiniz. Necə düşünürsünüz, hansı daha təsirli olar: oturub-durub ona təbliğ etmək, yoxsa onunla xoş rəftar etmək, hörmətlə davranmaq? Nəyə görə belə düşünürsünüz?

Ərlə arvad bir yerdə yaxşı qərarlar verə bilər. Amma hərdən elə olur ki, qadın ərinin fikri ilə razılaşmır. Bu zaman o, fikrini sakit və hörmətcil şəkildə deyə bilər. Bununla belə, qadın başa düşməlidir ki, Yehova ailə üçün nəyin yaxşı olduğuna dair qərar vermək məsuliyyətini kişiyə verib. Qadın isə ərinin qərarını canla-başla dəstəkləməlidir. Bununla qadın ailədə xoş ab-havanın olmasına töhfə verir. 1 Butrus 3:3—5 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:

  • Ərinə hörmət edən qadına Yehova necə yanaşır?

6. Nikahdakı problemləri aşa bilərsiniz

İdeal ailə yoxdur. Odur ki, çətinlikləri aşmaq üçün ərlə arvad birgə çalışmalıdır. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:

  • Videodakı ərlə arvadın bir-birindən uzaqlaşdığı nədən görünürdü?

  • Nikah tellərini möhkəmləndirmək üçün onlar nə etdilər?

1 Korinflilərə 10:24 Koloslulara 3:13 ayələrini oxuyun. Hər ayəni oxuduqdan sonra növbəti sualı müzakirə edin:

  • Bu məsləhətə əməl etmək nikahı necə möhkəmləndirər?

Müqəddəs Kitabda deyilir ki, biz bir-birimizə hörmət etməliyik. Hörmət etmək insanla mülayim, hörmətcil davranmağı özünə daxil edir. Romalılara 12:10 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:

  • Ər və ya arvad əvvəlcə qarşı tərəfdən hörmət gözləməlidir? Nəyə görə belə düşünürsünüz?

BƏZİ İNSANLAR DEYİR: «Yoldaşımla münasibətimiz soyuyub, daha əvvəlki kimi deyilik».

  • Necə izah edərdiniz ki, Müqəddəs Kitab onlara kömək edə bilər?

İCMAL

Ərlə arvad bir-birini sevməklə, bir-birinə hörmət etməklə və Müqəddəs Kitab prinsiplərinə əməl etməklə xoşbəxt ola bilər.

Təkrar

  • Ər ailəsinin xoşbəxtliyi üçün nə edə bilər?

  • Qadın ailəsinin xoşbəxtliyi üçün nə edə bilər?

  • Ailəlisinizsə, Müqəddəs Kitabdakı hansı prinsip nikahınızı möhkəmləndirə bilər?

Məqsəd

Ə L A V Ə  M Ə L U M A T

Ailənizin xoşbəxt olması üçün nə edə bilərsiniz?

«Xoşbəxt ailəm» (broşür)

Klipə baxın və görün ailədə Allahın məsləhətlərinə əməl etmək hansı bəhrələri gətirir.

«Əsl sevgi» (4:26)

Ərin başçılığına tabe olmaq nə deməkdir?

«Qadınlar nəyə görə başçılıq prinsipinə riayət etməlidirlər?» («Gözətçi qülləsi», 15 may 2010)

Görün Müqəddəs Kitabda ailəyə dair verilən məsləhətlər necə böyük qüvvəyə malikdir.

«Müqəddəs Kitab nikahımızı qorudu» (7:12)