Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Allahın xalqı nə vaxt Böyük Babilin əsarətində olub?

Bu ruhani əsarət eramızın ikinci əsrindən 1919-cu ilədək davam edib. Nəyə görə bu yeni izahat qəbul olundu?

Bütün sübutlar göstərir ki, bu əsarət 1919-cu ildə, məsh olunmuş məsihilər təmizlənmiş yığıncağa toplananda bitdi. Allahın Padşahlığı 1914-cü ildə göydə təsis olunduqdan sonra bir neçə il ərzində Allahın xalqı sınandı və yalan ibadətdən təmizləndi * (Məl. 3:1—4). 1919-cu ildə İsa vaxtlı-vaxtında yemək vermək üçün Allahın təmizlənmiş xalqı üzərində «sadiq və ağıllı nökər» təyin etdi (Mət. 24:45—47). Həmin il Allahın xalqı Allahın onlara verdiyi ruhani mülkə qayıtmağa başladı. Həmçinin həmin il onlar Böyük Babilin simvolik əsarətindən azad oldular (Vəhy 18:4). Bəs bu əsarət nə vaxtdan başlamışdı?

Uzun illər biz belə şərh edirdik ki, Allahın xalqı Böyük Babilin əsarətinə 1918-ci ildə düşüb və qısa müddət əsarətdə olub. Məsələn, «Gözətçi qülləsi»nin 1992-ci il 15 mart sayında deyilirdi: «Allahın qədim xalqı müəyyən müddətə Babilə əsir aparıldığı kimi, Yehovanın xidmətçiləri də 1918-ci ildə Böyük Babilin əsarətinə düşdü». Lakin sonrakı araşdırmalardan aydın oldu ki, bu əsarət 1918-ci ildən çox-çox əvvəl başlamışdı.

Məsələn, gəlin Allahın xalqının bu əsarətini və azadlığını söyləyən peyğəmbərliklərdən birini nəzərdən keçirək. Bu, Hizqiyal 37:1—14 ayələrində yazılıb. Hizqiyal görüntüdə sümüklərlə dolu düzənlik görmüşdü. Yehova ona demişdi ki, sümüklər İsrail evini təmsil edir. Bu peyğəmbərlik ikinci dəfə məsh olunmuşlardan ibarət «Allahın İsraili»nin üzərində yerinə yetdi (Qal. 6:16; Həv. 3:21). Sonra Hizqiyal sümüklərin canlandığını görmüşdü. Onlar böyük bir qoşun olmuşdu. Bu görüntü Allahın xalqının ruhani cəhətdən dirilməsini necə də gözəl təsvir edir. Ruhani dirilmənin kulminasiya nöqtəsi 1919-cu ildə baş verən hadisələr olmuşdu. Bəs bu görüntüdən ruhani əsarətin müddəti barədə nə öyrənirik?

Əvvəla, diqqət yetirin ki, sümüklər quru və qupquru kimi təsvir olunub (Hizq. 37:2, 11). Buradan görünür ki, sümüklər çoxdanın ölülərinin sümüyüdür. İkincisi, canlanma birdən-birə yox, tədricən baş verir. Əvvəlcə, şaqqıltı səsi gəlir, sümüklər bir-birinə bitişməyə başlayır. Sonra üstlərinə əzələ, ət gəlir, daha sonra onları dəri örtür. Axırda nəfəs onların canına dolur və onlar canlanırlar. Ən nəhayətdə, Allah canlanmış xalqı öz torpağına qaytarır. Bunların baş verməsi üçün bir müddət vaxt lazımdır (Hizq. 37:7—10, 14).

Qədim İsrail xalqının əsarəti xeyli sürmüşdü. Bu, eradan əvvəl 740-cı ildə onqəbiləli şimal padşahlığının süquta uğrayıb, əhalisinin sürgün olunması ilə başladı. Sonra b. e. ə. 607-ci ildə Yerusəlim yerlə yeksan edildi, cənub padşahlığı olan Yəhudanın əhalisi də əsir aparıldı. Bu əsarət b. e. ə. 537-ci ildə qurtardı. Həmin ildə az sayda yəhudi məbədi yenidən tikmək və pak ibadəti bərpa etmək üçün Yerusəlimə qayıtdı.

Müqəddəs Kitabdakı bu təfsilatları nəzərə alanda aydın olur ki, Allahın xalqı 1918-ci ildən 1919-cu ilədək yox, daha çox vaxt ərzində Böyük Babilin əsarətində olmuşdur. Bu əsarət alaq otlarının Padşahlığın buğda ilə təmsil olunan oğulları ilə birlikdə böyüdüyü vaxtla eynidir (Mət. 13:36—43). Alaq otları ilə buğdanın birgə böyüdüyü vaxt ərzində dönüklərin sayı həqiqi məsihilərdən qat-qat çox idi. Mahiyyət etibarilə, məsihi yığıncağı Böyük Babilin əsarətində idi. Bu əsarət eramızın ikinci əsrindən başlayıb axırzamanda ruhani məbədin təmizlənməsinə qədər davam etdi (Həv. 20:29, 30; 2 Salon. 2:3, 6; 1 Yəh. 2:18, 19).

Uzun müddət sürən ruhani əsarət dövründə kilsə xadimləri və siyasi xadimlər hakimiyyəti öz əllərində saxlamaq üçün insanları Allahın Kəlamına yaxın buraxmırdılar. İnsanların Müqəddəs Kitabı öz dilində oxuması cinayət hesab olunurdu. Hətta bəzən bunun üstündə adamları dirəkdə yandırırdılar. Kilsə xadimlərinin təlimlərinə zidd fikir söyləyənlərə divan tutulurdu. Beləcə, həqiqət nurunu yaymaq cəhdləri yerindəcə boğulurdu.

Bəs məsələnin ikinci tərəfi, canlanma haqqında nə demək olar? Bu, nə vaxt və necə baş verdi? Ruhani canlanma tədricən baş verdi. Axırzamandan əvvəl bir neçə əsr ərzində şaqqıltı səsləri gəlirdi. Yəni yalan dini təlimlərin hökmranlıq etməsinə baxmayaraq, bəzi sadiq insanlar əllərindən gəldiyi qədər həqiqi ibadətin müdafiəsinə qalxırdı. Onlardan bəziləri Müqəddəs Kitabı xalqın dilinə tərcümə edirdi. Bir başqaları Allahın Kəlamının səhifələrində aşkar etdiyi həqiqətləri bəyan edirdi.

XIX əsrin sonlarında Çarlz Teyz Rassel məsləkdaşları ilə birlikdə Müqəddəs Kitab həqiqətlərini tapmaq üçün cidd-cəhdlə çalışırdı. Bununla da, sanki, bir-birinə bitişmiş ruhani sümüklərin üstünə ət və dəri gəlməyə başladı. «Sion Gözətçi qülləsi» və digər nəşrlər Allahı axtaran insanlara həqiqəti görməyə kömək etdi. Sonra 1914-cü ildə «Yaradılış fotodramı», 1917-ci ildə «Açılmış sirr» kitabı Allahın xalqının imanını möhkəmləndirdi. Və nəhayət, 1919-cu ildə Allahın xalqına ruhani mənada həyat verildi və onlar yeni ruhani ölkədə məskunlaşdılar. O vaxtdan məsh olunmuşlara yer üzündə yaşamağa ümid edən insanlar da qoşulur. Onlar birlikdə «həddi-hüdudu görünməyən böyük bir qoşun» olublar * (Hizq. 37:10; Zək. 8:20—23).

Beləliklə, aydın olur ki, Allahın xalqı eramızın ikinci əsrində dönüklərin artması ilə Böyük Babilin əsarətinə düşdü. Bu, zülmət qaranlıq dövrü idi, qədim israillilərin sürgündə olduğu dövrə oxşayırdı. Allahın xalqı əsrlərlə ruhani zülmdə yaşadı. Biz çox xoşbəxtik ki, ağıllı adamların parladığı, çoxlarının paklanıb təmizləndiyi və saflaşdığı bir dövrdə yaşayırıq (Dən. 12:3, 10).

Şeytan İsanı sınağa çəkəndə onu məbədə gətirmişdi, yoxsa məbədi ona görüntüdə göstərmişdi?

Qısaca desək, İsanın, həqiqətən də, məbəddə olduğunu, yaxud məbədə gətirilməsinin görüntü olduğunu dəqiq deyə bilmərik. Nəşrlərimizdə bunların hər ikisi mümkün hal kimi təqdim olunub.

Gəlin əvvəlcə baxaq Müqəddəs Kitabda nə deyilir. Həvari Mətta bu hadisəni belə təsvir etmişdi: «Sonra İblis onu [İsanı] müqəddəs şəhərə gətirib məbədin ən hündür yerinə qoydu» (Mət. 4:5). Luka da bu hadisəni belə qələmə almışdı: «Sonra İblis onu Yerusəlimə gətirib məbədin ən hündür yerinə qoydu» (Luka 4:9).

Əvvəllər, nəşrlərimizdə deyilirdi ki, bu hadisə, çox ehtimal, reallıqda baş verməyib. Misal üçün, «Gözətçi qülləsi»nin 1961-ci il 1 mart sayında yazılmışdı: «İsanın çöllükdə sınağa çəkilməsi əhvalatında hər şeyi hərfi qəbul etmək məntiqəuyğun deyil. Elə bir dağ yoxdur ki, oradan “dünyanın bütün səltənətlərini və onların calalını” görmək mümkün olsun. Bundan belə çıxır ki, Şeytan İsanı hərfi mənada müqəddəs şəhərə gətirib məbədin ən hündür yerinə qoymamışdı. Sınağın işə yaraması üçün bu, mütləq deyildi». Lakin «Gözətçi qülləsi»nin sonrakı saylarında belə fikir müşahidə olunurdu ki, Məsihin Şeytanın təklifinə uyması intihara gətirib çıxara bilərdi.

Bəziləri deyir ki, İsa lavili olmadığı üçün məbəd binasının başında durmağa ixtiyarı yox idi. Ona görə belə güman edirlər ki, Şeytan İsanı görüntüdə məbədə gətirib. Bu, əsrlər öncə Hizqiyal peyğəmbərlə baş verən hadisəyə oxşayır (Hizq. 8:3, 7—10; 11:1, 24; 37:1, 2).

Ancaq bu sınaq yalnız görüntüdə olubsa, onda ortaya belə sual çıxır:

  • Şeytanın İsaya özünü məbəddən atmağı söyləməsi reallıqda baş vermişdi?

  • Şeytan o biri təkliflərilə İsanı hərəkətə sövq etməyə çalışırdı, məsələn, İsanı əsil daşları çörəyə çevirməyə, ona gerçəklikdə səcdə qılmağa təhrik etmək istəyirdi. Belə isə mümkün deyilmi ki, bu təkliflə də Şeytan İsanı gerçəklikdə özünü məbəddən aşağı atmağa sövq etmək istəyirdi?

Digər tərəfdən, əgər İsa, həqiqətən də, məbədin ən hündür yerində dayanmışdısa, onda ortaya başqa suallar çıxır:

  • İsa Qanunu pozub məbədin başında durmuşdu?

  • İsa çöllükdən Yerusəlimə necə gedib çıxmışdı?

Bir qədər araşdırma aparsaq, bu iki suala cavab verə bilərik.

Professor D. Karsonun sözlərinə görə, həm Məttanın, həm də Lukanın yazdığı Müjdələrdə məbəd kimi tərcümə olunan yunan sözü «hieron» «görünür, məbəd binasını yox, bütün məbəd kompleksini bildirirdi». Beləliklə, bu, o demək deyil ki, İsa məbəd binasının başında durmuşdu. Məsələn, ola bilsin, o, məbəd ərazisinin cənub-şərq küncündəki tikilidə durmuşdu. Həmin yerdən Qidron vadisinin dibinədək məsafə təxminən 137 metr idi. Yastı damı olan və ətrafına məhəccər çəkilmiş bu tikili məbəddə ən hündür tikili idi. Qədim tarixçi İosif deyirdi ki, adam orada durub aşağı baxanda hündürlükdən başı gicəllənir. İsa lavili olmasa da, orada dura bilərdi. Bu, heç kəsdə etiraz doğurmazdı.

Bəs İsa çöllükdən məbədə necə gəlib çıxmışdı? Dəqiq heç nə deyə bilmərik. Bu əhvalat qısa təsvir olunub, orada deyilmir İsanın sınağa çəkilməsi nə qədər davam etmişdi, o, Yerusəlimdən nə qədər uzaq idi. İstisna etmək olmaz ki, İsa Yerusəlimə gəlmişdi, baxmayaraq ki, bu, müəyyən qədər vaxt apara bilərdi. Əhvalatda deyilmir İsa bütün sınaqlar zamanı çöllükdə olmuşdu. Orada sadəcə İblisin onu Yerusəlimə gətirdiyi deyilir.

Bəs İblisin İsaya «dünyanın bütün səltənətlərini və onların calalını» göstərməsi barədə nə demək olar? Sözsüz ki, İsa bütün səltənətləri reallıqda görməmişdi. Elə bir dağ yoxdur ki, oradan dünyanın bütün səltənətləri görünsün. Çox güman ki, Şeytan bunları İsaya görüntüdə göstərmişdi. Bu, ona bənzəyir ki, projektorun və ekranın köməyilə kiməsə dünyanın müxtəlif guşələrinin şəklini göstərirsən. Ancaq Şeytan İsaya görüntü göstərsə də, İsanın ona səcdə qılması gerçəklikdə olacaqdı (Mət. 4:8, 9). Buna görə də demək olar ki, o, İsanın həyatını riskə atıb gerçəklikdə məbədin ən hündür yerindən atılmasını istəyirdi. Bunun görüntü yox, reallıq olması məsələnin ciddiliyini daha da artırır.

Əvvəldə dediyimiz kimi, birmənalı şəkildə heç nə deyə bilmərik. İstisna etmək olmaz ki, İsa reallıqda Yerusəlimə gedib məbədin ən hündür yerində durmuşdu. Bir şeyə əmin ola bilərik ki, Şeytanın təklifləri həqiqi idi və İsa hər dəfə ona qəti cavab vermişdi.

^ abz. 1 Həm Hizqiyal 37:1—14, həm də Vəhy 11:7—12 ayələrində 1919-cu ildə baş verən ruhani canlanma təsvir olunur. Lakin Hizqiyalın peyğəmbərliyində Allahın bütün xalqının uzun sürən əsarətdən sonra ruhani canlanmasından danışılır. «Vəhy» kitabındakı peyğəmbərlikdə isə rəhbərlik edən məsh olunmuşlardan ibarət kiçik qrupun qısa müddət sürən məcburi fəaliyyətsizlik dövründən sonra ruhani mənada yenidən həyata qayıtmasından bəhs olunur.