Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Sosial şəbəkələrdə məşhur olmaq vacibdir?

Sosial şəbəkələrdə məşhur olmaq vacibdir?

 Eleyn adlı bir yeniyetmə deyir: «Sinif yoldaşlarımın yüzlərlə izləyicisinin olduğunu görəndə düşündüm: “Gör onlar necə məşhurdur!” Düzünü desəm, onlara bir az paxıllığım tuturdu».

 Sən də nə vaxtsa eyni hissləri keçirmisən? O zaman bu məqalə sənə onlayn məşhurluğun dalınca düşməməyə kömək edəcək.

 Bunun hansı təhlükələri var?

 Müqəddəs Kitabda Məsəllər 22:1 ayəsində deyilir: «Təmiz ad böyük sərvətdən üstündür». Yaxşı ad qazanmaq, hətta başqalarının səni bəyənməsini istəmək təbiidir.

 Amma bəzən bu istək o qədər güclü olur ki, insan məşhur olmaq sevdasına düşür. Bəs bu, təhlükəli ola bilər? 16 yaşlı Onya deyir:

 «Gənclər məşhurluq xatirinə ağılsız hərəkətlər edirlər, məsələn, məktəbdə ikinci mərtəbədən aşağı tullanırlar».

 Hətta elələri var ki, həmyaşıdlarının diqqətini cəlb etmək üçün çıxardıqları hoqqaları videoya çəkib internetə qoyur. Məsələn, bəzi gənclər kapsullarda olan zəhərli yuyucu maddələri necə yediklərini videoya çəkib internetə yükləmişdi. Amma əslində bu çox təhlükəlidir və heç kəs heç vaxt belə şey etməməlidir.

 Müqəddəs Kitabda deyilir: «Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin» (Filippililərə 2:3, «Müqəddəs Kitab Şirkəti», 2009).

 Düşün:

  •   Sosial şəbəkədə məşhur olmaq sənin üçün nə dərəcədə vacibdir?

  •   Həmyaşıdlarının diqqətini cəlb etmək və onların səni bəyənmələri üçün sağlamlığını və həyatını riskə atacaqsan?

 «Məşhurluq illüziyası»

 Məşhur olmaq üçün heç də hamı təhlükəli nəsə etmir. 22 yaşlı Erika deyir ki, bəziləri fərqli üsula əl atır:

 «İnsanlar sosial şəbəkələrdə həyatlarının maraqlı anlarının təsvir olunduğu şəkil və videoları durmadan paylaşırlar və bununla elə təəssürat yaradırlar ki, onların birgə vaxt keçirdikləri saysız-hesabsız yaxın dostları var. Bu isə məşhurluq illüziyasını yaradır».

 15 yaşlı Kara deyir ki, bəziləri hətta bu cür illüziya yaratmaq üçün yalana əl atır:

 «Tanışlarım arasında elələri var ki, evdə ola-ola elə şəkillər çəkirlər guya şənlikdədirlər».

 22 yaşlı Metyu da etiraf edir ki, vaxtilə belə bir şey edib:

 «Şəkil çəkib altında qeyd etmişdim ki, Everest dağındayam, halbuki heç vaxt Asiyada olmamışam».

 Müqəddəs Kitabda deyilir: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).

 Düşün:

  •   Əgər sosial şəbəkədən istifadə edirsənsə, məşhurlaşmaq üçün yalana əl atırsan?

  •    Paylaşdığın şəkillərdən və yazdığın şərhlərdən sənin nəyə inandığın və nəyə dəyər verdiyin görünür?

 İzləyicilərin və laykların sayı nə dərəcədə vacibdir?

 Çoxları inanır ki, sosial şəbəkələrdə məşhur olmaq üçün çoxsaylı izləyicilərin və çoxlu laykların olmalıdır. Yuxarıda sözləri gətirilən Metyu da vaxtilə belə düşünürdü:

 «Dost-tanışlarımdan soruşurdum: “Nə qədər izləyicin var? Layklarının maksimum sayı nə qədər olub?” İzləyicilərimin sayını artırmaq üçün tanımadığım insanların izləyicisi olurdum, o ümidlə ki, onlar da cavabında mənim izləyicim olacaq. Mən məşhur olmaq sevdasına düşmüşdüm, sosial şəbəkələr isə bu istəyimi daha da alovlandırırdı».

Onlayn məşhurluq zərərli qida kimidir, dadlı olsa da, insana ziyan gətirir

 25 yaşlı Mariya fikir verib ki, bəziləri özlərinə izləyicilərinin və laykların sayına görə qiymət verir:

 «Əgər qızın çəkdiyi selfi yetərli sayda layk toplamırsa, o, eybəcər olduğunu düşünür. Əlbəttə ki, bu cür nəticəyə gəlmək səhvdir, amma çoxları belə vəziyyətdə məhz elə düşünərdilər. Müəyyən mənada onlar özlərinə qarşı kiberxuliqanlıqla məşğuldurlar».

 Müqəddəs Kitabda deyilir: «Məğrur olmayaq, bir-birimizi rəqabətə təhrik etməyək, bir-birimizin paxıllığını çəkməyək» (Qalatiyalılara 5:26).

 Düşün:

  •   Əgər sosial şəbəkələrdən istifadə edirsənsə, səndə özünü başqaları ilə müqayisə etmək vərdişinin yarandığını hiss edirsən?

  •    Sənin üçün daha vacib olan nədir — izləyicilərinin sayı, yoxsa əsl dostlarının olması?