Kontentə keç

Nefilimlər kimlər idi?

Nefilimlər kimlər idi?

Müqəddəs Kitabın cavabı

 Nefilimlər a Nuh peyğəmbərin günlərində Allahdan üz döndərən mələklərin bəşər qızları ilə yaxınlığından doğulan nəhəng, fövqəlbəşəri gücə malik varlıqlar olub.

 Müqəddəs Kitabda yazılıb: «Allah oğulları insan qızlarına fikir verməyə başladılar və gördülər ki, çox gözəldirlər» (Yaradılış 6:2). Allaha qarşı çıxaraq göydə «onlara münasib məkanı tərk edən» «Allah oğulları» ruhani varlıqlardır. Onlar insan cildinə girərək «bəyəndikləri qızları özlərinə arvad» edirdilər (Yəhuda 6; Yaradılış 6:2).

 Bu anormal birləşmədən qeyri-adi uşaqlar doğulurdu (Yaradılış 6:4). Yer üzünü zorakılıqla dolduran bu nefilimlər qəddar və davakar idilər (Yaradılış 6:13). Müqəddəs Kitabda nefilimlər «qədim dövrün güclü, məşhur adamları» kimi təsvir olunur (Yaradılış 6:4). Onlardan qalan irs şiddət və qorxu idi (Yaradılış 6:5; Saylar 13:33) b.

Nefilimlər haqda yanlış təsəvvürlər

 Yanlış: Bu gün də yer üzündə nefilimlər yaşayır.

 Doğru: Yehova Böyük Daşqın zamanı zorakılıqla dolu qədim dünyanı məhv etdi. Bütün şər insanlarla birgə nefilimlər də yer üzündən silindi. Həmin daşqından təkcə Yehova Allahın razılığını qazanan Nuh və onun ailəsi sağ çıxdı (Yaradılış 6:9; 7:12, 13, 23; 2 Butrus 2:5).

 Yanlış: Nefilimlər bəşər övladları olub.

 Doğru: Nefilimlərin ataları «Allah oğulları» adlanırdı (Yaradılış 6:2). Müqəddəs Kitabda «Allah oğulları» deyilərkən mələklər nəzərdə tutulur (Əyyub 1:6; 2:1; 38:7). Mələklər insan cildinə girməyə qadir idi (Yaradılış 19:1—5; Yuşə 5:13—15). Allahın Kəlamında deyilir ki, həvari Butrus «zindanda olan ruhani varlıqlara təbliğ etdi. Bunlar qədimdə, Nuhun dövründə gəmi tikilib qurtaranacan, Allahın səbirlə gözlədiyi vaxt itaətsizlik etmiş ruhani varlıqlardır» (1 Butrus 3:19, 20). Həvari Yəhuda da bəzi mələklərin «əzəl mövqelərini qorumayıb, onlara münasib məkanı tərk» etdiyindən bəhs etmişdi (Yəhuda 6).

 Yanlış: Nefilimlər göydən düşmüş mələklər idi.

 Doğru: Yaradılış 6:4 ayəsindən görmək olar ki, nefilimlər mələk yox, cismani bədən geyinmiş mələklərin bəşər qızları ilə cinsi əlaqəsi nəticəsində doğulan nəhəng varlıq olub. Allah mələklərin «bəyəndikləri qızları özlərinə arvad» etdiklərini görəndə qərara gəldi ki, pisliklə dolmuş dünyanı 120 ildən sonra məhv etsin (Yaradılış 6:1—3). Ayədə həmçinin deyilir ki, cismani bədən geyinmiş Allah oğulları sonralar da «insan qızları ilə yaxınlıq» edirdi və onlardan qədim dövrün güclü adamları, yəni nefilimlər törəyirdi (Yaradılış 6:4).

a İbrani dilindən transliterasiya olunmuş «nefilim» sözünün təxmini mənası «yıxanlar» deməkdir. Uilyam Uilsonun «Əhdi-Ətiq sözlərinin tədqiqi» kitabında bu sözün «zorakılıq və qarətlə məşğul olub, insanları yıxan»lara aid olduğu deyilir («Wilson’s Old Testament Word Studies»).

b Ehtimal ki, Saylar 13:33 ayəsində israilli casusların bəhs etdiyi nəhənglər onlara əsrlər öncə məhv olmuş nefilimləri xatırlatmışdı (Yaradılış 7:21—23).