Kontentə keç

Mündəricatı göstər

FƏSİL 84

Şagirdlik məsuliyyəti

Şagirdlik məsuliyyəti

LUKA 14:25—35

  • İSA MƏSİHİN ŞAGİRDİ OLMAQ NƏ DEMƏKDİR?

İsa Məsih bir fərisi rəhbərin evində qonaq olarkən vacib bir dərs verdi. Oradan çıxdıqdan sonra o, Yerusəlimə doğru yoluna davam edir. Böyük bir izdiham onun ardınca gedir. Görəsən, onların niyyəti nədir? Doğrudanmı onlar nəyin bahasına olursa olsun, İsa peyğəmbərin ardınca getmək istəyirlər?

Yolda İsa peyğəmbər onlara bir şey danışır və bu, bir çoxlarının fikirlərini qarışdırır: «Yanıma gəlib, amma ata-anasını, arvadını, uşaqlarını, bacı-qardaşını, bəli, hətta həyatını məndən çox sevən mənim şagirdim ola bilməz» (Luka 14:26). O, bununla nə demək istəyir?

Peyğəmbər bununla demir ki, onun davamçıları öz qohum-əqrəbalarını sevməməlidir. Sözünün canı odur ki, onlar İsa Məsihi öz qohumlarından çox sevməlidirlər. İsa peyğəmbərin ziyafətə dəvət olunanlar barədə çəkdiyi məsəldə ailə qurduğunu bəhanə gətirərək vacib dəvəti rədd edən adam kimi olmamalıdırlar (Luka 14:20). Misal üçün, Yaqub peyğəmbər arvadı Rəhiləni o biri arvadı Ləyadan çox sevirdi (Yaradılış 29:31).

Fikir verdinizsə, İsa Məsih deyir ki, davamçısı onu öz həyatından çox sevməlidir, yəni Məsih onun üçün candan da şirin olmalıdır, lazım gələrsə, uğrunda ölməyə hazır olmalıdır. Beləcə, peyğəmbər göstərir ki, onun şagirdi olmaq böyük məsuliyyətdir. Buna başdansovdu yanaşmaq olmaz, qərar verməzdən öncə ciddi düşünmək lazımdır.

İsa peyğəmbərin şagirdi çətinliklərlə və təqiblərlə üzləşə bilər. Bu, onun növbəti sözlərindən görünür: «İşgəncə dirəyini götürüb mənim arxamca gəlməyən mənim şagirdim ola bilməz» (Luka 14:27). Deməli, əsil şagird İsa peyğəmbərin daşıdığı yükün altına girməyə hazır olmalıdır. Peyğəmbər hətta düşmənlərin onu öldürəcəyini də demişdi.

Buna görə də İsa peyğəmbərin ardınca gedənlər onun şagirdi olmağın nə demək olduğu üzərində yaxşıca götür-qoy etməlidirlər. Peyğəmbər bunu bir məsəllə təsvir edir: «Misal üçün, sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub məsrəfləri hesablamaz? Əks təqdirdə, bünövrəni qoyacaq, amma tikintini qurtara bilməyəcək» (Luka 14:28, 29). Deməli, İsa peyğəmbərin şagirdi olmazdan öncə onunla Yerusəlimə gedənlər bu məsuliyyəti daşıyacaqlarına tam əmin olmalıdırlar. Peyğəmbər bunun vacibliyi növbəti məsəllə vurğulayır:

«Müharibəyə çıxan hansı padşah əvvəlcə oturub məsləhətçiləri ilə məşvərət etməz ki, görsün on min əsgərilə düşmənin iyirmi min əsgərinə qalib gələ biləcək, ya yox? Əgər gücü çatmırsa, rəqib padşah hələ uzaqda ikən elçilərini göndərib onunla sülh bağlamağa çalışacaq». Əsas fikri vurğulayaraq peyğəmbər deyir: «Əmin ola bilərsiniz, əmlakından əl çəkməyən adam mənim şagirdim ola bilməz» (Luka 14:31—33).

Əlbəttə ki, bu sözlər yalnız İsa peyğəmbərin ardınca gedənlərə aid deyil. Məsih haqqında öyrənən hər kəs onun dediklərini etməyə hazır olmalıdır. Yəni İsa Məsihin şagirdi olmaq üçün insan hər şeyindən — var-yoxundan, hətta həyatından belə, keçməyə hazır olmalıdır. Bu haqda dua edib fikirləşməyə dəyər.

Sonra İsa Məsih Dağüstü vəzində danışdığı məsələyə toxunur. O, şagirdlərinə demişdi ki, onlar dünyanın duzudurlar (Mətta 5:13). Görünür, peyğəmbər demək istəyir ki, duz hər şeyi xarab olmaqdan qoruduğu kimi, onlar da insanlara qoruyucu təsir göstərirlər, ruhani və əxlaqi cəhətdən pozulmaqdan qoruyurlar. İndi xidmətinin sonuna yaxın o deyir: «Duz, əlbəttə ki, yaxşı şeydir. Amma o, öz dadını itirsə, onun dadını necə qaytarmaq olar?» (Luka 14:34). O vaxtlar duz bəzən təmizlənməmiş, torpaqlı olurdu və öz keyfiyyətini itirəndən sonra onu yalnız müəyyən şeylər üçün istifadə etmək olurdu.

Beləliklə, Məsihin sözlərinə əsasən, hətta uzun müddət onun şagirdi olanlar da, bu yolda əzmlərinin zəifləməsinə yol verməməlidirlər. Əks halda, dadını itirmiş duz kimi yararsız olacaqlar. Əgər belə olarsa, camaat onları məsxərəyə qoyacaq. Bundan əlavə isə, Allahın gözündən düşəcəklər, hətta Onun adına ləkə gətirəcəklər. İsa peyğəmbər vacib amili vurğulayaraq bundan qaçmağın yolunu göstərir: «Qulağı olan, qoy eşitsin» (Luka 14:35).