Kontentə keç

Terminologiya lüğəti

Terminologiya lüğəti

Yehovanın Şahidlərinin fəaliyyəti haqqında xəbər hazırlamaq istədiyiniz üçün sizə minnətdarıq. Aşağıdakı lüğət dini təşkilatımızın istifadə etdiyi terminlərin yazılışını və mənasını başa düşməyə kömək etmək üçün tərtib olunub. Bu lüğətdə olmayan hansısa mövzu ilə bağlı əlavə suallarınız varsa, zəhmət olmasa, Yehovanın Şahidlərinin filialı ilə əlaqə saxlayın.

açıq görüş: çox vaxt həftə sonu keçirilən ibadət görüşüdür. Görüşdə Müqəddəs Kitaba əsaslanan 30 dəqiqəlik nitq söylənilir. Nitqdən sonra «Gözətçi qülləsi» jurnalının təlim nəşrindən bir məqalənin bir saat ərzində sual-cavab formasında müzakirəsi olur. Yehovanın Şahidlərinin digər görüşlərində olduğu kimi bu görüşdə də istəyən hər kəs həm canlı, həm də onlayn şəkildə iştirak edə bilər. Giriş ödənişsizdir.

ağsaqqal: yığıncaqdakı bacı-qardaşlara təlim vermək və onların qayğısına qalmaq üçün təyin olunmuş ruhən yetkin kişilər. Ağsaqqal təyin olunmaq üçün tələblər Müqəddəs Kitabda 1 Timutiyə 3:1—7, Titusa 1:5—9, Yaqub 3:17, 18 və 1 Butrus 5:2 ayələrində yazılıb. Ağsaqqallara xidmətlərinə görə pul ödənilmir və onlar nə yığıncağın, nə də Yehovanın Şahidləri ilə əlaqəli hər hansı qurumun işçisi deyil. Onların çoxu özünü və ailəsini dolandırmaq üçün işləyirlər. Ağsaqqallar ruhani sinfi deyil və yığıncaqdakı digər bacı-qardaşlarla onların arasında heç bir fərq yoxdur. Bu, fəxri ad deyil.

bacı: Yehovanın Şahidi kimi vəftiz olunan qadına müraciət forması. Bu, fəxri ad deyil.

 beynəlxalq toplantı: ibadət etmək və Müqəddəs Kitabdan təlim almaq üçün Yehovanın Şahidləri tərəfindən bir neçə ildən bir dünyanın müxtəlif yerlərində təşkil olunan üçgünlük görüş. Müxtəlif ölkələrdə yaşayan Yehovanın Şahidləri nümayəndə qismində toplantılara dəvət olunur. İstəyən hər kəs görüşdə iştirak edə bilər. Toplantının məqsədi bütün dünyada Yehovanın Şahidləri arasında birliyi möhkəmləndirmək və onları ruhlandırmaqdır. Bu toplantılar həftənin cümə günündən bazar gününədək çox vaxt icarəyə götürülmüş yerlərdə keçirilir. Beynəlxalq toplantılarda iştirak ödənişsizdir və pul yığılmır.

Beytel, beytelli, Beytel ailəsi: «Beytel» ibrani dilindən tərcümədə «Allahın evi» deməkdir. Yehovanın Şahidlərinin təbliğ fəaliyyətinə nəzarət edən və dünyanın müxtəlif yerlərində yaradılan idarələr, yaxud filiallar Beytel adlanır. Orada xidmət edən və Yehovanın Şahidlərinin dini ordeninin üzvü olan Şahidlərə «beytelli» deyilir. Beytellilər maaş almır. Ümumilikdə onlara «Beytel ailəsi» deyilir, çünki onlar bir ailə kimi birgə yaşayır, ibadət edir və işləyirlər. «Beytelli» termini fəxri ad deyil.

filial: Yehovanın Şahidlərinin bir və ya bir neçə ölkədə fəaliyyətinin təşkili və nəzarəti üçün filial komitəsinin istifadə etdiyi yerli idarə.

filial komitəsi: hər hansı bir ölkədə filial təsis olunanda ora üç və ya daha artıq ağsaqqaldan ibarət filial komitəsi təyin olunur. Onlar filialın nəzarət etdiyi ölkə və ya ölkələrdə Yehovanın Şahidlərinin fəaliyyətini təşkil edir.

Gilad, Gilad məktəbi: xüsusi təyinatlı müjdəçilərin hazırlanması üçün 1943-cü ildə təsis edilmiş Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilad. Hal-hazırda məktəbə dəvət olunan Yehovanın Şahidləri Müqəddəs Kitaba əsaslanan xüsusi beşaylıq proqrama əsasən təlim alırlar.

«Gözətçi qülləsi Yehova Allahın Padşahlığını bəyan edir»: Yehovanın Şahidlərinin dərc etdiyi və payladığı əsas jurnalın tam adı. Qısa «Gözətçi qülləsi» deyilir. Bu adı seçməkdə məqsəd oxuculara Allahın niyyətini necə həyata keçirdiyini görmək üçün gözətçi kimi oyaq qalmağın vacibliyini göstərməkdir (Mətta 24:42). «Gözətçi qülləsi»nin kütləvi nəşri istəyən hər kəsə pulsuz verilir. «Gözətçi qülləsi»nin təlim nəşri bütün dünyada həftəsonu görüşlərdə sual-cavab şəklində müzakirə olunur. «Gözətçi qülləsi» jurnalı 1879-cu ildən mütəmadi olaraq dərc olunur. Dünyada ən çox tirajla satılan jurnallardan biridir.

həftəiçi görüş: adətən həftəiçi axşam təşkil olunan ibadət görüşü. Məsihi həyatı və ibadəti adlanan üçhissəli proqramdan ibarət olur. Məqsədi Yehovanın Şahidlərinə Allaha xidmətdə püxtələşməyə kömək etməkdir. Yehovanın Şahidlərinin digər görüşlərində olduğu kimi bu görüşdə də istəyən hər kəs iştirak edə bilər. Giriş ödənişsizdir.

xüsusi təyinatlı müjdəçi: Yehovanın Şahidlərinin Rəhbərlik Şurası tərəfindən dünyanın müxtəlif yerlərinə təyin olunan vəftiz olunmuş Yehovanın Şahidi. Xüsusi təyinatlı müjdəçilər könüllü olaraq evlərini tərk edib başqa ərazidə Padşahlıq haqda xoş müjdənin təbliğinə kömək etməyə hazırdırlar (Mətta 24:14).

İsa Məsih: Allahın yeganə Oğlu (Yəhya 3:16). Yehovanın Şahidləri İsaya rəhbərləri kimi baxır, ondan nümunə götürür və təlimlərinə əməl edirlər. Yehovanın Şahidləri İsa Məsihi yer üzündə yaşamış ən dahi insan, Yehovanın ən vacib Şahidi və Yehova Allahın bütün bəşəriyyəti xilasa çatdırmaq üçün istifadə edəcəyi əsas şəxs hesab edirlər (Əşiya 9:6, 7; Vəhy 1:5).

Məsihin ölümünü anma mərasimi: İsa Məsihin ölümünü anmaq üçün hər il keçirilən mərasim. Həmçinin Ağanın şam yeməyi, sonuncu şam yeməyi və ya anma mərasimi də adlandırılır. Yehovanın Şahidləri üçün bu, ilin ən vacib tədbiridir. İsa Məsih davamçılarına bu mərasimi qeyd etməyi şəxsən özü tapşırmışdı (Luka 22:19, 20).

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»: İbranicə (Əhdi-Ətiq) və Yunanca (Əhdi-Cədid) Müqəddəs Yazıların Yehovanın Şahidləri tərəfindən tərcümə olunmuş və dərc edilmiş nəşrinin tam adı. Qısa «Yeni Dünya Tərcüməsi» deyilir.

«Oyanın!»: Yehovanın Şahidləri tərəfindən dərc olunan və paylanılan jurnal. İlk dəfə 1919-cu ildə «Qızıl əsr» adı altında dərc olunmuşdu. 1937-ci ildə adı dəyişdirilərək «Təsəlli» qoyulmuşdu. 1946-cı ilin 22 avqust sayından isə «Oyanın!» adlanır. «Oyanın!» adı oxucuları Müqəddəs Kitaba əsasən xüsusi bir dövrdə yaşadıqları barədə agah etmək üçün seçilmişdi. Dünyada ən çox tirajla satılan jurnallardan biridir.

öncül: təbliğ xidmətinə konkret saat ayırmağa çalışan vəftiz olunmuş Yehovanın Şahidinə verilən ad. Adətən bu termin il ərzində xidmətə 600 saat (ayda 50 saat) ayıran Yehovanın Şahidi üçün istifadə edilir. Bəzən isə «köməkçi öncül»ə də qısa olaraq öncül deyilir. Köməkçi öncül bir və ya bir neçə ay ərzində xidmətə hər ay 15 və ya 30 saat vaxt sərf edir. Öncüllərə xidmətlərinə görə pul ödənilmir və onlar nə yığıncağın, nə də Yehovanın Şahidləri ilə əlaqəli hər hansı qurumun işçisi deyil. Onların çoxu özünü və ailəsini dolandırmaq üçün işləyirlər. «Öncül» fəxri ad deyil.

qardaş: Yehovanın Şahidi kimi vəftiz olunan kişiyə müraciət forması. Bu, fəxri ad deyil.

qardaşlıq: Yehovanın Şahidlərinin ümumdünya cəmiyyətinə (həm kişilər, həm qadınlar daxildir) aid işlənən termin (1 Butrus 5:9).

rayon: Yehovanın Şahidlərinin bir qrup yığıncağından ibarət müəyyən ərazi.

  rayon nəzarətçisi: çox vaxt ildə iki dəfə bir rayona daxil olan hər yığıncağı ziyarət edən təcrübəli ağsaqqal (əgər evlidirsə, həyat yoldaşı ilə birgə). Rayon nəzarətçisi filialın nəzarəti altında xidmət edir. O həm yığıncaqdakı bacı-qardaşlara ürək-dirək verir, həm də ağsaqqalları və yığıncaq xidmətçilərini ruhlandırır və onlara məsləhətlər verir. Rayon nəzarətçisi yığıncaqlara lazımi göstərişlər vermək üçün xüsusi proqram hazırlayır. «Rayon nəzarətçisi» fəxri ad deyil.

 rayon toplantısı: Yehovanın Şahidlərinin ildə iki dəfə keçirdiyi birgünlük toplantı. Toplantıda bir neçə yığıncaq bir yerdə iştirak edir. Bu toplantılarda hər kəs iştirak edə bilər. Məqsəd insanlara Allaha yaxınlaşmağa kömək etməkdir. Toplantının proqramı elə hazırlanır ki, bütün yaşdan olan iştirakçılar Müqəddəs Kitabda verilən məsləhətlərdən faydalana bilsinlər. Nümayiş olunan səhnəciklər insanlara Müqəddəs Kitabdan öyrəndiklərini gündəlik həyatda tətbiq etməyə kömək edir. Rayon toplantıları bir çox ərazilərdə icarəyə götürülmüş yerlərdə, iştirakçıların sayı az olanda isə ibadət evlərində keçirilir. Bəzi ölkələrdə isə rayon toplantıları Yehovanın Şahidlərinin toplantı zalında keçirilir. Rayon toplantılarını onlayn izləmək də olur. Toplantılar çox vaxt həftəsonu keçirilir. Görüşün bütün hissələri ödənişsizdir və pul yığılmır.

regional toplantı: Yehovanın Şahidlərinin ildə bir dəfə keçirdiyi üçgünlük toplantı. Toplantıda müəyyən ərazilərdən olan bir neçə yığıncaq bir yerdə iştirak edir. Məqsəd insanlara Allaha yaxınlaşmağa kömək etməkdir. Bu toplantılarda hər kəs iştirak edə bilər. Toplantının proqramı elə hazırlanır ki, bütün yaşdan olan iştirakçılar Müqəddəs Kitabda verilən məsləhətlərdən faydalana bilsinlər. Nümayiş olunan səhnəciklər insanlara Müqəddəs Kitabdan öyrəndiklərini gündəlik həyatda tətbiq etməyə kömək edir. Regional toplantılar bir çox ərazilərdə icarəyə götürülmüş böyük məkanlarda, məsələn, arenalarda, stadionlarda və konqres mərkəzlərində keçirilir. İştirakçıların sayı az olan ölkələrdə isə Yehovanın Şahidlərinin toplantı zallarında keçirilir. Çox vaxt bu toplantılar həftənin cümə günündən bazar gününədək olur. Son illərdə toplantının videoyazısına onlayn baxmaq da mümkündür. Yehovanın Şahidlərinin digər görüşlərində olduğu kimi regional toplantılarda da iştirak ödənişsizdir və pul yığılmır.

təbliğ: bax:  təbliğ xidməti.

 təbliğ xidməti: İsa Məsihin «Padşahlıq haqqındakı... müjdə»ni «bütün yer üzündə təbliğ [edin]» əmrinə müvafiq olaraq Yehovanın Şahidlərinin həyata keçirdiyi fəaliyyət (Mətta 24:14; 28:19).

təbliğçi: Yehovanın Şahidləri ilə birgə təbliğ xidmətində iştirak edən şəxs. Təbliğçi Müqəddəs Kitabın əsas təlimlərini bilməli və Allahın normalarına uyğun həyat sürməlidir. Təbliğçilərə xidmətlərinə görə pul ödənilmir və onlar nə yığıncağın, nə də Yehovanın Şahidləri ilə əlaqəli hər hansı qurumun işçisi deyil. «Təbliğçi» fəxri ad deyil.

toplantı: bax:  rayon toplantısı,  beynəlxalq toplantı regional toplantı.

Yehova: Müqəddəs Kitaba əsasən Külli-İxtiyar Allahın və Yaradanın adı (Zəbur 83:18). Hansısa bir Yehovanın Şahidindən bəhs edilərkən «Yehova» adından bir termin kimi istifadə edilməməlidir (məsələn, «Yehovaçı» və s.).

Yehovanın Şahidləri: Yehova Allaha ibadət edən və müxtəlif vasitələrdən istifadə edərək insanlara Müqəddəs Kitabı araşdırmağa kömək edən məsihilər. Müqəddəs Kitaba əsaslanan bu təlim işinin məqsədi Allahın Padşahlığı, yəni Onun qurduğu hökumət barədə xoş müjdəni bölüşməkdir (Mətta 24:14). Bu ad onların təkcə kimə xidmət etdiklərini yox, həmçinin Allahın adı naminə könüllü şəkildə gördükləri işi təmsil edir. Biri yalnız Müqəddəs Kitab haqqında müəyyən biliyə sahib olduqdan, Yehovanın Şahidlərinin yığıncağı ilə birgə insanlara təbliğ etmək üçün yararlı olduqdan və Yehova Allaha həsr olunmasının simvolu olaraq vəftiz olunduqdan sonra Yehovanın Şahidi olur. Hansısa bir məqalədə birinci dəfə istifadə olunanda bu ad bütöv şəkildə yazılmalıdır. Alternativ olaraq «Şahidlər» yazmaq olar. Bir nəfərdən söhbət gedəndə «Yehovanın Şahidi» yazmaq olar (Əşiya 43:10).

Yehovanın Şahidlərinin ibadət evi: bir və ya daha çox yığıncağın istifadə etdiyi ibadət yeri. Qısa olaraq «ibadət evi» deyilir. Xahiş edirik, Yehovanın Şahidlərinin ibadət yerlərini «kilsə» adlandırmayın.

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası: bütün dünyada Yehovanın Şahidlərinin ruhani tələbatlarının qayğısına qalan ağsaqqallardan ibarət kiçik qrup. Qısa olaraq Rəhbərlik Şurası kimi tanınır. Onlar Müqəddəs Kitaba əsaslanan nəşrlərin hazırlanmasına birbaşa rəhbərlik edir. Bu ağsaqqallar Yehovanın Şahidlərinin bütün dünyada fəaliyyətinə nəzarət etsələr də, Yehovanın Şahidlərinin rəhbəri olaraq yalnız İsa Məsihi tanıyırlar. Rəhbərlik Şurası Yehovanın Şahidlərinin Vorvikdə (ABŞ, Nyu-York) yerləşən baş idarəsində fəaliyyət göstərir.

Yehovanın Şahidlərinin toplantı zalı: Yehovanın Şahidlərinə məxsus böyük ibadət yerləri. Orada müəyyən ərazilərdən olan yığıncaqlar ildə bir neçə dəfə böyük görüşlər keçirir. Qısa olaraq «toplantı zalı» deyilir.

yığıncaq: qrup şəklində ibadət üçün mütəmadi toplaşan Yehovanın Şahidləri. Yığıncaqdakı bacı-qardaşlara həm qrup şəklində, həm də ayrı-ayrılıqda ruhani göstərişlər vermək və Müqəddəs Kitab təlimlərinə əsaslanan müxtəlif proqramları keçirmək məsuliyyəti ağsaqqallar şurasına tapşırılıb. İstəyən hər kəs yığıncaqlarda iştirak edə bilər. Yığıncaqlarda iştirak ödənişsizdir və pul yığılmır.

yığıncaq xidmətçisi: yığıncaq işlərində ağsaqqallara kömək etmək üçün təyin olunan Yehovanın Şahidi olan ruhani düşüncəli kişi. Yığıncaq xidmətçisi təyin olunmaq üçün tələblər Müqəddəs Kitabda 1 Timutiyə 3:8—10, 12, 13 və Titusa 2:2, 6—8 ayələrində yazılıb. Yığıncaq xidmətçiləri yığıncağın vacib təşkilati və texniki işlərində kömək edir. Yığıncaq xidmətçilərinə xidmətlərinə görə pul ödənilmir və onlar nə yığıncağın, nə də Yehovanın Şahidləri ilə əlaqəli hər hansı qurumun işçisi deyil. Onların çoxu özünü və ailəsini dolandırmaq üçün işləyirlər. Bəzi yığıncaq xidmətçiləri vaxt keçəndən sonra ağsaqqallar üçün tələblərə cavab verdikdə ağsaqqal təyin oluna bilərlər. «Yığıncaq xidmətçisi» fəxri ad deyil.

Qeyd. Yehovanın Şahidləri haqqında yazarkən, xahiş edirik, birinci dəfə bu addan istifadə edəndə adı bütöv şəkildə yazın. Əlavə məlumat üçün bu lüğətdə  Yehovanın Şahidləri ifadəsinin izahına baxın.