Kontentə keç

İntihardan xilas edilənlər

İntihardan xilas edilənlər

Evdən-evə təbliğ edərkən iki Yehovanın Şahidi bir qapının zəngini basdılar. Qapını çox pərişan və gərgin vəziyyətdə olan bir kişi açdı, arxada isə pilləkənin üstündən kəndir sallanırdı.

Ev sahibi Şahidləri içəriyə dəvət edəndə onlar kişidən kəndirin nə üçün oradan asıldığını soruşdular. Cavabında kişi intihar etmək istədiyini, amma zəngin səsini eşidəndə sonuncu dəfə qapını açmaq qərarına gəldiyini dedi. Şahidlər oturub onunla söhbət etdilər, sonra da həkimə apardılar. Həkim ona kömək etdi.

Bu hadisə Belçikada qəzetlərin birində dərc olunmuşdu. Lakin bu, Yehovanın Şahidlərinin insanlara intihardan xilas olunmağa kömək etdikləri yeganə hadisə deyil. Dünyanın müxtəlif yerlərində baş vermiş oxşar hadisələrə nəzər salaq.

Yunanıstandan bir qadın yazmışdı: «Sevgilimin məni bərk məyus etməsi məni ağır depressiyaya saldı. Ürəyim elə qan ağlayırdı ki, özümə qəsd etmək qərarına gəldim. İntihar etmək fikrinin özü belə məni rahatlaşdırırdı — mən ağrı-acıma son qoymaq istəyirdim».

Ancaq bu qadın həkimlərə müraciət etdi. Qısa müddət sonra o, Yehovanın Şahidləri ilə əlaqə saxladı və Müqəddəs Kitabı öyrənməyə, eləcə də yığıncaqlara gəlməyə başladı. O yazmışdı: «Yehovanın Şahidləri arasında mən uzun illər sorağında olduğum təmənnasız qardaşlıq məhəbbətini tapdım. Mən əsil və etibarlı dostlar qazandım. İndi qəlbim rahat və sevinclə doludur və mən gələcəyə görə narahat deyiləm».

İngiltərədən bir Şahid yazır: «Bir gün çox dilxor vəziyyətdə olan bir tanışım mənə zəng edib həmin gecə intihar edəcəyini söylədi. “Oyanın!” jurnalının 2008-ci il may sayında insanları intihardan çəkindirməyə dair verilən məsləhətlərdən istifadə edərək onunla söhbət etdim və Müqəddəs Yazılardan təsəlliverici fikirləri bölüşdüm. Problemləri həll olunmasa da, o intihar etmək fikrindən daşındı».

Qanada Maykl adlı bir Yehovanın Şahidi onun işlədiyi yerdə bir gənc satıcı qadınla söhbət etməyə başladı. Bir gün Maykl onun bərk dilxor olduğuna fikir verib bunun səbəbi ilə maraqlandı.

Qadın dedi ki, əri onu atıb başqası ilə yaşadığı üçün özünü öldürmək istəyir. Maykl ona təsəlli verdi və Müqəddəs Yazıları izah edən iki kitab verdi. Oxuduqları qadını intihar etmək fikrindən daşındırdı. O, Müqəddəs Kitabı öyrənməyə davam etdi və hal-hazırda Yehovanın Şahididir.

ABŞ-da qəzetlərin birində bir gənc Şahidin xidmətdə başına gələn hadisə çap edilmişdi. Yolla gedərkən onun gözünə dayanacaqda mühərriki işlək vəziyyətdə olan bir maşın sataşdı.

O nəql edir: «Mən gördüm ki, maşının tüstü borusuna bir şlanq taxılıb, həmin şlanqın o biri ucu isə maşının pəncərəsindən içəriyə salınmışdı. Pəncərənin açıq qalan hissəsi yapışqan lentlə bağlanmışdı.

Cəld maşına yaxınlaşdım və pəncərədən baxanda gördüm ki, içərini tüstü basıb və orada bir qadın oturub ağlayır. “Siz nə edirsiniz?” — deyə mən qışqırdım.

Qapını açmaq istəyəndə gördüm ki, arxa oturacaqda uç balaca uşaq oturub. Mən qapını açdım. Qadın təkrar-təkrar deyirdi: “Mən göyə getməliyəm! Mən göyə getməliyəm! Uşaqlarımı özümlə aparmalıyam”.

Mən dedim: “Xahiş edirəm, bunu eləməyin, bu, çıxış yolu deyil!”

Qadın cavab verdi: “Mən göyə getməliyəm. Balalarımı özümlə aparmalıyam”.

O, hönkür-hönkür ağlayırdı. Diz üstə çöküb mən də ağlamağa başladım. Yenə də: “Amandır, eləməyin” — dedim. Sonra içəri əyilib əlimi boynuna keçirdim və onu ehmalca maşından çıxartdım.

O qışqırdı: “Uşaqlarımı xilas edin!”

Dörd və beş yaşında iki qız və iki yaşında bir oğlan balaca əllərini mənə tərəf uzatdılar. Onlar tezliklə öləcəklərindən bixəbər halda sakitcə maşının arxa oturacağında əyləşmişdilər.

Dördünü də maşından çıxarandan sonra mühərriki söndürdüm. Sonra beşimiz səkidə oturanda mən soruşdum: “Danışın görüm, nə olub”».

Yehovanın Şahidləri həyatı Yaradanın bəxş etdiyi dəyərli ənam hesab edirlər. Bütün dünyada onlar əzizləri intihar etmiş insanlara və intihara cəhd edənlərə təsəlli verməyə çalışırlar.