Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Təkamül, yoxsa yaradılış? I hissə: Allaha inanmaq üçün hansı əsaslar var?

Təkamül, yoxsa yaradılış? I hissə: Allaha inanmaq üçün hansı əsaslar var?

 Təkamül, yoxsa yaradılış?

 Hər şeyi Allahın yaratdığına inanırsan? Buna inanan təkcə sən deyilsən; bir çox gənclər (o cümlədən böyüklər) buna inanırlar. Lakin elə adamlar da var ki, həyatın və kainatın Külli-İxtiyar Varlığın əli olmadan, təkamül nəticəsində ərsəyə gəldiyini iddia edirlər.

 Bilirsən? Hər iki qrupdan olan insanlar öz mövqelərini bildirsələr də, çox vaxt fikirlərini heç nəyə əsaslandıra bilmirlər.

  •   Bəziləri dindarlardan eşitdiklərinə görə dünyanı Allahın yaratdığına inanırlar.

  •   Bir çoxları isə təkamülə ona görə inanırlar ki, məktəbdə onlara belə öyrədiblər.

 Bu məqalələr silsiləsi sənə hər şeyi Allahın yaratdığına imanını möhkəmləndirməyə və onu başqalarına izah etməyə kömək edəcək. İlk növbədə, sən özünə ən əsas sualı verməlisən:

 Nəyə görə mən Allaha inanıram?

 Nəyə görə bu, vacib sualdır? Çünki Müqəddəs Kitab səni zehnini işə salmağa səsləyir (Romalılara 12:1). Bu o deməkdir ki, sənin Allaha inanmağının səbəbləri aşağıdakılar olmamalıdır:

  •  hisslər (mənə elə gəlir ki, nəsə ali bir qüvvə olmalıdır)

  •  başqalarının təsiri (mən dindar cəmiyyətdə yaşayıram)

  •  təzyiq (valideynlərim mənə uşaqlıqdan Allaha inanmalı olduğumu deyiblər. Yaxud da başqa nə isə)

 Əksinə, sən Allahın varlığına şəxsən özün əmin olmalısan və imanın üçün tutarlı əsasların olmalıdır.

 Beləliklə, Allahın varlığına şəxsən səni inandıran nədir? «Mən nəyə görə Allaha inanıram?» adlı çalışma vərəqi sənə əminliyini möhkəmləndirməyə kömək edəcək. Başqa gənclərin bu suala verdiyi cavablar da işinə yaraya bilər.

 «Dərs vaxtı müəllim insan orqanizminin funksiyalarını izah edəndə Allahın varlığına daha da əmin oluram. Orqanizmimizin hətta ən kiçik üzvünün belə öz funksiyası var və onlar çox vaxt öz funksiyalarını elə yerinə yetirir ki, heç bizim xəbərimiz olmur. İnsan orqanizmi, həqiqətən də, heyrətamizdir!» (Teresa).

 «Göydələn, kruiz gəmisi və ya maşın görəndə öz-özümdən soruşuram: “Bunu kim düzəldib?” Məsələn, götürək maşını. Maşının işləməsi üçün onun çoxsaylı kiçik hissələrini düzgün birləşdirmək lazımdır. Bunun üçün isə ağıl gərəkdir. Əgər maşını düzəldən varsa, onda insanı da yaradan kimsə olmalıdır» (Riçard).

 «Kainatda ən xırda zərrəciyin fəaliyyətini başa düşmək üçün zəkalı insanlara yüzlərlə il lazım gəldiyi halda, bu kainatı ərsəyə gətirmək üçün zəkanın lazım olmadığını düşünmək tamamilə məntiqsizdir!» (Karen).

 «Elmin dərinliklərinə daldıqca təkamül mənə məntiqsiz gəlirdi. Mən təbiətdəki riyazi dəqiqlik və insanların bənzərsizliyi haqda, məsələn, kim olduğumuzu dərk etmək, haradan gəlib hara getdiyimizi bilmək tələbatımız haqqında fikirləşirdim. Təkamülçülər hər şeyi heyvanların üstündə izah edirlər, ancaq onlar insanların nəyə görə bənzərsiz olduğunu indiyədək başa sala bilməyiblər. Fikrimcə, təkamülə inanmaq üçün insana daha çox “iman” gərəkdir, nəinki Yaradanın mövcudluğuna» (Entoni).

 Etiqadlarımı necə izah edə bilərəm?

 Əgər sinif yoldaşların gözünlə görmədiyin şeylərə inandığın üçün səni lağa qoyurlarsa, yaxud da elmin təkamülü «sübut etdiyini» deyirlərsə, onda necə?

 Əvvəla, öz etiqadlarına əmin ol. Qorxma və utanma (Romalılara 1:16). Unutma:

  1.   Allaha inanan tək sən deyilsən; hələ də Allaha inanan çoxlu insan var. Bu, savadlı, öz sahəsinin mütəxəssisi olan adamlardır. Onların arasında alimlər də az deyil.

  2.   Bəzən insanlar Allaha inanmadığını deyəndə, əslində, Onunla bağlı bəzi şeyləri başa düşmədiklərini nəzərdə tuturlar. Belə halda onlar öz etiqadlarını sübut etməyə yox, «Əgər Allah varsa, nəyə görə bu qədər əzab-əziyyətə yol verir?» kimi suallar irəli sürürlər. Artıq bu suallar elmlə yox, dinlə bağlıdır.

  3.   İnsanların «ruhani» tələbatları var (Matta 5:3). Bura Allaha iman gətirmək tələbatı da daxildir. Beləliklə, həmsöhbətin Allahın mövcudluğunu danırsa, sən yox, məhz o, belə nəticəyə necə gəldiyini izah etməlidir (Romalılara 1:18—20).

  4.   Allaha inanmaq tamamilə ağlabatandır. Bu, həyatın öz-özünə yaranmasının mümkünsüz olduğu kimi sübut olunmuş faktı təsdiqləyir. Həyatın cansız maddələrdən əmələ gəlməsinin mümkün olduğuna dair heç bir sübut yoxdur.

 Kimsə səndən Allaha imanın barədə soruşsa, ona nə cavab verərdin? Bir neçə vəziyyətə nəzər salaq.

 Kimsə deyirsə: «Ancaq savadsız insanlar Allaha inanır».

 Belə cavab verə bilərsən: «Doğrudan, bu çeynənmiş sözlərə inanırsan? Mən inanmıram. Müxtəlif sayılıb-seçilən universitetlərdə çalışan 1600-dən çox professor arasında keçirilən sorğunun nəticəsinə əsasən, onların üçdə biri nə ateist, nə də ki aqnostikdir a. Onda elə çıxır ki, bu insanların hamısı Allaha inandığı üçün savadsızdır?»

a Mənbə: İctimai Elmi Araşdırma Mərkəzi, «Universitetlərin elmi işçiləri arasında din və ruhanilik», müəllif: İleyn Hovard Ekland, 5 fevral 2007-ci il.

Kimsə deyirsə: «Əgər Allah varsa, onda niyə dünyada bu qədər əzab-əziyyət var?»

Belə cavab verə bilərsən: «Yəqin, demək istəyirsən ki, Allahın nəyə görə əzablara son qoymadığını başa düşmürsən, hə? [Cavab verməsinə izin ver.] Mən bu suala qaneedici cavab tapmışam. Ancaq bunu başa düşmək üçün bir neçə Müqəddəs Kitab təlimini araşdırmaq lazımdır. Bu haqda öyrənmək istərdin?»

Bu silsilədən olan növbəti məqalədən öyrənəcəyik ki, nəyə görə təkamül mövcudluğumuzu qaneedici tərzdə izah etməkdə acizdir.