Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Qoy ümid verən Allah sizi hər cür sevinclə və imanda sülhlə doldursun» (Romalılara 15:13)

«Qoy ümid verən Allah sizi hər cür sevinclə və imanda sülhlə doldursun» (Romalılara 15:13)

 «Qoy ümid mənbəyi olan Allah Ona olan etibarınız sayəsində ürəyinizi sevinc və sülhlə doldursun və ümidiniz müqəddəs ruhun qüvvəti ilə dolub-daşsın» (Romalılara 15:13, «Yeni Dünya Tərcüməsi»).

 «Qoy ümid verən Allah sizi hər cür sevinclə və imanda sülhlə doldursun ki, siz, Müqəddəs Ruhun qüdrəti vasitəsilə ümidlə zənginləşəsiniz» (Romalılara 15:13, «İncil—1993»).

Romalılara 15:13 ayəsinin mənası

 Həvari Bulus istəyirdi ki, Allah məsihiləri «sevinc və sülhlə» doldursun və istəyini bu sözlərlə ifadə etmişdi. Bu gözəl keyfiyyətlər Allahın verdiyi ümidlə və müqəddəs ruhun qüvvəti ilə bağlıdır.

 Allahın verdiyi ümid barədə Onun Kəlamı olan Müqəddəs Kitabda yazılıb. Romalılara 15:4 ayəsinə əsasən, «əvvəlcədən [Müqəddəs Kitabda] yazılanların hamısı bizə nəsihət olaraq yazılıb ki, dözüm sayəsində və Müqəddəs Yazılardan aldığımız təsəlli sayəsində ümidimiz olsun». Müqəddəs Kitabda Allahın yoxsulluq, ədalətsizlik, xəstəlik və ölüm kimi problemləri həll etmək vədindən bəhs edilir; bəzən bu kimi problemlərə görə insanlar həyatdan ümidlərini üzürlər (Vəhy 21:4). Allah bu vədlərini İsa Məsih vasitəsilə həyata keçirəcək. Buna görə də əminliklə deyə bilərik ki, bizim gözəl gələcəyə ümidimiz var (Romalılara 15:12).

 Biz Allaha etibar etdiyimiz təqdirdə ümidlə «[dolub-daşa]» və ya «[zənginləşə]» bilərik. Allah haqqında nə qədər çox öyrənsək, Onun tam etibara layiq olduğuna bir o qədər əmin olacağıq (Əşiya 46:10; Titusa 1:2). Allahın verdiyi ümid sayəsində hətta çətinliklə üzləşəndə belə insanın qəlbi sevinc və sülhdən dolub-daşa bilər (Romalılara 12:12).

 Sülh, sevinc və ümid də müqəddəs ruhla, yəni Allahın fəal qüvvəsi ilə bağlıdır a. Allah vədlərini müqəddəs ruh vasitəsilə həyata keçirir, ona görə də bizim ümidimiz var. Bu ruh həmçinin insanlarda sevinc və sülh kimi gözəl keyfiyyətlər yetişdirməyə qadirdir (Qalatiyalılara 5:22).

Romalılara 15:13 ayəsinin konteksti

 «Romalılara məktub» Roma şəhərində yaşamış məsihilərə ünvanlanmış məktubdur. Onların arasında həm yəhudilər, həm də digər millətlərdən olan adamlar var idi. Bulus onları təşviq edirdi ki, mədəni və sosial fərqlərə baxmayaraq, fikir və əməldə bir olmağa can atsınlar (Romalılara 15:6).

 Bulus Romadakı məsihilərə xatırlatdı ki, Allah bütün millətlərdən olan insanların Onu yekdilliklə mədh edəcəyi vaxtı çoxdan peyğəmbərlik etmişdi. Bu fikri təsdiqləmək üçün o, Tövratdan b dörd ayə sitat gətirdi (Romalılara 15:9—12). Onun sözünün məğzi bu idi: Məsihin xidmətinin gətirdiyi bəhrələrdən yalnız yəhudilər deyil, digər millətlərdən olan insanlar da yararlana bilərlər. Allah həm yəhudilərə, həm də qeyri-yəhudilərə eyni ümid verib. Bu səbəbdən Roma yığıncağındakı bütün məsihilər, kimliyindən asılı olmayaraq, «[bir-birilərini qəbul etməli]», yəni bir-birilərinə qarşı xeyirxahlıq və qonaqpərvərlik göstərməli idilər (Romalılara 15:7).

a Əlavə məlumat üçün «Müqəddəs ruh nədir?» məqaləsinə baxın.

b Tövrat həmçinin Əhdi-Ətiq kimi də tanınır.