Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Sosial media mənə necə təsir edir?

Sosial media mənə necə təsir edir?

 Valideynlərin sənə sosial mediadan istifadə etməyə icazə verir? Əgər verirlərsə, bu məqalə həyatının üç vacib sahəsində sənə kömək edəcək.

Bu məqalədə

 Sosial media vaxtımı əlimdən alır?

 Sosial mediadan istifadə etmək qıvraq at çapmağa bənzəyir. Ya sən onu idarə edəcəksən, ya da o səni.

 «Sosial mediadan istifadə edəndə öz-özümə deyirəm ki, beş dəqiqəyə çıxacağam. Amma bir də ayılıram ki, saatlar keçib. Sosial media insanda asılılıq yaradır və vaxtını əlindən alır» (Coanna).

 Bilirsən? Sosial medianın məqsədi insanı özünə aludə etməkdir. Dizaynerlər bilirlər ki, sayt nə qədər çox məşhur olsa, insanlar orada nə qədər çox vaxt keçirsə, reklamçılar bir o qədər çox pul ödəməyə hazır olacaqlar.

 Özündən soruş: Sosial mediada saatlarla ilişib qalıram? Ona sərf etdiyim vaxtı daha faydalı işlərə sərf edə bilərəm?

 Nə edə bilərsən? Sosial mediada keçirəcəyin vaxta hədd qoy və çalış, bu həddi aşmayasan.

Sosial mediada keçirəcəyin vaxta hədd qoy

 «Bir ara telefonumda bəzi tətbiqlər üçün taymer istifadə edirdim. Taymer elə qurulub ki, qoyduğun vaxt bitəndən sonra tətbiq avtomatik bağlanır. Bir müddət belə etdim və bu mənə sosial mediadan tarazlı istifadə etməyə, eləcə də vaxtımı boşuna xərcləməməyə kömək etdi» (Tina).

 Müqəddəs Kitab prinsipi: «Vaxtınızın qədrini bilin» (Efeslilərə 5:16).

 Sosial media vaxtında yatmağıma mane olur?

 Bir çox mütəxəssislər deyir ki, yeniyetmələr gündə ən azı səkkiz saat yatmalıdırlar. Amma çoxları bundan az yatır. Bunun səbəblərindən biri onların yatmalı olduqları vaxtı sosial mediada keçirmələridir.

 «Yatmamışdan qabaq bildirişləri yoxlamaq üçün telefonu əlimə alıram. Amma bir də ayılıram ki, sosial mediadakı paylaşımların arasında itib-batmışam. Çalışıram, bu pis vərdişimi tərgidim» (Mariya).

 Bilirsən? Kifayət qədər yatmamaq narahatlığa və depressiyaya səbəb ola bilər. Psixologiya üzrə professor Cin Tvengi deyir ki, insanların özlərini yaxşı, xoşbəxt hiss etməmələrinin ən böyük səbəblərindən biri kifayət qədər yatmamalarıdır. Bu, uzun müddət davam edərsə, ciddi emosional problemlər yarada bilər a.

 Özündən soruş: «Hər gün neçə saat yatıram? Sosial media istirahət və yatmaq vaxtımı əlimdən alır?»

 Nə edə bilərsən? Gecə yatanda elektron cihazları yataq otağında saxlama. Əgər mümkündürsə, yatmazdan iki saat əvvəl elektron cihazlardan istifadə etmə. Səhər oyanmaq üçün zəngli saat qurmalısansa, çalış, elektron cihazlardan yox, başqa vasitələrdən istifadə edəsən.

Yatmazdan bir neçə saat əvvəl elektron cihazlardan istifadə etmə

 «Elə olur ki, telefon gecəyəcən əlimdən düşmür. Çalışıram, bu vərdişi tərgidim. İstəyirəm, daha yetkin, daha məsuliyyətli olum. Ona görə də məqsəd qoymuşam ki, tez yatıb yaxşıca dincəlim və səhəri gün işlərimin hamısını görə bilim» (Ceremi).

 Müqəddəs Kitab prinsipi: «Daha vacib şeyləri ayırd etməyi» bacarın (Filippililərə 1:10).

 Sosial media hisslərimə necə təsir edir?

 Yuxarı sinif qızları arasında keçirilən sorğuda iştirak edənlərin demək olar ki, yarısı tez-tez özlərini qəmgin və ümidsiz hiss etdiklərini deyiblər. Bunun səbəblərindən biri sosial mediadır. Həkim-psixoloq Leonard Saks deyir: «Nə qədər çox sosial mediaya girib özünü başqaları ilə müqayisə etsən, bir o qədər çox depressiyaya düşəcəksən» b.

 «Gənclər arasında özünü başqası ilə müqayisə etmək adi haldır, sosial media isə bu meyli daha da gücləndirir. Saatlarla tanımadığın insanların paylaşımlarına və ya dostlarının necə şən vaxt keçirdiyinə baxıb öz həyatını onların həyatı ilə müqayisə etmək səndə elə hiss yarada bilər ki, həyatın maraqsızdır» (Fibi).

 Bilirsən? Düzdür, sosial media vasitəsilə dostlarınla danışa bilərsən, amma bu, canlı ünsiyyətin yerini vermir. Həkim Nikolas Kardaras deyir: «Sosial media vasitəsilə edilən söhbətlər insanın ünsiyyət tələbatını tam ödəmir, çünki insan yalnız canlı ünsiyyət edəndə məmnunluq duyur» c.

 Özündən soruş: «Dostlarımın paylaşımlarına baxandan sonra özümü tənha hiss edirəm? Dostlarımın sosial mediadakı şəkillərinə baxıb öz həyatımın darıxdırıcı olduğunu düşünürəm? Paylaşımlarıma az və ya heç “layk” gəlməyəndə pis oluram?»

 Nə edə bilərsən? Sosial mediadan istifadəyə bir neçə gün, bir həftə və ya bir ay fasilə ver. Dostlarınla daha çox canlı vaxt keçir və ya onlara zəng et. Çox yəqin, hiss edəcəksən ki, tədricən stresin azalır və özünü daha yaxşı hiss edirsən.

Dostlarınla daha çox üzbəüz vaxt keçirə bilərsən?

 «Fikir vermişəm ki, sosial mediadan istifadə edəndə fikrim-zikrim insanların nə etdiyində qalır. Hesablarımı siləndən sonra elə bil çiynimdən yük düşdü və sosial mediaya ayırdığım vaxtı daha faydalı işlərə sərf etməyə başladım» (Briana).

 Müqəddəs Kitab prinsipi: «Qoy hər kəs öz əməllərini yoxlasın, onda özünü başqası ilə müqayisə etmədən öz əməllərinə görə sevinə biləcək» (Qalatiyalılara 6:4).

a «iGen» kitabından.

b «Why Gender Matters» kitabından.

c «Glow Kids» kitabından.