Kontentə keç

Allahın Padşahlığı nədir?

Allahın Padşahlığı nədir?

Müqəddəs Yazıların cavabı

 Allahın Padşahlığı Yaradanımız Yehova Allah tərəfindən qurulmuş gerçək hökumətdir. Göydən idarə etdiyi üçün Müqəddəs Yazılarda «Allahın padşahlığı» həmçinin «səmavi padşahlıq» adlanır (İncil, Mark 1:14, 15; Matta 4:17). Bu padşahlığın insan hökumətlərilə müəyyən oxşarlığı olsa da, ancaq hər sahədə onlardan üstündür.

  •   Rəhbərləri. Allah İsa Məsihi Padşahlığının Padşahı təyin edib və indiyədək heç bir insan hökmdarının sahib olmadığı səlahiyyəti verib (İncil, Matta 28:18). İsa Məsih öz mövqeyindən sırf xeyirli işlər üçün istifadə edir, üstəlik, o, etibarlı və canıyanan bir Rəhbər olduğunu artıq sübut edib (İncil, Matta 4:23; Mark 1:40, 41; 6:31—34; Luka 7:11—17). Allahın rəhbərliyi altında İsa Məsih bütün millətlərdən onunla birgə göydən «yer üzərində hökmranlıq edəcək» insanlar seçib (İncil, Vəhy 5:9, 10).

  •   Müddəti. Gəldi-gedər insan hökumətlərindən fərqli olaraq, Allahın Padşahlığı heç vaxt dağılmayacaq (Daniel 2:44).

  •   Vətəndaşları. Kimliyindən və doğulduğu yerdən asılı olmayaraq, Allahın əmrlərinə itaət edən hər bir insan Onun Padşahlığının vətəndaşı ola bilər (İncil, Həvarilərin işləri 10:34, 35).

  •   Qanunları. Allahın Padşahlığının qanunları (və ya əmrləri) səhv hərəkətlərə qadağa qoymaqla yanaşı, vətəndaşlarına yüksək əxlaq normaları da aşılayır. Misal üçün, Müqəddəs Yazılarda deyilir: «“Allahın Yehovanı bütün ürəyinlə, bütün canınla və bütün ağlınla sev”. Bu, birinci və ən böyük əmrdir. İkincisi də ona bənzərdir: “Yaxınını özünü sevdiyin kimi sev”» (İncil, Matta 22:37—39). Allaha və insanlara olan sevgi Padşahlığın vətəndaşlarını başqalarının rifahını düşünməyə təşviq edir.

  •   Təlimi. Allahın Padşahlığı vətəndaşları üçün yüksək normalar təsis etməklə yanaşı, bu normalara necə riayət etməyi də öyrədir (Peyğəmbərlərin kitabı, Yeşaya 48:17, 18).

  •   Məqsədi. Allahın Padşahlığı rəhbərlərini vətəndaşlarının hesabına varlandırmır. Əksinə, bu hökumət Allahın iradəsini yerinə yetirəcək, eləcə də Allahın Onu sevən insanların yer üzündə bərpa ediləcək Cənnətdə əbədiyyən yaşayacağı vədini gerçəkləşdirəcək (Peyğəmbərlərin kitabı, Yeşaya 35:1, 5, 6; İncil, Matta 6:10; Vəhy 21:1—4).