Kontentə keç

MÜQƏDDƏS KİTAB HƏYATLARI DƏYİŞİR

«Döyüş sənətinin vurğunu idim»

«Döyüş sənətinin vurğunu idim»
  • Doğulduğu il: 1962

  • Ölkə: Birləşmiş Ştatlar

  • Keçmişdə: Döyüş sənətinin vurğunu

KEÇMİŞİM

 Tərəf müqabilimə yetirdiyim xəsarət düşündüyümdən güclü idi. Yumruğu təsadüfən onun burnuna vurmuşdum. Özümü günahkar hiss edirdim. Bu hadisədən sonra döyüş sənətini dayandırmaq barədə düşünməyə başladım. Nəyə görə bu xəta məni uzun illər böyük həvəslə məşğul olduğum idmandan əl çəkmək barədə düşündürdü? Əvvəlcə bu sənətlə məşğul olmağa necə başladığımdan danışım.

 Mən ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində, dinc, mömin katolik ailəsində böyümüşəm. Katolik məktəblərində oxumuşam. Kilsədə keşişə kömək etmişəm. Valideynlərim istəyirdi ki, bacım da, mən də həyatda uğur qazanaq. Ona görə də dərsdən sonra mənə idmanla məşğul olmağa, arabir işləyib pul qazanmağa icazə verirdilər, bir şərtlə ki, dərslərimdən yaxşı qiymət alım. Buna görə də uşaq yaşlarımdan nizam-intizamlı olmağı öyrənmişəm.

 On yeddi yaşım olanda döyüş sənətini öyrənməyə başladım. Uzun illər həftənin altı günü, hər gün üç saat məşq edirdim. Hər həftə saatlarla fəndləri və hərəkətləri beynimdə təkrar edirdim, təkmilləşmək üçün videolara baxırdım. Gözübağlı məşq etməyi çox xoşlayırdım. Hətta silahla məşq edəndə də gözümü bağlayıb məşq edirdim. Əlimin bir zərbəsi ilə taxta lövhələri, kərpicləri sındıra bilirdim. Professional idmançı idim, yarışlarda mükafatlar qazanırdım. Döyüş sənəti həyatımda ən vacib yeri tutmuşdu.

 Həyatda uğur qazandığımı hesab edirdim. Universiteti yüksək qiymətlərlə bitirdim. Böyük bir şirkətdə kompüter mühəndisi işləyirdim. Maaşdan əlavə bonuslarım olurdu. Ev almışdım, sevgilim var idi. Kənardan həyatım çox gözəl görünürdü, amma həyatla bağlı sualların içində itib-batırdım.

MÜQƏDDƏS KİTAB HƏYATIMI DƏYİŞDİ

 Suallarıma cavab tapmaq üçün həftədə iki dəfə kilsəyə getməyə başladım, həm də dua edib Allahdan kömək istəyirdim. Bir dəfə dostumla etdiyim söhbət həyatımı dəyişdi. Ondan soruşdum: «Heç nə vaxtsa fikirləşmisən həyatın mənası nədir? Gör dünyada nə qədər problem, nə qədər ədalətsizlik var». Dostum dedi ki, onda da eyni cür suallar olub və Müqəddəs Kitab onun bütün bu suallarına cavab verib. O mənə «Yer üzündəki Cənnətdə əbədiyyən yaşaya bilərsiniz» a adlı bir kitab verdi. Dedi ki, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırır. Əvvəl-əvvəl tərəddüd edirdim. Fikirləşirdim ki, başqa dinin nəşrlərini oxumamalıyam. Amma suallarıma cavab tapmaq istəyi mənə üstün gəldi. Yehovanın Şahidlərinin öyrətdiklərinin məntiqli olub-olmadığını yoxlamaq qərarına gəldim.

 Müqəddəs Kitabdakı təlimləri öyrəndikcə heyrətə gəlirdim. Sən demə Allahın insanlarla bağlı əzəli niyyəti o olub ki, insanlar əbədiyyən yer üzündə cənnətdə yaşasınlar. Allahın bu niyyəti dəyişməyib (Yaradılış 1:28). Məndə Müqəddəs Kitabın «Kral Yakov tərcüməsi» var idi. Orada Allahın adını, «Yehova» adını gördüm. Həmçinin öyrəndim ki, İsa Məsihin öyrətdiyi duanı təkrar-təkrar söyləyərkən, əslində, bu ad barədə dua edirmişəm. Bunları öyrənəndə tüklərim biz-biz oldu (Zəbur 83:18; Mətta 6:9). Nəhayət başa düşdüm ki, nəyə görə Allah hələlik insanların əzab çəkməsinə izin verir. Öyrəndiyim hər şey məntiqli idi. Sevincimin həddi-hüdudu yox idi.

 Yehovanın Şahidlərinin ibadət görüşünə gəldiyim ilk günü heç vaxt unutmaram. Hamı mehriban idi. Yaxınlaşıb mənimlə tanış olurdular. Bu görüşdə Allahın eşitdiyi dualarla bağlı xüsusi məruzə söylənildi. Bu mövzu mənə çox maraqlı idi. Çünki özüm də həmin vaxtlar Allaha dua edib kömək istəyirdim. Növbəti dəfə İsa Məsihin ölümünü anma mərasiminə qatıldım. Bu görüşlərdə məni heyrətə salan o idi ki, ayələr oxunduqca hətta balaca uşaqlar da, öz Müqəddəs Kitablarında ayələri izləyirdilər. İlk vaxtlar ayələrin yerini kitabdan tapa bilmirdim, amma Yehovanın Şahidləri Müqəddəs Kitabdan istifadə etməyi mənə öyrətdilər.

 Hər dəfə ibadət görüşlərinə gəldikcə Yehovanın Şahidlərinin öyrətdiyi təlimlərə qarşı hörmətim daha da artırdı. Hər görüşdə daha çox şey öyrənirdim. Həmişə ruhlanırdım, təravət tapırdım. Sonra mənə Müqəddəs Kitabı öyrənməyi təklif etdilər.

 Yehovanın Şahidləri ilə kilsədə gördüklərim arasında böyük fərq var idi. Yehovanın Şahidləri arasında birlik hökm sürürdü. Bu səmimi insanlar Allaha məqbul həyat sürməyə çalışırdılar. Getdikcə əmin olurdum ki, onlar həqiqi məsihiləri səciyyələndirən bir xüsusiyyəti təzahür etdirirlər, yəni onların arasında məhəbbət hökm sürür (Yəhya 13:35).

 Müqəddəs Kitabı öyrəndikcə oradakı qayda-qanuna uyğun yaşamaq üçün çoxlu dəyişikliklər etdim. Amma mənə elə gəlirdi ki, döyüş sənətindən heç vaxt əl çəkə bilmərəm. Məşq etməyi, yarışlarda iştirak etməyi çox sevirdim. Bu barədə mənimlə dərs keçən Şahidə deyəndə, o mülayimcəsinə mənə dedi: «Sən Müqəddəs Kitabı öyrənməyə davam elə. Əminəm ki, düzgün qərar verəcəksən». Mən də elə bunu eşitmək istəyirdim. Biliyim artdıqca Yehova Allahı razı salmaq istəyim də artırdı.

 Əvvəldə danışdığım hadisə, təsadüfən tərəf müqabilimin burnuna yumruqla vurmağım həyatımda dönüş nöqtəsi oldu. Bu hadisə məni ciddi düşündürdü: döyüş sənəti ilə məşğul ola-ola Məsihin sülhpərvər davamçısı necə ola bilərdim. Əşiya 2:3, 4 ayələrindən bilirdim ki, Yehovanın yolu ilə gedənlər müharibə etməyi öyrənməyəcək. Həmçinin İsa Məsih də insanlara öyrədirdi ki, hətta ədalətsizliklə üzləşsələr belə, zorakılığa əl atmasınlar (Mətta 26:52). Buna görə də çox sevdiyim idmandan əl çəkdim.

 Ondan sonra Müqəddəs Kitabın məsləhətinə əməl edərək mömin insan olmaq üçün var gücümlə çalışdım (1 Timutiyə 4:7). Əvvəllər döyüş sənətinə ayırdığım vaxtı və gücü ruhani işlərə sərf etməyə başladım. Sevgilim Müqəddəs Kitabdan öyrəndiklərimi qəbul etmirdi. Ona görə də biz ayrıldıq. 1987-ci il yanvarın 24-də vəftiz olunub Yehovanın Şahidi oldum. Çox keçməmiş daha çox insana Müqəddəs Kitabı öyrətmək üçün tamvaxtlı xidmətə başladım. O vaxtdan bəri tamvaxtlı xidmət edirəm. Hətta bir müddət Yehovanın Şahidlərinin Nyu-Yorkda (ABŞ) yerləşən ümumdünya baş idarəsində xidmət etmişəm.

MƏNƏ FAYDASI

 Allah haqqında həqiqəti öyrənəndən sonra həyatın mənasını tapdım. Həyatımdakı boşluğu doldurdum. İndi mənalı həyat yaşayıram, gələcəyə gözəl ümidim var. Sözün əsl mənasında xoşbəxtəm. Hələ də müntəzəm idman edirəm. Amma daha idman həyatımda ən vacib şey deyil. Mənim üçün həyatda ən vacib şey Yehova Allaha xidmət etməkdir.

 Döyüş sənəti ilə məşğul olanda həmişə yan-yörəmə diqqət yetirirdim. Fikirləşirdim ki, kimsə hücum etsə, özümü necə qoruya bilərəm. Bu gün də yan-yörəmə diqqət yetirirəm. Amma indi məqsədim insanlara kömək etməkdir. Müqəddəs Kitab mənə səxavətli insan olmağa, gözəl həyat yoldaşım Brenda üçün yaxşı ər olmağa kömək edir.

 Döyüş sənətinin vurğunu idim. Ancaq indi onun yerini daha yaxşı bir şey tutub. Müqəddəs Kitabda deyilir: «Fiziki məşqin faydası o qədər də çox deyil, möminlik isə hər cəhətdən faydalıdır, çünki o, həm indiki, həm də gələcək həyatımız üçün nemətlər vəd edir» (1 Timutiyə 4:8).

a Yehovanın Şahidləri tərəfindən dərc edilirdi, ancaq indi dərc olunmur.