Kontentə keç

Bir dərs çoxlu dərslərə yol açdı

Bir dərs çoxlu dərslərə yol açdı

 Qvatemalada yaşayan Marta adlı Yehovanın Şahidi kekçi dilini öyrənir ki, bu dildə danışan insanlara Müqəddəs Kitabdakı müjdəni çatdırsın. Bir dəfə o, xəstəxanadan çıxan bir kişini gördü. Görkəmindən təxmin etdi ki, kişi dağlıq bölgədə yaşayan kekçi kəndindəndir, həmin ərazidə isə Yehovanın Şahidləri çox az təbliğ ediblər. O, kişiyə yaxınlaşıb kekçi dilində bir-iki söz dedi.

 Marta kişiyə Müqəddəs Kitabı öyrənməyi təklif etdi. Kişi sevinclə bu təklifi qəbul etdi, amma dərsin haqqını ödəməyə imkanı olmadığını dedi. Marta bildirdi ki, Yehovanın Şahidləri Müqəddəs Kitabı pulsuz öyrədir. Həmçinin söylədi ki, dərsi telefonla keçə bilər, üstəlik, ailəsi də onunla birlikdə öyrənə bilər. Kişi razılaşdı. İspanca danışıb-oxuya bildiyi üçün Marta ona ispan dilində Müqəddəs Kitab, həmçinin kekçi dilində «Müqəddəs Kitab əslində nə öyrədir?» adlı dərs vəsaiti verdi. Növbəti həftə Marta ona, arvadına və iki uşağına telefonla Müqəddəs Kitab dərsi keçməyə başladı. Onlar həftədə iki dəfə dərs keçirdi. Marta deyir: «Kekçi dilində sərbəst danışa bilmədiyim üçün dərsi ispanca keçirdik. Kişi arvadına tərcümə edirdi. Uşaqlar isə ispanca başa düşürdü».

 Kişi kilsədə pastor idi. O, dərs vaxtı öyrəndiklərini kilsəyə gələnlərə də öyrətməyə başladı. Eşitdikləri onların elə xoşuna gəldi ki, bu yeni təlimləri haradan bildiyini soruşdular. O, Müqəddəs Kitabı öyrəndiyi barədə danışanda onlar da bir-bir ona qoşuldular. Çox keçməmiş, Marta hər həftə təxminən 15 nəfərə telefonla Müqəddəs Kitab dərsi keçirdi. Bir vaxtdan sonra onlar telefonun yanına mikrofon qoyurdular ki, hər kəs eşitsin.

 Marta bu haqda yığıncağın ağsaqqallarına danışdı. Ağsaqqallardan biri həmin kəndə baş çəkdi. O, öyrənənləri rayon nəzarətçisinin a qonşu kəndlərin birində söyləyəcəyi açıq məruzəyə dəvət etdi. Həmin kəndə bir saat avtomobillə, iki saat isə piyada yol getmək lazım idi. Öyrənənlər razılaşdı. Məruzəyə qulaq asmağa 17 nəfər gəlmişdi.

 Bir neçə həftə sonra rayon nəzarətçisi və bir neçə Yehovanın Şahidi öyrənənlərin yaşadığı kəndə gəlib, dörd gün orada qaldı. Onlar səhərlər jw.org saytında kekçi dilində Müqəddəs Kitaba əsaslanan videolara baxırdılar və «Yehova Allahın müasir xalqı» adlı broşürü araşdırırdılar. Günortalar JW televiziyasından proqramları izləyirdilər. Həmçinin rayon nəzarətçisi hər bir adamla fərdi Müqəddəs Kitab dərsi keçilməsini təşkil etdi.

 Dörd gün ərzində Şahidlər yaxınlıqdakı kekçi kəndlərində də təbliğ edir, camaatı xüsusi ibadət görüşünə dəvət edirdi. Həmin görüşə 47 nəfər gəlmişdi. Qardaşlar onlara fərdi Müqəddəs Kitab dərsi keçilməsini təklif etdilər. On bir ailə təklifi qəbul etdi.

 Bir neçə ay sonra ağsaqqallar ilk gəldikləri kənddə hər həftəsonu ibadət görüşü təşkil etdilər. Bu gün ibadət görüşlərinə müntəzəm olaraq təxminən 40 nəfər gəlir. Qardaşlar orada İsa Məsihin ölümünü anma mərasimini keçirəndə 91 nəfərin gəldiyini görüb çox sevindilər.

 Marta hadisələrin necə başlandığını və necə cərəyan etdiyini xatırlayaraq deyir: «Yehovaya çox minnətdaram. Hərdən düşünürəm ki, əlimdən çox şey gəlmir. Amma hamımız Allahın əlində alətik. Yehova o kəndlərdə yaşayanların ürəyini görürdü və onları öz xalqının sırasına qatdı. Yehova onları sevir».

a Yehovanın Şahidlərinin rayon nəzarətçisi təxminən 20 yığıncağı ziyarət edir.