Yaradılış 6:1—22

  • Allah oğulları və insan qızları (1—3)

  • Nəhənglər doğulur (4)

  • Yehova pozğunluğa kədərlənir (5—8)

  • Nuha gəmi tikmək buyrulur (9—16)

  • Daşqın xəbəri (17—22)

6  İnsanlar yer üzündə çoxalmağa başladı. Onların qızları oldu.  Həmin vaxt Allah oğulları*+ insan qızlarına fikir verməyə başladılar və gördülər ki, çox gözəldirlər. Onlar bəyəndikləri qızları özlərinə arvad etməyə başladılar.  Onda Yehova dedi: «Mən* ətdən-qandan olan* insana sonsuzadək dözməyəcəyəm.+ Onun ömrünə yüz iyirmi il qalıb».+  O günlərdə və sonralar yerdə nəhəng adamlar* yaşayırdı. Həmin vaxt Allah oğulları insan qızları ilə yaxınlıq edirdi və onlar oğullar dünyaya gətirirdilər. Bunlar qədim dövrün güclü, məşhur adamları idi.  Yehova gördü ki, yer üzündə insanlar tamam pozulub, ürəklərindəki fikirlər və niyyətlər ancaq pisliyə meyillidir.+  Yehova yer üzündə insanları yaratdığına təəssüf etdi və kədərləndi*.+  Buna görə də Yehova dedi: «Yaratdığım insanları yer üzündən yox edəcəyəm; insanları da, ev heyvanlarını da, göydəki qanadlı məxluqları da, sürünən heyvanları da məhv edəcəyəm, çünki onları yaratdığıma peşman olmuşam».  Nuh isə Yehovanın gözündə rəğbət qazanmışdı.  Nuhun tarixçəsi belədir. Nuh saleh insan idi.+ Zəmanəsinin adamlarından fərqli olaraq, o, eyibsiz adam idi. Nuh Allahın yolu ilə gedirdi*.+ 10  Sonralar Nuhun Sam, Ham və Yafəs+ adında üç oğlu oldu. 11  Dünya Allahın gözündə dağılıb gedirdi. Yer üzü zorakılıqla dolmuşdu. 12  Allah yerə baxıb gördü ki, dünya dağılıb gedir,+ çünki bütün insanlar yolunu azmışdı.+ 13  Allah Nuha dedi: «Artıq bütün insanların sonu çatıb, çünki onların ucbatından yer zorakılıqla dolub; onları da, yer üzünü də məhv edəcəyəm.+ 14  Qatran ağacından özünə gəmi+ düzəlt. Gəmidə otaqlar düzəlt. Ona içəridən və bayırdan qatran+ çək. 15  Gəmini belə düzəltməlisən: onun uzunluğu üç yüz qulac*, eni əlli qulac*, hündürlüyü otuz qulac* olmalıdır. 16  Gəminin yuxarısından bir qulac aşağıda pəncərə* qoyarsan, qapısı isə yan tərəfdən olsun.+ Gəminin birinci, ikinci və üçüncü mərtəbəsi olmalıdır. 17  Mən yer üzünü suya+ qərq edəcəyəm ki, göylər altında olan bütün canlılar* məhv olsun. Yerdəki hər şey tələf olacaq.+ 18  Səninlə isə əhd bağlayıram; sən, oğulların, arvadın və gəlinlərin birlikdə gəmiyə minərsiniz.+ 19  Hər növ canlı varlıqlardan+ bir cüt — bir erkək, bir dişi+ seçib gəmiyə gətir ki, səninlə birlikdə onlar da sağ qalsın. 20  Qanadlı məxluqların hər cinsindən, ev heyvanlarının hər cinsindən və sürünən heyvanların hər cinsindən bir cütü sağ qalmaq üçün gəmiyə, sənin yanına gələcək.+ 21  Sən isə bütün yeməli şeylərdən+ yığıb götür ki, həm özünün, həm də heyvanların yeməyi olsun». 22  Nuh Allahın bütün tapşırıqlarını yerinə yetirdi. Ona necə deyilmişdisə, elə də etdi.+

Haşiyələr

Bu ifadə ibrani dilində mələklərlə əlaqədar işlədilir. Lüğətdə «Allahın oğlu» ifadəsinə bax.
Hərfən: ruhum.
Yaxud: cismani təbiətilə hərəkət etdiyi üçün.
İbr. nefilim. Təxmini mənası: yıxanlar. Lüğətdə «nefilim» sözünə bax.
Hərfən: ürəyi ağrıdı.
Hərfən: Allahla yeriyirdi.
133,5 m. 1 qulac 44,5 sm-ə bərabərdir. B14 əlavəsinə bax.
22,3 m.
13,4 m.
İbr. sohar. Fərziyyə var ki, bu söz işıq üçün açılan deşik və ya pəncərəni yox, mailliyi bir qulac olan damı bildirir.
Hərfən: göylər altında həyat nəfəsi olan bütün canlılar.