Kontentə keç

RUSİYA

Əqidə məhbusları. Rusiya

Əqidə məhbusları. Rusiya

Müasir Rusiyada Yehovanın Şahidlərinin tarixi zülm və təqiblərlə doludur. Onların dinc və qanuna tabe olan vətəndaşlar olmasına baxmayaraq, 20-ci əsrin böyük hissəsi ərzində Rusiya hökuməti onlarla pis rəftar edib. Sovet İttifaqı hökumətinin məqsədi onlara sovet ideologiyasını zorla qəbul etdirmək idi. Onlara Müqəddəs Kitaba və dini ədəbiyyata sahib olmaq qadağan idi. Onları daima güdürdülər, bu səbəbdən Yehovanın Şahidləri ibadət görüşlərini gizli keçirməli olurdular. Onları aşkar etdikdə ya döyür, ya da uzunmüddətli həbs cəzasına məhkum edirdilər. Hökumət minlərlə insanı Sibirə sürgün etmişdi.

1991-ci ildə vəziyyət dəyişdi. Rusiyada Yehovanın Şahidləri rəsmi qeydiyyatdan keçdi və onlara dövlətin müdaxiləsi olmadan sərbəst ibadət etməyə icazə verildi. Amma dinclik dövrü uzun sürmədi.

2009-cu ildə Rusiyanın Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin Yehovanın Şahidlərinin yığıncağının «ekstremist» elan edilməsi barədə qərarını qüvvədə saxladı və bundan sonra vəziyyət gərginləşməyə başladı. İllərlə davam edən məhkəmə çəkişmələrindən sonra, 2017-ci ilin aprel ayında, Rusiyanın Ali Məhkəməsi Yehovanın Şahidlərinin hüquqi şəxslərini ekstremist fəaliyyətdə təqsirli bildi və ləğv etdi. Bundan dərhal sonra Rusiya hakimiyyət orqanları onların əmlakını müsadirə etmək, ibadət yerlərini bağlamaq və dini nəşrlərini «ekstremist material» elan etmək üçün tədbirlər görməyə başladı.

Dövlət orqanları Yehovanın Şahidlərinin hüquqi şəxslərinə qarşı hücumları ilə kifayətlənməyib onları fərdi qaydada da təqib edirlər. Onlar ayrı-ayrı Yehovanın Şahidlərinin ibadətini qadağan olunmuş təşkilatın fəaliyyətini davam etdirmək kimi qiymətləndirirlər. Kobud rəftar və sorğu-sualla müşayiət olunan reydlər keçirirlər. Yaşından və cinsindən asılı olmayaraq, Yehovanın Şahidləri tutulur, məhkum edilir, ev dustaqlığına salınır və ya onlara həbs cəzası verilir.

2017-ci ilin aprel ayında çıxarılmış qadağa haqda qərardan sonra ekstremizmdə ittiham olunan yüzlərlə Yehovanın Şahidi həbsə məhkum olundu və ya barələrində həbs qətimkan tədbiri seçildi. 17 aprel 2024-cü il tarixinədək olan məlumata əsasən həbsdə olan Yehovanın Şahidlərinin sayı 123 nəfərdir.

Rusiyanın Yehovanın Şahidləri ilə sərt rəftarına qarşı etirazlar

Beynəlxalq ictimaiyyətin amansız təqiblərə son qoymaq çağırışlarına baxmayaraq, Rusiya hakimiyyət orqanları Yehovanın Şahidlərini ekstremist fəaliyyətdə ittiham etməyə və həbsə məhkum etməyə davam edir. Vəziyyətdən xəbərdar olan beynəlxalq müşahidəçilər və məhkəmələr Yehovanın Şahidlərini amansızcasına təqib etdiyinə görə Rusiya hökumətini mühakimə edib.

Avropa İnsan Hüquqları Məhkəməsi: 7 iyun 2022-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Yehovanın Şahidlərini təqib etdiyi üçün Rusiyaya qarşı («Taqanroqdakı yerli dini təşkilat və başqaları Rusiyaya qarşı», 32401/10 saylı və digər 19 ərizə) tarixi qərar çıxarıb. Məhkəmə bildirib ki, 2017-ci ildə Yehovanın Şahidlərinin fəaliyyətinin qadağan olunmasının heç bir qanuni əsası yoxdur. Həmçinin məhkəmə Rusiya hökumətinin üzərinə «Yehovanın Şahidlərinə qarşı açılmış bütün cinayət işlərinə xitam vermək... və həbsə məhkum olunan... Yehovanın Şahidlərini azadlığa buraxmaq» öhdəliyi qoyub. Bundan əlavə, hökumətə müsadirə etdikləri bütün əmlakı qaytarmaq və ya əvəzində 60 milyon ABŞ dollarından artıq ödəniş etmək, eləcə də dəymiş mənəvi zərərin əvəzində ərizəçilərə ümumilikdə 3 milyon ABŞ dollarından çox təzminat ödəmək öhdəliyi qoyub.

Avropa Şurasının Baş katibinin məktubu: Mariya Peyçinoviç Buriç Rusiya Xarici İşlər nazirinə ünvanladığı 9 dekabr 2022-ci il tarixli məktubunda bildirmişdi: «Dini icmaların ləğvi və nəticədə, dini icmaların fəaliyyətinin qadağasına, dini mərasimlərin dayandırılmasına və bəzi iştirakçıların azadlıqdan məhrum edilməsinə səbəb olmuş hərəkətlərlə bağlı olan ”‏Moskva Şəhəri Yehovanın Şahidləri Dini İcması və başqaları Rusiyaya qarşı”‏ və ”‏Krupko və başqaları Rusiyaya qarşı”‏ işləri ilə əlaqədar Komitə hökuməti Yehovanın Şahidlərinin təşkilatlarına qoyulmuş qadağanı aradan qaldırmağa, eləcə də açılmış bütün cinayət işlərinə xitam verməyə israrla çağırıb».

Avropa Şurası Nazirlər Komitəsinin qərarı. 2023-cü ilin sentyabr ayında keçirilmiş görüşdə Nazirlər Komitəsi bildirmişdi: «Təəssüf hissi ilə qeyd edirik ki, [Avropa İnsan Hüquqları Məhkəməsinin] Konvensiyanın 46-cı maddəsinə və «Taqanroq şəhərindəki YDT və başqaları Rusiyaya qarşı» işi üzrə çıxardığı qərarın nəticəvi hissəsinə əsasən verdiyi birmənalı göstərişlərə, xüsusilə də... Yehovanın Şahidlərinin həbsdən azad edilməsinə dair göstərişlərinə Rusiya hökuməti tamamilə məhəl qoymayıb». Rusiya hökuməti göstərişləri yerinə yetirmədiyinə görə Nazirlər Komitəsi «qərara gəldi ki, məhkəmənin sözü gedən qərarlarının yerinə yetirilməsini təmin etmək üçün bu qəbildən olan işləri BMT-nin İnsan Hüquqları Komitəsinin, BMT-nin Özbaşına Həbs üzrə İşçi Qrupunun və Rusiya Federasiyasında Yehovanın Şahidlərinin təqibi problemi ilə məşğul olan müxtəlif beynəlxalq təşkilatların diqqətinə çatdırsın».

Bəzi son sərt qərarlar

  • 25 yanvar 2024-cü ildə 37 yaşlı evli qadın olan Sona Olopova islah müəssisəsində iki il müddətinə məcburi əmək cəzasına məhkum edildi. Bu müddət ərzində o, islah müəssisəsinin yerləşdiyi Samara vilayətində yaşamalıdır.

  • 2018-ci ilin iyul ayında hüquq-mühafizə orqanlarının nümayəndələri Yelena Barmakinanın 90 yaşlı nənəsinin evinə soxuldu. Yelena və Dmitri yaşlı qadına qulluq etmək üçün orada qalırdılar. Onları doğma şəhərləri Vladivostoka apardılar və orada Dmitrini həbs etdilər. Elə həmin il ona qarşı «ekstremist təşkilatın fəaliyyətini təşkil etmək» ittihamı ilə cinayət işi açıldı. 6 fevral 2024-cü ildə apelyasiya məhkəməsi Dmitri barəsində çıxarılmış qərarı dəyişməz saxladı. Dmitri məhkəmə zalından yenidən təcridxanaya aparıldı və orada o, 8 illik həbs cəzasını çəkməyə davam edir. Yelena barəsində də cinayət işi davam edir.

  • 53 yaşlı evli kişi olan Aleksandr Çaqan Tolyatti Şəhərinin Tsentralni Rayon Məhkəməsi (Samara vilayəti) tərəfindən təqsirli bilindi. O, 8 il müddətinə həbsə məhkum edildi. Bu, Rusiyada Yehovanın Şahidlərinə təyin olunmuş ən uzunmüddətli həbs cəzalarından biridir. 29 fevral 2024-cü ildə məhkəmə bitəndən sonra qardaş məhkəmə zalında həbs olundu. Hal-hazırda o, Samara vilayətində 4 saylı cəzaçəkmə müəssisəsində həbsdədir.

  • Sibirin şərqində yerləşən İrkutsk vilayətində məhkəmə doqquz Yehovanın Şahidini ekstremizmdə təqsirli bildi. 5 mart 2024-cü ildə ən böyüyünün 72 yaşı olan bu doqquz kişi yeddi ilədək həbs cəzasına məhkum olundu. Bu həbs cəzaları 2021-ci ilin oktyabr ayında hüquq-mühafizə orqanlarının bu Şahidlərin evlərində axtarış aparandan sonra açılan cinayət işlərinin nəticəsi idi. Hökm çıxarılan vaxtadək həmin kişilərdən biri Yaroslav Kalin artıq iki ildən artıq idi ki, məhkəməyədək həbsdə saxlanılırdı. O, həbsini «mümkün ola biləcək ən pis kameralarda və şəraitdə» yaşadığı dəhşətli bir təcrübə kimi təsvir edib.

Ədalətsiz həbslərə son qoymaq cəhdləri davam edir

Bütün dünyada Yehovanın Şahidləri Rusiya hökumətinin onların dindaşları ilə pis rəftar etdiyinə görə çox narahatdırlar. Onlar Rusiya hakimiyyət orqanlarına milyonlarla məktub göndərib. Həbsdə olan Yehovanın Şahidlərinin vəkilləri Rusiyanın bütün instansiya məhkəmələrinə, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinə çoxsaylı şikayət ərizəsi verib. Həmçinin Yehovanın Şahidləri BMT-nin İnsan Hüquqları Komitəsinə və BMT-nin Özbaşına Həbs üzrə İşçi Qrupuna (ÖHİQ) çoxsaylı şikayət ərizələri verib, eləcə də insan hüquqlarının pozulması hallarını monitorinq edən beynəlxalq təşkilatlara hesabatlar göndərilib. Yehovanın Şahidləri Rusiyada dindaşlarının qəddarcasına təqib olunmalarına son qoymaq üçün bundan sonra da ictimaiyyəti məlumatlandırmaq və lazım olan hər şeyi etmək niyyətindədirlər.

Hadisələrin gedişatı

  1. 17 aprel 2024-cü il

    Həbsdə saxlanılan Yehovanın Şahidlərinin ümumi sayı: 123

  2. 24 oktyabr 2023-cü il

    BMT-nin İnsan Hüquqları Komitəsi (CCPR) Elista və Abinsk yerli dini təşkilatları ilə bağlı iki rəy dərc edib. Hər iki iş üzrə CCPR belə qənaətə gəlib ki, Rusiya hökuməti Yehovanın Şahidlərinin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 18.1 (fikir, vicdan və din azadlığı hüququ) və 22.1-ci (birləşmək azadlığı hüququ) maddələri ilə zəmanət verilən hüquqlarını pozub. Bu rəylər təsdiq edir ki, Yehovanın Şahidlərinin dini nəşrlərində nifrətə və zorakılığa səsləyən heç nə yoxdur.

  3. 7 iyun 2022-ci il

    AİHM Yehovanın Şahidlərini təqib etdiyi üçün Rusiyaya qarşı tarixi qərar («Taqanroqdakı YDT və başqaları Rusiyaya qarşı») çıxardı.

  4. 12 yanvar 2022-ci il

    Rusiya Federasiyasının Ədliyyə Nazirliyi «JW Library» tətbiqini ekstremist materialların federal siyahısına əlavə edir. Bu, Rusiyada ekstremist kimi qadağan edilmiş ilk və yeganə tətbiqdir.

  5. 27 sentyabr 2021-ci il

    27 sentyabr 2021-ci il tarixində Sankt-Peterburq Şəhər Məhkəməsi 31 mart 2021-ci il tarixli qərardan verilmiş apelyasiya şikayətini təmin etmədi. Həmin qərara əsasən, «JW Library» tətbiqi ekstremist elan olunmuş və Rusiya Federasiyasının bütün ərazisində, eləcə də Krım yarımadasında qadağan olunmuşdu. Həmin qərar qüvvəyə mindi.

  6. 26 aprel 2019-cu il

    BMT-nin Özbaşına Həbs üzrə İşçi Qrupu qət edir ki, Dmitri Mixaylovun hüquqları pozulub. İşçi Qrupu Rusiyanı Yehovanın Şahidlərini təqib etdiyinə görə mühakimə edir.

  7. 20 aprel 2017-ci il

    Rusiya Federasiyasının Ali Məhkəməsinin qərarı ilə Yehovanın Şahidlərinin Rusiyadakı idarəsi və 395 yerli dini icması ləğv edilir.