Kontentə keç

Mündəricatı göstər

BÖLMƏ 10

İman düşməni ifşa olunur

İman düşməni ifşa olunur

YEHOVA ALLAH yer üzünü yaratmazdan öncə, göylərdə mələkləri yaratdı. Sonradan mələklərdən biri yalnız Allaha məxsus olan ibadəti mənimsəmək niyyətinə düşdü. Bu istəyini həyata keçirməklə o, Şeytan, Allaha qarşı çıxan «Düşmən» oldu. Şeytan necə Allaha qarşı çıxdı?

Şeytan hiylə işlədərək Həvvanı aldatdı

Şeytan hiyləyə əl ataraq Həvvanı Allaha itaətsizlik göstərməsi üçün yoldan çıxardı. O, Həvvanı hiyləgərcəsinə inandırdı ki, Yehova Allah müəyyən bir ağacın meyvəsindən yeməyi qadağan etməklə ondan nə isə yaxşı bir şey gizlədir. Şeytan utanmadan Allahı yalançı adlandırdı və Həvvanın Allahın göstərişlərini rədd etməli olduğuna işarə edərək dedi: «Allah bilir ki, ondan yeyən gün gözləriniz açılacaq və siz xeyirlə şəri bilərək Allah kimi olacaqsınız» (Yaradılış 3:5). Həvva ağılsızcasına Şeytana aldandı. O, Allahın qanunu pozdu və Adəmi də bu cür davranmağa təhrik etdi. O vaxtdan bəri Şeytan əsl imana sahib olan hər kəsə düşmən kəsilib. O, bu günə qədər insanları yoldan çıxartmağa davam edir. Şeytan bunu necə edir?

Saxta iman geniş yayılır

Şeytan insanları azdırmaq üçün bütpərəstlikdən və insan adət-ənənələrindən istifadə edir

Şeytan israilliləri yoldan çıxartmaq üçün bütpərəstlikdən və insan adət-ənənələrindən istifadə edirdi. İsa Məsih onların din rəhbərlərinə ibadətlərinin boş olduğunu demişdi, çünki «onların öyrətdikləri adi insan» əmrləri idi (Mətta 15:9). Bu xalq Məsihi inkar edəndə Allah da onları inkar etdi. İsa onlara dedi: «Allahın Padşahlığı sizdən alınacaq və onun bəhrəsini gətirən xalqa veriləcək» (Mətta 21:43). Bundan sonra İsanın davamçıları Allahın seçilmiş xalqı oldu.

Şeytanın növbəti hədəfi İsanın şagirdləri idi. O, istəyinə nail ola bildi? İsa baş verəcək hadisələr barədə qabaqcadan peyğəmbərlik etmişdi. O, tarlasına yaxşı toxum səpən bir adam haqda məsəl danışmışdı. Müəyyən vaxtdan sonra düşmən buğdanın arasına alaq toxumu səpir. Hər ikisi də biçinə qədər birlikdə böyüyür. Biçin vaxtı alaq otları yığılıb yandırılır. Buğda isə ağanın anbarına toplanılır.

Sonra İsa bu məsəlin məğzini şagirdlərinə izah etdi. Yaxşı toxumu Səpən İsanın özüdür. «Tarla dünyadır, yaxşı toxum Padşahlığın oğulları, alaq otları isə Şəririn oğullarıdır. Alaq otunu əkən düşmən İblisdir. Biçin bu dövrün yekunu, biçinçilər isə mələklərdir» (Mətta 13:38, 39). Burada İsa öz şagirdlərini buğdaya bənzədir. Şeytanın əkdiyi yalançı şagirdlər isə İsanın həqiqi davamçıları arasında alaq otları kimidir. İsanın peyğəmbərlik etdiyi kimi, onun ölümündən sonra əsrlər ərzində yalançı şagirdlər peyda oldu. Bunun nəticəsində Üç üqnum, yəni Allahın üç şəxsdən ibarət olması kimi yalan təlimlər yarandı. Yalançı şagirdlər bütpərəstliyə qoşuldular və siyasətə qarışmağa başladılar. Onlardan sadəcə bəziləri İsanın təlimlərinə sadiq qaldı.

Həqiqi iman hifz olunur

Lakin İsanın izah etdiyi kimi, əvvəl-axır vəziyyət dəyişməli idi. Allahın mələkləri əsl imana sahib olmayanları ayırıb məhv edəcəkdilər. Beləcə, əsl imana sahib olanları ayırd etmək asan olacaqdı. Sonda həqiqi imanın ən birinci düşməni Şeytan İblis də məhv olunacaqdı. Bəli, həqiqi iman zəfər çalacaqdı!

Bəs bu gün həqiqi imanı olanları necə müəyyən etmək olar? Bu sualın cavabı növbəti bölmədə müzakirə olunacaq.

Allahın mələkləri həqiqi imana malik olmaq istəyən insanları axtarır