Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Xərclərimi necə tənzimləyim?

Xərclərimi necə tənzimləyim?

 «Axır vaxtlar mağazaya elə-belə göz gəzdirməyə girib, almağı planlaşdırmadığım bahalı mallarla çıxırdım» (Kolin).

 Kolin xərclərini tənzimləməkdə çətinlik çəkdiyini etiraf edir. Səndə də vəziyyət eynidir? Elə isə bu məqalə sənə kömək edəcək.

 Xərcləri niyə tənzimləməliyəm?

 Səhv. Xərcləri tənzimləmək üçün keçirilən narahatçılıq adamın azadlığını əlindən alır.

 Doğru. Xərclərinə nəzarət etmək azadlığını məhdudlaşdırmır, əksinə artırır. Xərcləri tənzimləməklə bağlı bir kitabda yazılıb: «Pul haqqında nə qədər çox şey bilsəniz, həm indi, həm də gələcəkdə istədiyiniz şeyi almaq üçün bir o qədər pulunuz olacaq» («I’m Broke! The Money Handbook»).

 Xərclərini tənzimləsən...

  •   Ehtiyacın olanda kifayət qədər pulun olacaq. İnez adlı bir yeniyetmə deyir: «Nə vaxtsa Cənubi Amerikaya səyahət etmək istəyərdim. Bir kənara pul qoyanda bu arzumu yadıma salmağa çalışıram».

  •   Borcun az olacaq, yaxud heç olmayacaq. Müqəddəs Kitabda deyilir ki, «borc alan borc verənin» nökəridir (Məsəllər 22:7). Anna adlı bir qız deyir: «Borc insana rahat yaşamağa imkan vermir. Borcsuz olanda bütün diqqətini məqsədlərinə yönəldə bilirsən».

  •   Daha yetkin davranmış olacaqsan. Xərclərini tənzimləyən insanlar yetkinlik dövrünə daha hazırlıqlı olurlar. 20 yaşlarında bir qız deyir: «Bu, gələcəyim, müstəqil yaşayacağım vaxtlar üçün yaxşı təcrübədir. Çalışıram pulu indidən məsuliyyətlə xərcləməyi öyrənim» (Cen).

 Nəticə: «Büdcəyə nəzarət etmək müstəqil olmaq yolunda atılan ilk sağlam addımdır. Puldan səmərəli istifadə etmək bacarığınız həyatınızın qalan hissəsinin yaxşı keçməsinə kömək edəcək» («The Complete Guide to Personal Finance: For Teenagers and College Students»).

 Bunu necə edim?

 Zəifliklərini bil. Pulların pul kisəsindən axıb gedirsə, ilk növbədə onların hara yoxa çıxdığını tapmağa çalış. Bəzilərinin pulunun qənimi onlayn alış-verişdir. Digərlərinin problemi isə ayın sonu çatmamış pulun az-az xərclənib qurtarmasıdır.

 «Pullar hər gün bala-bala xərclənir. Ona-buna kiçik hədiyyələr, kafedə bir fincan qəhvə, mağazada kampaniyaya qoyulan mallar — ayın axırı 100 dolların hara getdiyinə məəttəl qalıram!» (Hali)

 Büdcə yarat. Müqəddəs Kitabda deyilir: «Çalışqanın niyyəti uğur gətirər» (Məsəllər 21:5). Büdcə yaratmaqla xərclərinin gəlirindən çox olmamasına nail ola bilərsən.

 «Əgər xərcin gəlirindən çoxdursa, pulu nəyə xərclədiyini və ehtiyac duymadığın şeyləri müəyyən et. Xərclərin qazancına bərabər olana qədər xərc siyahını azalt» (Daniela).

 Maraqlan. Pula nəzarət etməyin və lüzumsuz xərclərdən qaçmağın bir neçə yolu var. Bəzi gənclər bunun səmərəli üsullarını tapıblar. Gəl bəzilərini nəzərdən keçirək.

  •  «Adətən, pullarımı bankda saxlayıram. Çünki pulum bankda olanda daha az xərcləyirəm» (David).

  •  «Mağazaya gedəndə üstümdə lazım olan qədər pul götürürəm. Beləcə nəzərdə tutduğumdan artıq xərcləmək imkanım olmur» (Elen).

  •  «Nə isə almamışdan əvvəl yaxşıca götür-qoy edərək, buna həqiqətən ehtiyacım olub-olmadığını müəyyən edə bilirəm» (Cesi).

  •  «Hər tədbirə getmək məcburiyyətində deyiləm! Getməyin bir mənası yoxdursa, ən yaxşısı “yox” deməkdir» (Cenifer).

 Nəticə: «Büdcəyə nəzarət etmək məsuliyyətli işdir. yuxarıda bəhs etdiyimiz Kolin gəldiyi nəticə ilə bölüşür: «Gələcəkdə yaxşı ailə başçısı olmağı düşünürəmsə, bədxərclik etməməliyəm! İndi subay olaraq pulu düzgün xərcləyə bilmirəmsə, gələcəkdə ailə quranda da çətinliklərim olacaq».

Məsləhət: «Büdcə yaratmaqla bağlı fikrini kiminləsə bölüş və xahiş et ki, bu plana uyğun davranıb-davranmadığınla tez-tez maraqlansın. Məsuliyyət hiss etmək adama kömək edir!» (Vanessa)