Kontentə keç

Allahın Padşahlığı ürəyimizdədir?

Allahın Padşahlığı ürəyimizdədir?

Müqəddəs Yazıların cavabı

 Xeyr. Allahın Padşahlığı məsihçilərin ürəyinin vəziyyəti deyil a. Müqəddəs Kitab bu Padşahlığı «səmavi padşahlıq» adlandıraraq onun konkret bir yeri olduğunu göstərir (Matta 4:17). Gəlin Müqəddəs Kitabın bu Padşahlığın göydən idarə etdiyini göstərən sübutlara baxaq.

  •   Allahın Padşahlığının hakimləri, vətəndaşları və qanunları var. Bundan başqa, bu hökumət Allahın iradəsini həm yerdə, həm də göydə yerinə yetirmək səlahiyyətinə sahibdir (Matta 6:10; Vəhy 5:10).

  •   Allahın hökuməti, yəni Padşahlığı yer üzündəki xalqlar, millətlər üzərində hökmranlıq edəcək (Daniel 7:13, 14). Padşahlığa bu səlahiyyəti vətəndaşları yox, Allah verib (Məzmur 2:4—6; Yeşaya 9:7).

  •   İsa Məsih sadiq həvarilərinə göydəki Padşahlıqda onunla birgə «taxtda» oturacaqlarını demişdi (Luka 22:28, 30).

  •   Bu Padşahlığın düşmənləri var, amma bu hökumət onların hamısını məhv edəcək (Məzmur 2:1, 2, 8, 9; 110:1, 2; 1 Korinflilərə 15:25, 26).

 Müqəddəs Kitab səmavi Padşahlığın insanın ürəyi vasitəsilə idarə etdiyini öyrətmir. Lakin orada deyilir ki, «padşahlıq haqqındakı [söz]» və ya «Padşahlıq haqqındakı... xoş xəbər» ürəklərimizə təsir edə bilər və hətta etməlidir də (Matta 13:19; 24:14).

«Allahın Padşahlığı sizin içinizdədir» ifadəsi nə deməkdir?

 Luka 17:21 ayəsinin müxtəlif Müqəddəs Kitab tərcümələrindəki yazılışı bəzilərində Padşahlığın harada olduğu ilə bağlı çaşqınlıq yaradıb. Misal üçün, bir tərcümədə bu ayə belə səslənir: «Allahın Səltənəti [Padşahlığı] sizin içinizdədir» (İncil—1996). Bu ayəni düzgün başa düşmək üçün onun kontekstinə nəzər salmaq lazımdır.

Allahın Padşahlığı İsa Məsihin inadkar və əliqanlı düşmənlərinin ürəyində deyildi

 İsa bu sözləri fəriseylərə demişdi. Bu din xadimləri İsaya düşmən kəsilmiş və ona qarşı sui-qəsd hazırlayırdılar (Matta 12:14; Luka 17:20). Heç bu Padşahlıq onların inadkar, tərs ürəklərinin vəziyyəti ola bilər? Görün İsa Məsih onlara nə demişdi: «Daxildən riyakarlıq və qanunsuzluqla dolusunuz» (Matta 23:27, 28).

 Digər tərcümələrdə İsanın Luka 17:21 ayəsindəki sözləri aydın tərcümə edilib: «Allahın padşahlığı aranızdadır» («Yeni Dünya Tərcüməsi»). Allahın seçdiyi Padşah İsa Məsih fəriseylərin qarşısında durduğu üçün demək olardı ki, Padşahlıq onların arasındadır (Luka 1:32, 33).

a Bir çox xristian məzhəbləri Allahın Padşahlığının insanın daxilində və ya ürəyində olduğunu öyrədir. Misal üçün, ABŞ-ın Cənub Baptist Konvensiyası iddia etmişdi ki, Allahın Padşahlığı müəyyən mənada «Allahın insanın ürəyində və həyatında hökmranlıq etməsi deməkdir». Papa XVI Benedikt isə yazdığı kitabda belə demişdi: «Allahın Padşahlığı dinləyən ürəklər vasitəsilə gəlir» («Jesus of Nazareth»).