Kontentə keç

Layihə iştirakçısı olan on beş gəncdən üçü mükafat aldıqlarına görə sevinirlər

19 SENTYABR 2023
ALMANİYA

Nasist rejiminin qurbanı olmuş Vilhelmine Pötter haqda layihəyə görə Yehovanın Şahidi olan on beş gənc mükafata layiq görülüb

Nasist rejiminin qurbanı olmuş Vilhelmine Pötter haqda layihəyə görə Yehovanın Şahidi olan on beş gənc mükafata layiq görülüb

6 iyul 2023-cü il tarixində Almaniyanın Kassel şəhərindən olan 15 gənc Yehovanın Şahidi hazırladıqları layihəyə görə birinci yerə layiq görülüb. Layihə Nasist rejimi tərəfindən təqib olunmuş və həyatını itirmiş cəsur bacımız Vilhelmine Pötterə həsr olunub.

Ştolperştayn Kassel Fondu Nasist rejiminin qurbanlarını anmaq üçün Kassel şəhərinin hər yerində yerə vurulan tamet daşı ölçüsündə plitələr düzdü. Onların arasında Vilhelmine və onun əri Yustus Pötterin adı da var idi. O cümlədən qonşuluqdakı Nistetal kəndində Vilhelmine bacının adını daşıyan küçə mövcuddur. Fondun onilliyi ilə bağlı şəhərin dörd bir tərəfindən şagirdlər dəvət olundular. Şagirdlər Nasist rejiminin qurbanlarından birinin və ya bir neçəsinin adını seçməli, onların həyatı haqda məlumat çatdırmalı və onlardan hansı nümunəni götürdüklərini bölüşməli idilər.

Vilhelmine Pötterin adına həsr olunmuş küçədə yerləşən avtobus dayanacağında bacının yazdığı məktublar nümayiş etdirilir

13-23 yaşlarında olan bacı-qardaşlarımız layihəni Vilhelmine bacı barədə hazırlamağa qərar verdilər. Onlar bacının həyatından bəhs edən 24 dəqiqəlik «Tək olan Allaha tabedir» adlı video nümayiş etdirdilər. Videoda onun 1937-ci ildə Nasist rejimi tərəfindən həbs olunmasından və 1942-ci ildə 49 yaşında Ravensbrük həbs düşərgəsində həyatını itirməsindən bəhs olunurdu. Həmçinin şagirdlər həbsdə olanda Vilhelminenin yoldaşına və ailəsinə yazdığı məktubların şəkillərindən ibarət balaca plakatlar hazırlamışdılar. Bu plakatlar Vilhelminenin adına həsr olunmuş küçədəki avtobus dayanacaqlarında nümayiş etdirildi.

25 aprel 1937-ci ildə yoldaşına yazdığı məktubunda Vilhelmine bacının bu sözləri yer alır: «Əzizim Yustus, çox sevinirəm ki, bizə hökm oxunanda hər ikimiz sakitliyimizi və Allaha güclü imanımızı qoruduq. İndi hər şeyimizi bizə yol göstərməyə qadir Ağamız İsanın əllərinə veririk. Duada hər şeydən ziyadə xahiş etmişəm ki, son nəfəsimizədək sadiq qalmaqla bağlı verdiyimiz sözü tutaq. Həmçinin Ağamızdan bizi ruhani və fiziki cəhətdən gücləndirməyini də diləmişəm. O, gücümüzdən artıq sınaqlarla üzləşməyimizə əsla göz yummayacaq. Buna görə də Ağamız və Ustadımıza tam etibar edə bilərik». Vilhelmine bacı duasına cavab aldı. Həm o, həm də yoldaşı həbs düşərgəsində həyata gözlərini yumanadək Yehovaya sadiq qaldılar.

Vilhelmine bacının 25 aprel 1937-ci ildə yoldaşı Yustusa yazdığı məktubu

Videoda 23 yaşlı Aleksandra Altemayer adlı bacı belə bir fikir bölüşmüşdü: «Vilhelmine və yoldaşı bilirdilər ki, Məsihin davamçıları olsalar, təqib olunacaqlar. Onlar təqib və həbs olunmağa, hətta ölməyə belə könül xoşluğu ilə razı oldular. Çünki Allahın onları unutmayacağına əmin idilər». Layihədə iştirak edən 18 yaşlı Ole Şröder adlı qardaş isə belə demişdi: «Vilhelmine bacının nümunəsi məni çox ruhlandırır. Onun Allaha sədaqətini, imanını, dözümünü və həmişə sevincli qalmasını örnək götürməyə dəyər. Bacının nümunəsi mənə Allahla dostluğun nə qədər dəyərli olduğunu görməyə kömək etdi».

180 nəfərin iştirak etdiyi mükafatlandırma mərasimində video tam şəkildə göstərildi. İştirakçılar arasında başqa şagirdlər, mətbuat nümayəndələri, şəhər meri, mədəniyyət şöbəsinin müdiri və məktəbin direktoru da yer alırdı.

Yustus və Vilhelminenin cəsur və imanlı davranışı layihədə iştirak edən dindaşlarımız kimi bizi də ruhlandırır. Əminik ki, Yehova sədaqətli kəsləri heç vaxt xatirindən silməyəcək (İbranilərə 6:10).