Yaradılış 1:1—31

  • Göylə yerin yaranması (1, 2)

  • Yerin altı günə ərsəyə gəlməsi (3—31)

    • 1-ci gün: işıq; gündüz və gecə (3—5)

    • 2-ci gün: fəza (6—8)

    • 3-cü gün: quru və bitkilər (9—13)

    • 4-cü gün: göy cisimləri (14—19)

    • 5-ci gün: balıqlar və quşlar (20—23)

    • 6-cı gün: heyvanlar və insanlar (24—31)

1  Başlanğıcda Allah göyü və yeri yaratdı.+  Yer quruluşsuz və boş idi, dərin suların+ üzərində qaranlıq hökm sürürdü; Allahın ruhu*+ suların+ üzərində hərəkət edirdi.  Allah dedi: «Qoy işıq olsun». İşıq oldu.+  Allah gördü ki, işıq yaxşıdır. O, işıqla qaranlığı bir-birindən ayırdı.  Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı.+ Axşam oldu, səhər oldu. Bu, birinci gün idi.  Allah dedi: «Qoy suların arasında fəza+ olsun və onları iki yerə ayırsın».+  Allah fəzanı yaratdı və onun altındakı suları üstündəki sulardan ayırdı.+ Belə də oldu.  Allah fəzanı «göy» adlandırdı. Axşam oldu, səhər oldu. Bu, ikinci gün idi.  Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın və quru görünsün».+ Belə də oldu. 10  Allah qurunu «yer»,+ bir yerə yığılmış suları isə «dəniz»+ adlandırdı. Allah gördü ki, bu, yaxşıdır+. 11  Sonra Allah dedi: «Qoy yerdə ot-ələf, toxum verən bitkilər və növünə görə tumlu meyvə gətirən ağaclar bitsin». Belə də oldu. 12  Yerdə ot-ələf, növünə görə toxum verən bitkilər+ və növünə görə tumlu meyvə gətirən ağaclar bitdi. Allah gördü ki, bu, yaxşıdır. 13  Axşam oldu, səhər oldu. Bu, üçüncü gün idi. 14  Sonra Allah dedi: «Qoy gündüzü gecədən ayırmaq üçün+ göydə işıq saçan cisimlər+ peyda olsun. Onlar bir əlamət olub fəsilləri, günləri, illəri göstərsinlər.+ 15  Qoy onlar göydən yerə işıq saçsınlar». Belə də oldu. 16  Allah işıq saçan iki iri göy cismi düzəltdi, böyüyünü gündüzə hökm etmək üçün,+ kiçiyini isə gecəyə hökm etmək üçün; O həmçinin ulduzları düzəltdi*.+ 17  Allah onları göydə yerləşdirdi ki, yerə işıq saçsınlar, 18  gündüzlə gecəyə hökm etsinlər və işığı qaranlıqdan ayırsınlar.+ Allah gördü ki, bu, yaxşıdır. 19  Axşam oldu, səhər oldu. Bu, dördüncü gün idi. 20  Sonra Allah dedi: «Qoy sular canlılarla dolsun və göy üzündə qanadlı məxluqlar uçsun».+ 21  Allah nəhəng dəniz heyvanlarını, cinsinə görə sularda qaynaşan canlıları və cinsinə görə hər cür qanadlı məxluqu yaratdı. Allah gördü ki, bu, yaxşıdır. 22  Allah onlara xeyir-dua verib dedi: «Törəyib çoxalın və dəniz sularını doldurun,+ qoy qanadlı məxluqlar da yer üzündə çoxalsın». 23  Axşam oldu, səhər oldu. Bu, beşinci gün idi. 24  Sonra Allah dedi: «Qoy yer cinsinə görə canlılar — ev heyvanları, vəhşi heyvanlar və sürünən heyvanlar* əmələ gətirsin».+ Belə də oldu. 25  Allah cinsinə görə vəhşi heyvanları, cinsinə görə ev heyvanlarını və cinsinə görə sürünən heyvanları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. 26  Sonra Allah dedi: «Bizə bənzəyən*+ insan yaradaq+, qoy o, dənizdəki balıqlara, göydəki qanadlı məxluqlara, ev heyvanlarına, bütün yer üzünə və yer üzündə sürünən heyvanların hamısına hökmranlıq etsin».+ 27  Beləliklə, Allah insanı Öz bənzərində, Özünə oxşar yaratdı, onları kişi və qadın olaraq yaratdı.+ 28  Sonra Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun+ və ona sahib olun.+ Dənizdəki balıqların, göydəki qanadlı məxluqların və yerdəki digər canlıların üzərində hökmranlıq edin».+ 29  Sonra Allah dedi: «Bütün yer üzündəki toxum verən bitkilərin və tumlu meyvələri olan ağacların hamısını sizə verirəm. Onlarla qidalanın.+ 30  Bütün vəhşi heyvanlara, göydəki bütün qanadlı məxluqlara, yerdəki digər canlılara isə yem olaraq bütün yaşıl bitkiləri verirəm».+ Belə də oldu. 31  Bundan sonra Allah yaratdıqlarının hamısına baxdı və gördü ki, hər şey çox yaxşıdır+. Axşam oldu, səhər oldu. Bu, altıncı gün idi.

Haşiyələr

Yaxud Allahın qüvvəsi.
Bu ayədə düzəltmək kimi tərcümə olunan ibrani feli 1:21, 27 və 2:3 ayələrində yaratmaq kimi tərcümə olunan feldən fərqlidir və qurmaq, hazırlamaq, təyin etmək mənalarını da daşıyır.
Ehtimala görə, burada işlənən ibrani sözü gəmiricilər, həşəratlar kimi məxluqlara da aiddir.
Hərfən: əksimiz, bənzərimiz olan.