Kontentə keç

Habtemaykl Tesfamariam həbs edilmədən öncə həyat yoldaşı Leterbirhan Bezabih ilə birlikdə

25 APREL 2018
ERİTREYA

İki Yehovanın Şahidi Eritreya həbsxanasında həyatını itirdi

İki Yehovanın Şahidi Eritreya həbsxanasında həyatını itirdi

Habtemaykl Tesfamariam və Habtemaykl Mekonen adlı iki Yehovanın Şahidi 2018-ci ilin əvvəlində Asmera yaxınlığındakı Mai Serva həbsxanasında öldü. Hər ikisi 2008-ci ilin yayında dini etiqadlarına görə tutulmuş və həbs edilmişdi. Onlar təxminən on il sərt həbsxana şəraiti ucbatından əziyyət çəkmişdilər.

Habtemaykl Tesfamariam 2018-ci il yanvarın 3-ü Mai Serva həbsxanasında 76 yaşında qəflətən öldü. Həbsxana yoldaşları onun iflic keçirdiyini düşünür. Habtemaykl Tesfamariam 1942-ci ildə Mendeferanın Adi Yakulu şəhərində (Eritreya) anadan olmuşdu. O, 1970-ci ildə Yehovanın Şahidi olmuş, haqsız yerə həbs olunmasına və orada sərt rəftara məruz qalmasına baxmayaraq, imanından dönməmişdi. Onun ölümü həyat yoldaşı Leterbirhan Bezabihə, dörd oğluna və üç qızına böyük zərbə oldu.

Habtemaykl Mekonen 2018-ci il martın 6-sı Mai Serva həbsxanasında 77 yaşında öldü. Həbsxana yoldaşları onun böyrək çatışmazlığından öldüyünü düşünür. Habtemaykl Mekonen 1940-cı ildə Cənubi Eritreyanın Kudo Felas vilayətində anadan olmuşdu. O, təxminən 55 il əvvəl Yehovanın Şahidi olmuşdu. Səbəbsiz yerə həbs olunmasına və pis rəftara məruz qalmasına baxmayaraq, imanından dönməmişdi. Onun ölümü həyat yoldaşı Mihret Alyasa, oğluna və qızına böyük zərbə oldu.

Ədalətsiz həbs və kobud rəftar

Habtemaykl Mekonen 2008-ci ilin iyul ayında hökumət nümayəndələri tərəfindən məhkəməsiz həbs ediləndə evində idi. Habtemaykl Tesfamariam da 2008-ci ilin avqustunda həbs ediləndə öz evində idi. Çox keçməmiş hər ikisi Asmaranın şimal səhrasında yerləşən və çox pis ad qazanmış Meitir həbs düşərgəsinə yerləşdirilmişdi. Bu həbsxanada onlar ağır və qeyri-insani şəraitə dözməli olmuşdular. Hökumət nümayəndələri Yehovanın Şahidi olan bu məhkumlara xüsusi cəza tədbiq etmişdilər, onları 2011-ci ilin oktyabr ayından 2012-ci ilin avqust ayına kimi yarısı torpağın altına gömülən bir binada saxlamışdılar. Məhkumlar burada qida və su çatışmazlığından və yayın dəhşətli istisindən əziyyət çəkmişdilər. Bu şərait ucbatından bəzi məhkumların səhhətində sağalmaz problemlər yaranmışdı.

2017-ci ildə Yehovanın Şahidləri olan bu iki nəfər hökumət nümayəndələri tərəfindən Meitir düşərgəsindən Mai Serva həbsxanasına köçürülmüşdü. Bu həbsxanada onlara qohumları tərəfindən ərzaq bağlamaları almağa və xəstələnəndə tibbi qayğı görməyə icazə verilmişdi. Məhkumlar nisbətən yaxşı şəraiti olan bu həbsxanaya gəlməyə sevinmişdilər. Amma onlar öncəki həbsxana şəraiti ucbatından heç vaxt özlərinə gələ bilməmişdilər.

Habtemaykl Mekonen həbs edilmədən öncə həyat yoldaşı Mihret Alyas ilə birlikdə

Habtemaykl Tesfamariam və Habtemaykl Mekonen Eritreya həbsxanasında ikən və ya azad olunandan qısa müddət sonra həyatını itirən ilk Yehovanın Şahidləri deyil. Qeyri-insani həbsxana şəraiti və rəftarı ucbatından başqa iki Yehovanın Şahidi də bu həbsxanada olarkən, həmçinin başqa üç Yehovanın Şahidi azadlığa buraxılandan qısa müddət sonra həyatını itirmişdi. Bir neçə il bundan əvvəl azadlığa buraxılan ən azı yeddi Yehovanın Şahidi sırf həbsxana şəraiti ucbatından səhhətləri ilə bağlı hələ də ciddi problemlər yaşayırlar. Hal-hazırda Habtemaykl Tesfamariamın qardaşı Tareke də daxil olmaqla, əlli üç nəfər Yehovanın Şahidi imanlarına görə Eritreyada həbsxanadadır.

Təqib «insanlığa qarşı bir cinayətdir»

8 iyun 2016-cı il tarixində Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası Eritreyadakı İnsan Hüquqları üzrə Sorğu Komissiyasının (İHSK) ölkədə insan hüquqlarının pozulmasına dair verdiyi məlumatlara əsaslanan bir məqalə dərc etdirdi. İHSK Eritreyadan tələb etdi ki, «din və etiqad azadlığına hörmət etsin» və «Yehovanın Şahidləri kimi xüsusi dini qrupların üzvlərini dini etiqadlarına görə əsassız yerə tutmağa və həbs etməyə son qoysun,.. bütün əsassız və haqsız yerə həbs edilən məhkumları dərhal azadlığa buraxsın». İHSK belə bir qənaətə gəldi ki, Eritreyanın dini etiqada görə insanları təqib etməsi «insanlığa qarşı bir cinayətdir».

Yehovanın Şahidləri ümid edir ki, Habtemaykl Tesfamariamın və Habtemaykl Mekonenin ölümü beynəlxalq ictimaiyyət tərəfindən gözardı edilməyəcək və bu faciələr Eritreyanın ədalət tərəfdarı olan səlahiyyətli şəxslərini təşviq edəcək ki, etiqadlarına görə haqsız yerə həbs olunan insanların xeyrinə hərəkətə keçsinlər.